Məhkəmə qərarları › İş №2(103)-10363/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10363/2021

07.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10363/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2920/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli, Y-188 saylı “hərracın yekunları üzrə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına reyestrdə qeydiyyata alınmış Bakı şəhəri, Suraxanı rayonu, qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası 1-ci döngə, ev 52, 0,0258 ha torpaq sahəsi ilə birlikdə ünvandda yerləşən fərdi yaşayış evinə dair mülkiyyətdən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2920/2021 saylı, 17 iyul 2021 -ci il tarixli qərardadı ilə mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracın iddiaçıdan gizli keçirilməsi və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozulması əsasları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia tələbləri üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(010)-2920/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.4-cü maddələrinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddəsinin əvvəlki redaksiyasına əsasən iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərə görə 20 manat dövlət rüsumu ödənilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Çünki onun tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 5 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinin tələblərinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu səbəblərə görə kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2920/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar