Məhkəmə qərarları › İş №2(103)-1037/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1037/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1037/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər X11, X14 və X12 qarşı iş üzrə (Açar sözlər: ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdeh X9, Cavabdeh X5 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X11, X14 və X12 qarşı (X26 və BP Eksploreyşn (Azərbaycan) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1852/2024 nömrəli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinə (faydalanan şəxs-Atilla Trans and Services A MMC) xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın və partlayış nəticəsində dəymiş zərər məbləği – 6.330 manat, sığorta ödənişi 6.230 manat müəyyən edilmişdir. Sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X2 təqdim etdiyi hesaba köçürülür. Sığortalı tərəfindən 100 manat azadolma ödəniləcək.

2. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən **-LH-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı nəqliyyat vasitəsinə (faydalanan şəxs - X26) xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın və partlayış nəticəsində dəymiş zərər məbləği - 2015 manat, sığorta ödənişi – 1.235 manat müəyyən edilmişdir. Sığorta ödənişinin 780 manatı cinayət işi üzrə ödənildiyindən 1.235 sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba köçürülür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1384/2022 nömrəli hökmü ilə X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü X18 və X10 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ekspert rəyinə əsasən “Honda Accord” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ümumilikdə 1.870 manat, H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.670 manat müəyyən edilmişdir.

5. X26 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Notarial təsdiq olunmuş ərizəsinə əsasən **-LH-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobilinə dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxlərlə barışmışdır. Hər hansı bir tələbi və mülki iddiası olmayacaqdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC cavabdehlər X7, X10, X12 qarşı "ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X11, X14 və X8 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 8.245 manat məbləğində vəsaitin, 102 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi ilə Natəvan döngəsinin kəsişməsində yerləşən “The Location” klubunda qaz partlayışı nəticəsində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** LH *** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı və H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtonəqliyyat vasitələrinə zərər dəymişdir. Hadisə üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(101)- 1384/2022 saylı hökmünə əsasən X11, X14 və X18 təqsirli bilinmişlər. Sığortalı ** LH *** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı və H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən(lər) müraciət etmişlər. Sığortalı ** LH *** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı və H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtonəqliyyat vasitələrinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”lara əsasən ** LH *** dövlət qeydiyyat işanlı “Honda Accord” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2.015 manat H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər isə 6.330 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 780 manat zərər məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X15 hesabına, xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 780 zərər məbləği CM-1023/2022 saylı iş üzrə ödənildiyindən 1.235 sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba və xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 6.230 manat zərər məbləğindən sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X2 təqdim etdiyi hesaba (100,00 manat azadolma ödənilib) köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ümumilikdə 8.245 manat məbləğində sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir.

8. Cavabdeh X14 iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, cinayət işində qeyd edilən partlayış hadisəsi 2021-ci ilin aprelin ayının 5-dən 6-na keçən gecə baş vermişdir. Həmin hadisə nəticəsində 4 nəfər həyatını itirmiş, 44 nəfər ağır xəsarət almış, 17 nəqliyyat vasitəsi və 4 dənə daşınmaz əmlaka ziyan dəymişdir. Həmin cinayət işi bağlı aparalın istintaqlarda-ibtidai və cinayət istintaqlarında iştirak etmiş, Səfərli Orxanın müdafiəçisi olmuşdur. Həmin dövrdə bütün zərərçəkmiş şəxslərlə danışıqlar aparmışdılar. Bu danışıqlar nəticəsində isə razılıq əldə etmişdilər. İddia tələbindən ona aydın olan o oldu ki, ondan 2 avtomobilə dəymiş maddi ziyan tələb olunur. Bu avtomobillərdən biri X16 məxsus “Honda Accord” markalı olan avtomobildir. Həmin avtomobilə ümumi 1.870 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işindəki ekspert rəyində də bu qeyd olunmuşdur. 1.870 manat dəyərindəki maddi ziyan X16 ödənilmişdir. Həmin ərizə və qəbzi cinayət işinin materiallarına əlavə etmişdir. X1 dəymiş maddi ziyanın ona ödəndiyini təsdiq edir və heç bir şikayəti olmadığını qeyd edir. X13 bu razılaşmadan sonra sığorta şirkətinə müraciət etməsi, maşını təmir etməsi və s. kimi başqa hallar haqqında məlumatı yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1384/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə də ərizənin olduğu, X13 da dəymiş maddi zərərin ödəndiyini dediyi qeyd edilmişdir. Həmin hökmü də elektron məhkəmə sisteminə əlavə etmişdir. İkinci avtomobillə bağlı 6.330 manat dəyərində pul vəsaiti onlardan tələb olunur. Cinayət işinə əlavə edilmiş ekspert rəyində isə dəymiş ziyanın 1.670 manat dəyərində olduğu qeyd olunub. Onlar dəymiş maddi ziyanı ödəmək məqsədilə avtomobilin aid olduğu şirkətə müraciət etdilər. Şirkət isə onlara şikayət ərizəsi daxil olduğunu, daha sonra həmin ərizənin məhkəməyə göndərildiyi və məhkəmədə də ərizənin geri çəkildiyini bildirdi. xx.xx.2022-ci il tarixli hökmdə də dəymiş maddi ziyanın 1.670 manat məbləğində olduğu qeyd edilmişdir. Buna görə də qarşı tərəfin 6.330 manat dəyərində pul vəsaiti onlardan tələb etməsini əsassız hesab edirlər. Avtomobillərin baxışında ekspertlərlə birlikdə istintaq qrupu da iştirak edib. Avtomobillərin ziyan dəymiş hissələrinin foto-şəkilləri də çəkilmiş, kompleks ekspertizalar təyin edilmişdir. X19rşı qaldırılması ilə də razı deyillər. Orxan Səfərli hüquqi şəxsin təsiscisidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci maddəsində qeyd edilb ki, təsisci hüquqi şəxsin,hüquqi şəxsdə təsiscinin öhdəliklərinə görə cavabdeh deyildir. Məkanı hüquqi şəxs icarəyə götürmüşdür. Buna görə də cavabdeh qismində hüquqi şəxs cəlb edilməli idi. Buna bənzər başqa bir iş də olmuşdur. Həmin iddiaya Yasamal Rayon Məhkəməsində baxılmışdır. Səfərli Orxan cavabdeh qisimdə idi.Həmin əsaslarla iddia tələbi rədd edilmişdir.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X26 və BP Eksploreyşn (Azərbaycan) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5981 nömrəli rəyinə əsasən, 2013-cü il buraxılışlı “Mitsubishi Pajero" markalı, H-027-353 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5.367,63 manat müəyyən edir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2.167,63 manat; Təmir- bərpa işlərinin qiyməti – 3.200,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışlı “Honda Accord” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir - bərpa xərcinin 780,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: - təmir işlərinin dəyəri - 780.00 manat.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1852/2024 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia qismən təmin edilmiş, cavabdehlər X11, X14 və X8 müştərək qaydada 5.367,63 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 73,67 manat hissəsinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlər X11, X14 və X8 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər X11, X14 və X9 təqsirli olmaları qanuni qüvvəyə minmiş məhkəmə hökmü nəzərə alınmaqla, məhkəmə tərəfindən mübahisələdirilmir.

14. Məhkəmə “Honda Accord” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar faydalanan şəxsə (X22) ödənilmiş sığorta ödənişi ilə əlaqədar qeyd etmişdir ki, ********* saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli, 3/441- 6/1922-9/2414 -10/21xx-xx/2196 saylı ekspert rəyinə əsasən Honda Accord markalı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə, 1.870 manat müəyyən edilmişdir. X13 xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizəsindən göründüyü kimi, E.Yusif təqsirləndirilən şəxslərlə barışmış, zərərin ödənildiyindən tələb və mülki iddiasının olmayacağını bildirmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən “Honda Accord markalı avtomobilə zərər məbləği - 2015 manat müəyyən edilmiş, 780 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X20 ödənilmiş (xx.xx.2022-cii il tarixli təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur), 1.235 manat sığorta ödənişi faydalanan şəxs Elşad Yusifova köçürülmüşdür (iş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur). Göründüyü kimi, X26 cavabdehlərdən 1.870 manat məbləğində pul qəbul etməsindən əlavə olaraq, eyni tarixdə Sığortaçıdan 1.235 manat məbləğində sığorta ödənişi alaraq, əsassız varlanmışdır.

15. Odur ki, iddiaçıya sığortalı X13 əsassız olaraq varlanmış olduğu 2.015 manat (780 manat avtomobilin təmiri üçün ödənilmiş məbləğ və 1.235 manat sığorta ödənişi olmaqla) məbləğində pulun tutulması tələbinə dair iddia qaldırmaq hüququ izah olunmalı, hazırki iddia tələbi həmin hissədə rədd edilməlidir.

16. Məhkəmə Mitsubishi Pajero markalı, H 027 353 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar faydalanan şəxsə ödənilmiş 6.230 manat sığorta ödənişi ilə əlaqədar qeyd etmişdir ki, ********* saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli, 3/441- 6/1922-9/2414 -10/21xx-xx/2196 saylı ekspert rəyinə H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilə dəymiş zərərin məbləği 1.670 manat müəyyən edilmişdir. "xxxx" ASC-nın xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş Yanğın və partlayış nəticəsində H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilinə dəymiş zərərin məbləği – 6.330 manat, sığorta ödənişi 6.230 manat müəyyən edilmişdir. Müvafiq avtomobilə dəymiş zərərlə bağlı müəyyən edilmiş məbləğlə əlaqədar ziddiyyəti aradan qaldırmaq üçün mülki işin məhkəmə gedişatında məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5981 saylı ekspert rəyi ilə müəyyən edimişdir ki, “Mitsubishi Pajero" markalı, H-027-353 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər hadisə baş verən tarixə təmir-bərpa xərci, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5.367,63 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehlər baş vermiş sığorta hadisəsində təqsirli olduqlarından və iddiaçı “Mitsubishi Pajero” markalı H 027 353 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə ilə əlaqəli sığorta ödənişini zərərçəkənə ödədiyindən cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər X11, X14 və X8 müştərək qaydada 5.367,63 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 73,67 manat hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 935.1.7, 936.1, 936.2, 1096.1, 1096.2, 1108.1, 1115-ci maddələrinə, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh X14 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia üzrə maddi zərərin əsası olan hadisə - partlayış “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermişdir. “The Location” adlı gecə klubu isə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüşdür. Bu səbəbdən cavabdeh qismində X14 deyil, "xxxx" MMC göstərilməli, qətnamə qəbul edirləkən iddia üzrə tutulma X3 deyil, "xxxx" MMC-dən tutulmalı idi. Qanunvericiliyə əsasən, təsisçi MMC-in öhdəlikləri üçün yalnız qoyduğu mayanın dəyəri həddində məsuliyyət daşıyır, təsisçi cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün öz əmlakı ilə cavabdeh hesab edilə bilməz. Bundan başqa, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/441-6/1922-9/2414 - 10/21xx-xx/2196 saylı ekspert rəyidir ki, bu rəyə əsasən “Honda Accord” markalı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 1.870 manat müəyyən edilmiş, H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilə dəymiş zərərin məbləği 1.670 manat müəyyən edilmişdir. Mülki iş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5981 saylı ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Mitsubishi Pajero" markalı, H-027-353 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmirbərpa xərci, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5.367,63 manat müəyyən edir. MPM-in 97.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Məhkəməyə ekspertiza keçirilən zaman cinayət işi üzrə keçirilmiş və hökmdə qeyd edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/441-6/1922- 9/2414 - 10/21xx-xx/2196 saylı ekspert rəyinin bu iş aid olan “Honda Akkord” və “Mitsubishi Pajero” markalı nəqliyyat vasitələrinin qiyməti ilə bağlı hissədə rəyin nəzərə alınmasına dair vəsatətinə məhkəmə heç bir münasibət bildirməmişdir. Vəsatətdə də bildirilmişdir ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/441-6/1922- 9/2414 -10/2161- 10/219 ekspert rəyi və "xxxx" ASC-nin ödədiyi sığorta ödənişi arasında ziddiyyət var və bu hal aydınlaşdırılmalıdır. Bunun üçün də məhkəmənin məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirməsi zərurəti yaranmışdır. Lakin göstərilən əsaslar təqdim edilsə də, məhkəmə tərəfindən buna qiymət verilməmişdir. X14 barəsində ********* saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli, 3/441-6/1922-9/2414 -10/21xx-xx/2196 saylı ekspert rəyinə əsaslanan hökm çıxarılmışdır. Lakin məhkəmə öz qətnaməsində X14 barəsində hökm çıxarılması faktını gözardı etmiş, təqdim olunmuş ekspert rəyinə hansı səbəbdən istinad etmədiyini qətnaməsində əsaslandırmamışdır. Məhkəmə mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-186/2023 saylı, xx.xx.2023cü il tarixli qərarını mülki iş üzrə preyudisial əhəmiyyət malik olduğu halda həmin hökmə və qərara istinad etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh O.M.Səfərlinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X18 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədəm saxlanılmasını xahiş etdi.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada pul tutulduğundan, apellyasiya şikayətində qətnamə cavabdeh X14 tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

30. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bunlar isə mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslardır.

31. İşdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə “The Location” klubunda baş vermiş qaz partlayışı nəticəsində "xxxx" ASC-da tam sığorta növündə sığortalanmış H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsinə də zərər dəymişdir.

32. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1384/2022 nömrəli hökmü ilə X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə; X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə; X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdirlər.

33. Qeyd olunan cinayət işi üzrə əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən H 027 353 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.670 manat müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə ittiham irəli sürülərkən onlar tərəfindən hüquqazidd əməlin törədilməsi nəticəsində dəymiş zərərin məbləği nəzərə alınmış, məhkəmə tərəfindən həmin zərərin məbləği də nəzərə alınaraq müvafiq hökm çıxarılmışdır. İddiaçı tərəfindən həmin məbləğdən artıq sığorta ödənişinin edilməsinə görə cavabdehlərin üzərinə məsuliyyət qoyula bilməz.

35. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sözügedən nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği artıq müəyyən edildiyi təqdirdə, hazırki iş üzrə yenidən ekspertizanın keçirilməsinə zərurət olmamışdır.

36. O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının digər nəqliyyat vasitəsi ilə bağlı iddia tələbini rədd edərkən yuxarıda istinad olunan cinayət işi üzrə əldə olunmuş ekspert rəyinə istinad etmiş, lakin “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinə münasibətdə rəyi nəzərə almamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin MMC-yə yönəldilməli olması dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq pozuntususunun cavabdehlər tərəfindən törədildiyi qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə müəyyən edildiyindən iddiaçı haqlı olaraq tələbini cavabdehlərə qarşı yönəltmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1852/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, cavabdehlər X11, X14 və X8 müştərək qaydada 1.670 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

39. Kollegiya qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan ondan kassasiya şikayəti verilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1852/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər X11, X14 və X8 müştərək qaydada 1.670 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 22 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğin 25 manatı iddiaçı "xxxx" ASC-dən, 25 manatı isə cavabdehlər X11, X14 və X8 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar