Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10380/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-249/2021 nömrəli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmanətin sığortalanmış hesab edilməsi və həmin əmanət üzrə 18000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ləğv prosesində olan "xxxx" ASCnin “Universal” filialı ilə ididaçı İddiaçı arasında bağlanan 28.01.2014-ci il tarixli, ******* nömrəli “Standart” əmanət hesabı haqqında müqaviləyə əsasən həmin filialda 12 ay müddətinə, illik 10% dərəcəsi ilə 18.000 (on səkkiz min) manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilən vaxtda yuxarıdakı şərtlərlə olan əmanət qorunan əmanətlər siyahısına aid idi. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qəbul edilmiş qərara görə 19 may 2014-cü il tarixindən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-dək endirilmişdir. Lakin iddiaçı ilə bağlanmış müqavilənin müddəti 28 yanvar 2015-ci il tarixində bitdiyi üçün bütün qüvvədə olan illik 10% dərəcəsi ilə yerləşdirilmiş əmanətlər kimi bu müqavilə də qüvvədə olma müddətinin sonuna qədər sığortalanmış hesab edilirdi. Qeyd edilən əmanət müqaviləsinin müddəti bitdikdən sonra iddiaçıya bu barədə heç bir şifahi və yaazılı məlumat verilməmişdir. Bu halda isə iddiaçı öz hüquqlarından doğru istifadə edə bilmək imkanından əhəmiyyətli dərəcədə məhrum olmuş və nəticədə əmanəti bankda qalmağa davam etmişdir. Nəticə etibarı ilə müqavilə müddəti bitdikdən sonra yəni, 28 yanvar 2015- ci il tarixindən sonra Himayəçilik Şurasının yuxanda qeyd edilən qərarına əsasən illik 10% dərəcəsi artıq qorunan əmanət hesab edilmirdi. Lakin əmanətçi bankın hərəkətsizliyi nəticəsində əmanətinin artıq qorunan əmanət statusundan çıxdığından məlumatı olmamışdır. Belə ki, Mərkəzi Bank tərəfindən banklara verilmiş yazılı göstərişə əsasən banklar tərtib etdikləri əmanət müqavilələrində mütləq əmanətlərin sığortalanması ilə bağlı münasibətlərə, o cümlədən hansı əmanətlərin qorunan əmanət hesab edilməsi və sığorta hadisəsi baş verdikdə hansı qaydada hərəkət etmələri barədə maddə yerləşdirilməli idi. Lakin tərəflər arasında bağlanmış müqavilədə əmanətlərin sığortalanması barədə yuxarıda sadalanan kriteriyalara uyğun gələn maddəyə rast gəlinmir. Bu da iddiaçını həmin göstərişin mahiyyəti olan əmanətçini maarifləndirmək və onu mümkün risklər barədə məlumatlı olmaq imkanından məhrum etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-249/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı "xxxx" ASC ilə bağladığı 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləğinin qorunan əmanət hesab edilməsi, əmanət üzrə kompensasiya olaraq 18.000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 18.030 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-249/2021 saylı iş üzrə 13.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərdən yalnız iddiaçının tədqim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. İddiaçı X5 ilə "xxxx" ASC arasında 28.01,2014-cü il tarixində ******* saylı əmanət müqaviləsi bağlanmışdır. Sözügedən əmanət müqaviləsinə əsasən iddiaçı 18 000 manat məbləğində pul vəsaitini 12 aylıq illik 10 faiz olmaq şərtilə banka yerləşdirmişdir. Bundan sonra iddiaçı X5 15.05.2014-cü il tarixində Texnikabank" ASC-yə müraciət edərək banka yerləşdirdiyi 18.000 manat məbləğində əmanətin müqavilə müddəti bitməmiş ona geri qaytarılmasını xahiş etmişdir. Bank isə öz növbəsində 15.05.2014-cü il tarixində əmanətçiyə əmanət müqaviləsi üzrə məbləği tam olaraq geri təqdim etmişdir. Qeyd edilən halın doğruluğunu isə 15.05.2014-cü il tarixli kassa məxaric orderinin əslləri göstərir. Mülki iş üzrə məhkəmə baxışı zamanı 03.05.2021-ci il tarixli müşayiətedici məktubla sözügedən kassa məxaric orderi və şəxsin iradə ifadəsi olan ərizə tərəflərindən məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilmiş sübutların şübhə doğurduğunu bildirən iddiaçı tərəfin vəsatəti ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilmiş 15.05.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizədə və 15.05.2014-cü il tarixli məxaric orderində “Müştərinin imzası qrafalarındakı imzalar- X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Məhkəmə isə öz növbəsində yalnız ekspertizanın müvafiq rəyinə əsasən iddia tələbini təmin etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.20216-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas prosedurana başlanılmışdır. Həmin Məhkəmənin 13.04.2016-cı il tarixli, 2-1(81)- 1541 /2016 saylı qərarı ilə Texnikabank” ASC-yə ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Eyni zamanda qeyd edirlər ki, əmanət müqaviləsinin imza qrafasındakı imza ilə bankdan pul vəsaitinin çıxarılmasını təsdiq edən kassa məxaric orderi və şəxsin iradə ifadəsinin özündə əks etdirən ərizənin imza qrafalarına baxdıqda gözlə görünən haldırki hər üç imza İddiaçı tərəfindən icra edilib. Məhkəmə isə bu halı belə nəzərə almamış icradan təkrar ekspertizanın təyin edilməsinə dair müvafiq qərarı qəbul etməmişdir. Bütün bunlardan əlava iddia predmeti üzrə şübhə doğuran hal ondan ibarətdir ki, bankın müflis elan edilməsinə dair qərar qəbul edildikən təxminən 4 ildən artıq müddət sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, əmanətçinin əmanəti qorunan əmanət statusunda olmuş və əgər iddiaçı əmanət müqaviləsi üzrə məbləği qəbul etməmişdirsə qanunla müəyyən edilmiş qaydada bankın müflis elan edildiyi tarixdən bir il müddətində kompensasiya ödənişinin əldə edilməsi üçün ərizə ilə müraciət etmək hüququ vardır lakin bu halı özündə əks etdirən hər-hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləöv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqavilədən görünür ki, bank əmanətçidən daxil olmuş 18.000 manat məbləğində pul vəsaitini qəbul etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər (illik 10% dərəcəsi ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən əmanət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığortalanır. İş materiallarında olan Nağd pul verilməsi üçün 15.05.2014-cü il tarixli ərizədən görünür ki, İddiaçı adından "xxxx" ASC-nin Universal Filialına ərizə ilə müraciət olunaraq **********2223100753 nömrəli hesabdan 18.000 AZN məbləğdə nağd vəsaitin verilməsi xahiş edilmişdir. İş materiallarında olan 15.05.2014-cü il tarixli məxaric orderindən görünür ki, İddiaçı adından imzalanmaqla "xxxx" ASC-nin 18.000 AZN məbləğində pul götürülmüşdür. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən 21 saylı vəkil Bürosuna ünvanlanmış 28.01.2020- ci il tarixli məktubdan görünür ki, X1 əmanəti barədə vəkil sorğusuna ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Sorğuya əsasən bildirilir ki, İddiaçı əmanəti 15.05.2014-cü il tarixində məxaric olunmuş və hal hazırda heç bir vəsait mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 15.05.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizədə və 15.05.2014-cü il tarixli məxaric orderində “Müştərinin imzası”qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. İş materiallarında olan Ödəniş qəbzindən (№ 6********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 28.01.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 10%-lə qoyulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X10 qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, bank tərəfindən hər hansı əməliyyatın keçirilməsinə moratorium tətbiq edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 04.02.2016-cı il tarixi "xxxx" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunmuşdur. Hazırda iddiaçı “Əmanətlərin Sığortalanması haqqında” Qanunun müvafiq maddələrinə, həmçinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qəbul edilmiş qərarlara istinad edərək məhkəmədən tərəf olduğu əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş məbləğin sığortalanmış əmanət hesab edilməsi və əmanət üzrə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəməyə 15.05.2014-cü il tarixli məxaric orderini təqdim edərək, 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən LPO "xxxx" ASC-yə yerləşdirilmiş əmanət məbləğinin iddiaçı tərəfindən məxaric edilməsini göstərməklə Əmanətlərin Sığortalanması Fondunun iddiaçı qarşısında icra edilməmiş öhdəliyin qalmadığına əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz növbəsində mübahisə predmeti olan əmanət məbləğinin ona ödənildiyini təkzib edərək, məxaric orderinin onun tərəfindən imzalanmadığını bildirmişdir. Tərəflərin istinad etdikləri halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 15.05.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizədə və 15.05.2014-cü il tarixli məxaric orderində “Müştərinin imzası” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. 28.01.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət üzrə kompensasiyanın ödənilmədiyini müəyyən edərək məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə baxılmasına davam etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 4.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X4 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16 sentyabr 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X4 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 avqust 2013-cü il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X4 növbədənkənar iclasında qəbul olunmuş 16 sentyabr 2016-cı il tarixli qərarda həmin tarixə kimi üzv banklar tərəfindən bankın əməliyyat sisteminə qorunan əmanət kimi illik 15 faiz dərəcəsi həddində daxil edilmiş əmanətlərin qorunan əmanət hesab olunması, bununla da bu cür əmanət üzrə kompensasiyanın ödənilməsinin mümkünlüyü öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında 28.01.2014-cü il tarixdə bağlanmış “Standart əmanət (depozit) hesabı haqqında” müqavilədən göründüyü kimi bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) illik 10 faiz dərəcəsi ilə qorunan əmanət kimi qəbul etmiş, bu əmanət X4 qərarlarında əmanət üzrə faiz dərəcələrinin dəyişdirilməsinə baxmayaraq öz “qorunan əmanət” statusunu saxlamışdır. Beləliklə, 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X4 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə "xxxx" ASC-nin 04.02.2016-cı il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28.01.2014-cü il tarixli “Bank Əmanəti” müqaviləsinə əsasən milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsi 10% müəyyən olunduğu, yuxarıda göstərilən qərara əsasən qeyd edilən əmanət məbləğinin sığortalandığını nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər tutarlı sübutlarla təsdiqini tapmamışdır.Belə ki, hazırda iddiaçı “Əmanətlərin Sığortalanması haqqında” Qanunun müvafiq maddələrinə, həmçinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qəbul edilmiş qərarlara istinad edərək məhkəmədən tərəf olduğu əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş məbləğin sığortalanmış əmanət hesab edilməsi və əmanət üzrə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə məhkəməyə 15.05.2014-cü il tarixli məxaric orderini təqdim edərək, 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən LPO "xxxx" ASC-yə yerləşdirilmiş əmanət məbləğinin iddiaçı tərəfindən məxaric edilməsini göstərməklə Əmanətlərin Sığortalanması Fondunun iddiaçı qarşısında icra edilməmiş öhdəliyin qalmadığına əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.İddiaçı öz növbəsində mübahisə predmeti olan əmanət məbləğinin ona ödənildiyini təkzib edərək, məxaric orderinin onun tərəfindən imzalanmadığını bildirmişdir.Tərəflərin istinad etdikləri halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 15.05.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizədə və 15.05.2014-cü il tarixli məxaric orderində “Müştərinin imzası” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Bununla belə, cavabdeh apellyasiya şikayətində məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspert rəyinə istinad etməsi ilə razılaşmadığını göstərmiş, lakin həmin Rəyi şübhə altına alan tutarlı dəlillər irəli sürməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə alaraq haqlı olaraq iş üzrə xüsusi qərardad da qəbul etmişdir. Apellyasiya şikayətinin digər bir dəlili-sığorta hadisəsi baş verdikdən sonra dörd ilə yaxın müddət keçdikdən sonra iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi ilə bağlıdır.Həmin dəlillərlə bağlı Kollegiya qeyd etməyi mühüm hesab edir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun aşağıdakı maddələrinə görə: 28.1. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X9 tərəfindən müəyyən edilir. 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. 28.5. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X4 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Lakin nə birinci instansiya, nə də apellyasiya baxışı zamanı Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.1. maddəsinə uyğun olaraq kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verilməsi və bildiriş dərc etdilməsi ilə bağlı tələblərə əməl edilməsinə dair sübutlar təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-249/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10380/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10380/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver