Məhkəmə qərarları › İş №2(103)-10384/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10384/2021

14.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10384/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı «payların naturada ayrılması» tələbinə dair 2(006)- 868/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21 dekabr 2011-ci il tarixdə **********50-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138,6 kv.metr olan qeyri-yaşayış binasında onun payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 ərizə verərək, həmin qeyri yaşayış sahəsindəki paylı mülkiyyətini bağışlama yolu ilə X5 xeyrinə özgəninkiləşdirdiyini, hazırda Nazilə Yolçiyevanın paylı mülkiyyətçi olduğunu bildirmiş və onun əsl iddiaçı X7 ilə əvəz edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı X7 əsl iddiaçı X7 ilə əvəz edilmişdir. Bundan sonra iddiaçı X9 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138,6 m2 olan qeyri-yaşayış binasında X5 69,3 m2 olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138,6 m2 olan qeyri yaşayış binasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. 21 dekabr 2011-ci il tarixdə **********50-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən qeyri-yaşayış binasının ½ hissəsinə X2 1/2 hissəsinə, digər hissəsinə isə Əzizov Həbib Arif oğlunun payı rəsmiləşdirməklə paylı mülkiyyət qeydiyyata alınmışdır. 21 yanvar 2019-cu il tarixində Əzizov Həbib Arif oğlu vəfat etmişdir. 27 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Əzizov Həbib Arif oğlunun vərəsəsi Cavabdeh müəyyən olunmuş və onun miras əmlakdan 1/1 hissədə pay almaq hüququ vardır. Şəhadətnamə verilən miras əmlak Dövlət Əmlakın İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən 20 noyabr 2003-cü il tarixdə Əzizov Həbib Arif oğluna verilmiş 001666 qeydəalma nömrəsi ilə 3 nömrəli kitabın 39-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından ibarətdir. Göründüyü kimi, həmin qeyri-yaşayış binasının mülkiyyətçisi hazırki iş üzrə Cavabdehdır. Paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi barədə cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də hesab edir ki, qeyri-yaşayış binası paylarına uyğun naturada məhkəmə qaydasında ayrılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.03.2021-ci il tarixli, 2(103)- 3927/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və mülki iş onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)- 868/2020 saylı qərardadı ilə iddiaçı X6 Cavabdeh qarşı «payların naturada ayrılması» tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qərardaddan şikayət vermiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli 2(006)-868/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli 2(103)- 8626/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(006)-868/2021 saylı qərardadı ləğv olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli 2(006)-868/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun olduğu müəyyən edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138.6 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0,0161 kv.m torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) paylı mülkiyyətdə olmaqla 1/2 hissə (69.3 kv.m) Əzizov Həbib Arif oğlunun, 1/2 hissə (69.3 kv.m) X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların mülkiyyətindədir. Qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman məlum olmuşdur ki, obyektdə yenidənqurma işləri aparılmışdır. Belə ki, bina genişləndirilmiş, faktiki olaraq iki hissəyə bölünmüş və ayrı-ayrı girişlər açılmışdır. Qeyriyaşayış binasının əlavə sahələrlə birlikdə sahəsi faktiki olaraq 350 kv.m, iddiaçıya məxsus sahə isə 195.0 kv.m ləşkil edir. Qeyri-yaşayış binasında inşa edilmiş əlavə sahələrə dair və aparılmış yenidənqurma işləri (rekonstruksiya) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) və notarial qaydada təsdiq edilmiş bölgü sxemi İdarəyə təqdim edilməmişdir. Ekspert rəyində mövcud vəziyyət əks etdirilməmiş, arayış yetərincə əsaslandırılmamışdır. Bu səbəbdən təkrar ekspertizanın keçirilməsinə ehtiyac yaranmışdır. Qeyd olunan hallar məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilməsə də, icra vərəqəsi icra üçün İdarəyə göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan İdarənin müvafiq qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının 69,3 m2 olan hissəsi 21.12.2011-ci il tarixdə İddiaçı adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının 64,56 kv.metr sahəsi Cavabdeh adına 21.08.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138,60 kv.metr qeyriyaşayış binasının ½ hissəsi (69,3 kv.m) X5 adına 14.07.2020-ci il tarixdə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(005)- 678/2017 saylı qərardadı ilə iddiaçı Əzizov Həbib Arif oğlunun cavabdehlər X8 və X3 qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair ilk iddia ərizəsi, X2 Əzizov Həbib Arif oğluna qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıların iddiadan imtinaları qəbul olunmuş, iddiaçı Əzizov Həbib Arif oğlunun cavabdehlər X8 və X3 qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair ilk iddia ərizəsi, X2 Əzizov Həbib Arif oğluna qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2014-cü il tarixli qərarı ilə iddiaçı Əzizov Həbib Arif oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli 2(103)- 6418/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2006-cı il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 138,6 m2 olan 98 saylı ərzaq mağazası tərəflər arasında bərabər surətdə bölünərək 1/2 hissəsi - 69,3 m2 sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüququ tanınmaqla onun mülkiyyətinə verilmiş, qalan 1/2 hissəsi - 69,3 m2 sahəsi isə cavabdeh Əzizov Həbib Arif oğlunun mülkiyyətində saxlanılmış, tərəflərə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi reyestrdən keçirilməklə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2020-ci il tarixli, 30586 saylı arayışına əsasən ünvan 3 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 138,6 m2 olan qeyri-yaşayış sahəsinin iki hissəyə bölündüyü və mübahisəli qeyri-yaşayış sahəsinin planlı yerləşməsi, əsas və yardımçı tikililər ilə təmin olunması, tikililərin faktiki sahəsi tərəflərin hər birinin 1/2 paylarına düşən 69,3 m2 sahədən artıq olduğunu nəzərə alaraq qeyri-yaşayış sahəsinin bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.9 bəndələrinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 saylı mənzili iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir, hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsinin real bölgüsünün aparılmasını tələb edir, ekspert rəyinə əsasən həmin sahənin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinin tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(006)- 868/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar