Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-104/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhərman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X10, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən həmin iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N0595736 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən 30.03.2017-ci il tarixli çıxarış ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri bir neçə dəfə dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, çünki o, mənzilin satılması ilə bağlı heç bir yerdə elan verməyib, bu barədə maklerə tapşırıq da verməyib, saxta etibarnamə ilə o əmlakından məhrum olub, həmin etibarnamədəki imzanın ona məxsus olmaması ekspert rəyləri ilə təsdiq olunub. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İkinci iş üzrə: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X11 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş 16.02.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizmai RPİ-nin İŞ-nin X2 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspert rəyinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş 16.02.2017-ci il tarixli etibarnamə etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuzdur, belə ki, iddiaçı 1927-ci il təvəllüddür, hesab edir ki, onun ahıl olması imzaların fərqli olmasına təsir edə bilər. Məhkəmə tərəfindən etibarnamədəki imza və həmin imza yoxlanılmalı idi. Digər tərəfdən alqı-satqıda iddiaçının oğlu onu təmsil etmişdir, bu da ona əsas verir ki, iddiaçının da alqı-satqıdan məlumatı olub. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisi və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki işin onunla əlaqəli olan İddiaçı cavabdehlər Cavabdeh3 oğlu və Cavabdeh1 qarşı “etibarnamələrin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmış və birləşdirilmiş işə 2(103)-484/2021 nömrəsi verilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Bildirdi ki, onun mülkiyyətindən qanunsuz və əsassız olaraq məhrum ediblər, onun mənzilini satmaq kimi niyyəti olmayıb, onun mənzilinin ələ keçirilməsi üçün etibarnamə saxtalaşdırılıb, həmin etibarnamə əsasında mənzilin alqı-satqısına dair müqavilə də etibarsız hesab edilməlidir, 70.000-80.000 manat qiyməti olan mənzilin guya 30.000 manata satılması da onu təsdiq edir ki, həmin müqavilə etibarsızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi H.Məmmədov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, məhkəməyə qədər onlar cavabdehlərin cinayət xarakterli hərəkətlərindən müxtəlif dövlət orqanlarına, eləcə də polis və prokurorluğa çoxsaylı şikayətlər vermiş, nəhayət ki, onların şikayətləri nəticələr vermiş, onları aldadaraq pullarını və mənzillərini ələ keçirmiş şəxslər barəsində cinayət işi başlanılmış, onlar da həmin iş üzrə zərərçəkmiş kimi tanınmışlar. Belə ki, X2 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin 30.07.2021-ci il tarixli qərarı, X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə 26.07.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin 20.11.2021-ci il tarixli qərarları qəbul edilib. Onların mənzili satmaq niyyəti olmayıb, o, özünün işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın onu işə düzəlmək üçün 60.000 manat pul lazım olduğunu onlara bildirməsi nəticəsində, ona təcili pul lazım olmuş, müxtəlif şəxslərdən, eləcə də cavadeh Cavabdeh1 onlara borc pul verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar, lakin onları aldatmaqla cavabdehlər saxta sənədlər tərtib edərək yalan müqavilə bağlamaqla onların mənzilini ələ keçirmişlər, onların evin satılması barədə iradəsinin olmamasını onların evin satılması barədə bir bəyanat verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair sübutlarla da təsdiq edilir, təqdim etdikləri video diskdəki danışıqlarla da sübut olunur ki, onların arasında mənzilə dair alqı-satqı olmamışdır. Bundan əlavə, guya mənzilin satılması barədə 30.000 manat almasını təsdiq edən qəbzdəki imza ona məxsus olsa da, lakin həmin sənədi ona necə və harda imzalatdıqlarını bilmir, uzun müddət bu sənədi heç üzə çıxartmırdılar, gizlədirdilər, halbuki o, Cavabdeh1 heç vaxt pul almamışdır, bütün bu kriminal işləri Zemfira ilə əlbir olub cavabdehlər özləri törətmişlər, ümumiyyətlə o, heç kimdən pul almayıb, pulu Z.Paşayeva alıb, hazırda da onun barəsində cinayət işinin istintaqı davam edir. Cavabdeh1 iddiaçının şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini, Cavabdeh3 şikayətinin isə təmin olunmasını istədi və göstərdi ki, onun həqiqətəndə ilk əvvəl həmin mənzili almaq istəyi olmamışdır, iddiaçının nümayəndəsi olan oğlu və gəlini onlara təcili pul lazım olduğundan israrla mənzilin alınmasını ondan xahiş etmişlər, sənədləri də notarisa onlar özləri təqdim etmişlər, məhkəməyə qədər mübahisələr zamanı da o, 30.000 manatının qaytarılacağı halda mənzilin qaytarılmasının mümkünlüyünü qarşı tərəfə bildirmiş, lakin qarşı tərəf onun pulunu qaytarmaq istəmirlər. Onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin diskdə olan səs yazısı barədə isə bildirdi ki, həmin səs yazısı qanunsuz olaraq əldə olunub, o sübut sayıla bilməz. Həmçinin mənzilin qiyməti ilə bağlı isə bildirdi ki, müqavilə azadlığı var, tərəflər mənzilin qiymətini qarşılıqlı razılıq əsasında 30.000 manat müəyyən etmişlər, mənzilin aşağı qiymət satılması müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildir ki, etibarnaməni iddiaçı özü imzalamışdır, ekspert rəyləri ilə razı deyillər. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 50 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Birinci iş üzrə: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 155794 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 13 iyun 2003-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan 16 fevral 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı onun bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə X9 etibar etmişdir. İddiaçının arvadı X5 notarial qaydada təsdiq edilmiş 21.04.2016-cı il tarixli ərizəsindən məlum olur ki, əri İddiaçı məxsus oğlu Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87A, 577-ci məhəllə, 756 nömrəli mənzilin ... ipoteka (girov) qoyulmasına etiraz etmir, ipoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda onu məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək. AN-İ ******* nömrəli, 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adından etibarnamə əsasında nümayəndəsi X10 Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87A, 577-ci məhəllə, 756 nömrəli mənzili Cavabdeh1 satmışdır. Satıcı əmlakı 30 000 manata alıcıya satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhərinin notariusu X12 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına göndərilmiş məktubdan görünür ki, Bakı şəh., Mərdanov qar. küç., ev 117B-də qeydiyyatda olan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pulu Bakı şəh., H,Cavid pr., ev 87A, mən. 756-da qeydiyyatda olan İddiaçı adından 16.02.2017-ci il tarixdə 14 saylı NK tərəfindən təstiq edilmiş 7E-2075 saylı etibarnamə əsasında çıxış edən Bakı şəh., 9A MKR, M.Cəlal küç., ev 49, mən. 9-da qeydiyyatda olan X10 verilməsi üçün bankda olan AZ49AİİB******************** №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli çekin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 30 000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu çekə imza edərək təsdiq etmişdir (i/v 184). Mülki iş materiallarında olan 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, iş üzrə Cavabdeh1 və X3 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa məlum olmayan şəxs və X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, məhkəmə xəttşünaslıq ekspertizasının 21 may 2019-cu il tarixli 10006 nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T" soyadı- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamə saxtadır. Materialla müəyyən edilmişdir ki, isintaqa məlum olmayan şəxs tərəfindən rəsmi sənədi saxtalaşdırma baş vermiş, Hüseyn Məmmədov tərəfindən isə onun saxta olduğunu qabaqcadan bilə-bilə həmin sənəddən istifadə etmişdir. Nəzərə alsaq ki, istintaqa məlum olmayan şəxs və X10 tərəfindən nəzərdə tutulan cinayəti əməli törətmələrindən iki ildən artıq müddət keçmişdir. Belə olan halda istintaqa məlum olmayan şəxs və X7 barəsində cinayət işinin başlanması rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 21.01.2021-ci il tarixli sorğusuna əsasən Nizami Rayon Polis İdarəsinin tərəfindən X2 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin 30.07.2021-ci il tarixli qərarı, X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə 26.07.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin 20.11.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirildiyi bildirilmişdir. Mülki iş materiallarında olan video diskdən danışıqlardan məlum olur ki, Cavabdeh1 qeyd edir ki, “.... əgər bu evin altından bir şey çıxsa ona 30.000 qaytarmalıdırlar, notariusa da 600 manat verilib, sizin cibinizdən nə qədər pul çıxıbsualına münasibətdə isə o, deyir ki, onun cibindən 17 min pul çıxıb...”. İkinci iş üzrə: Azərbaycan Respublikası Əmlan Məsələiərı Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №1036646 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospekti, ev 87a, məhəllə 577, mənzil 756 Cavabdeh1 xüsusi mülkiyyətindədir, Daşınmaz əmlakın dövlət reyestrində 2626 nömrəli reyestr kitabının 244749 nömrəli vərəqində 30.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan 18.02.2017-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, İddiaçı adından etibarnamə əsasında çıxış edən X10 Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 mənzilini Cavabdeh1 30.000 manata satmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019-cu tarixli, 2(004)- 3249/2019 saylı qətnamədən görünür ki, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A, məhəllə 577, 756 saylı mənzilə olan istifadə hüququna xitam verilməklə cavabdeh həmin mənzildən çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A. məhəllə 577, 756 saylı mənzili boşaldılaraq, iddiaçı Cavabdeh1 təhvil verilməsi, cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq, 720 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, imza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 50-ci vərəqəsində olan İddiaçı adından olan 16.02.2017-ci il tarixli etibarnamədə "imza" qrafasındakı imza və “Məmmədov” yazısı və qeydiyyatdan keçdiyi 7E/4 saylı reyestr jurnalının 24-cu vərəqəsində 2075 sıra sayında "İddiaçı yazılarının qarşısında “notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları" qrafasındakı imza və “Məmmədov” yazısı İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 50-ci vərəqində İddiaçı adından olan 16.02.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsini iddiaçı tərəfindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsini isə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, İddiaçı adından etibarnamə əsasında çıxış edən X10 ilə Cavabdeh1 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair 18.02.2017-ci il tarixli, AN- İ № ******* saylı müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 fevral 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ondan irəli gələn çıxarış ləğv edilməlidir. Bu məsələ ilə bağlı o, ilk növbədə hüquq-mühafizə orqanlarına verdiyi şikayətlə əlaqədar Bakı şəhəri, Nizami RPİ-nin İŞ-i qəbul etdiyi 26 may 2019-cu il tarixli qərarda müəyyən edilənlərə əsasən məlum olmuşdur ki, alqı-satqı müqaviləsində satıcı qismində adından iştirak edən X9 14 saylı Bakı şəhəri Notariat Kontorunda rəsmləşdirilmiş etibarnamə saxtalaşdırma yolu ilə həyata keçirilmişdir. Rayon məhkəməsi hesab etmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imzanın X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən müəyyən olunmadığıdan, həmçinin həmin imzanın saxta olması Cavabdeh1 məlum olmadığından, sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 vicdanlı sahib olduğu müəyyən edilir və belə olan halda onun hüquqları qorunmalıdır. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, ... məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). ...Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Hazıkı iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmamış, cavabdeh özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirmişdir, eyni zamanda da müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilmiş, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında göstərir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh1 qeyd edir ki, əgər bu evin altından bir şey çıxsa ona 30.000 qaytarmalı olduqlarını qeyd edir, notariusa da 600 manat verilib. Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə deyir ki, onun cibindən 17 min pul çıxıb. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, həmin səs yazısı qanunsuz olaraq əldə olunub, o sübut sayıla bilməz. Bununla bağlı Kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı işin hallarından məlum olur ki, iddiaçının nümayəndəsi H.Məmmədovun mənzilin satılması kimi niyyəti və məqsədi olmayıb, H.Məmmdov işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın işə düzəlmək üçün pul lazım olduğunu bildirməsi nəticəsində, ona təcili pul lazım olmuş, pulu Cavabdeh1 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar. Onların evin satılması barədə iradəsinin olmamasını evin satılması barədə bir bəyanat verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair təsdiq edir. Eyni zamanda, mülki iş materiallarında məlum olur ki, məhkəməyə qədər iddiaçı tərəf Z.Paşayeva, Cavabdeh1, həmçinin notariusun qanunsuz hərəkətlərindən müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişlər. Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 21.01.2021-ci il tarixli sorğusuna əsasən Nizami Rayon Polis İdarəsinin tərəfindən X2 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin 30.07.2021-ci il tarixli qərarı, X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə 26.07.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin 20.11.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirildiyi bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 50-ci vərəqində İddiaçı adından olan 16.02.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Demək ki, həmin əqd üzrə cavadeh Cavabdeh1 vicdanlı əldə edən olmasına dair rayon məhkəməsinin qənaəti əsaslı olmamış və iş üzrə tədqiq olunmuş sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, hazırkı halda tətəflərin həqiqi iradəsinin mənzilin alqı-satqı ilə bağlı olmadığı müəyyən edildiyindən, həmin müqavilə etibarlı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya hesab edir ki, İddiaçı adından etibarnamə əsasında çıxış edən X10 ilə Cavabdeh1 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair 18.02.2017-ci il tarixli, AN- İ № ******* saylı müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Cavabdeh1 verilmiş 30.03.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış da ləğv edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Məhkəmə kollegiyası həmçinin bildirir ki, hazırkı halda etibarsız hesab edilmiş alqısatqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsi dəqiq müəyyən edilmədiyindən, mübahisəli olduğundan, Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri hazırkı iş üzrə tətbiq edilə bilməz. Bununla bağlı, Cavabdeh1 Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Kollegiya birinci iş üzrə iddia tələbinin -Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılması hissəsi ilə bağlı isə qeyd edir ki, MMP-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə olan halda məlum olur ki, iddiaçının ərizəsinin bu hissəsi ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməlidir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 21.01.2021-ci il tarixli sorğusuna əsasən Nizami Rayon Polis İdarəsinin tərəfindən X2 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin 30.07.2021-ci il tarixli qərarı, X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə 26.07.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin 20.11.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirildiyi bildirilmişdir. İddiaçın qeyd edilən vəsatətinə münasibətdə Məhkəmə kolleğiyası bu faktı nəzərə alar. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Cavabdeh3 verdiyi apellyasiya şikayətində 16 fevral 2017-ci il tarixli, 457000 saylı etibarnamədəki imzanın İddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinin zəruriliyini qeyd etmiş və əsas kimi də imzası yoxlanılan iddiaçının 1927-ci il təvəllüdlü, yəni ahıl insan olmasının, həmin vaxt onun səhətinin, psixoemosional və fizioloji vəziyyətinin hansı halda olması bəlli olmamış, imzanın hansı vəziyyətdə (oturaq, yaxud ayaqüstə) icra edilməsi nəzərə alınmamışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 484/2021 saylı, 15.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Ekspert qarşısında “ikinci mülki iş materiallarında 50-ci vərəqdə 16 fevral 2017-ci il tarixli, 457000 saylı etibarnamədəki imzanın İddiaçı tərəfindən icra edilib-edilmədiyi, onun yaşı, sağlamlıq və emosional vəziyyəti, etibarnamənin imzalandığı vaxtdan keçən müddət, eləcə də sənədin ayaqüstdə və ya oturaq vəziyyətdə imzalanması halları nəzərə alınmaqla, habelə onun nümayəndəsinin təqdim etdiyi 24.08.2021-ci il tarixli etibarnamədəki imzası da tədqiq olunmaqla müəyyən edilməsi” sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 50-ci vərəqində İddiaçı adından olan 16.02.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, Cavabdeh3 apellyasiya şikayətinin əsas dəlili də təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilməklə yoxlanılmış, məlum olmudur ki, imza iddiaçı tərəfindən icra olunmayıb. Bu səbəbdən, apellyaiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa MƏhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Nəticə: Göstərilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, İddiaçı adından etibarnamə əsasında çıxış edən X10 ilə Cavabdeh1 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair 18.02.2017-ci il tarixli, AN- İ № ******* saylı müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş şəxsin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehlər Cavabdeh3 oğlu və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçı adından etibarnamə əsasında çıxış edən X10 ilə Cavabdeh1 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair 18.02.2017-ci il tarixli, AN-İ № ******* saylı müqavilə etibarsız hesab edilsin, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş 30.03.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilsin. Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Cavabdehlər Cavabdeh3 oğlu və Cavabdeh1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 173 (yüz yetmiş üç) manat alınaraq X4, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-104/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-104/2022
03.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver