Məhkəmə qərarları › İş №2(103)-10401/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10401/2021

22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10401/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qzının “doğum faktının və öhdədə olma faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə xahiş olunub ki, Fəridə Əliyevanın 12.11.2001-ci il tarixdə doğulması faktı, anasının X2 olması faktı və doğulduğu tarixdən bu günədək ərizəçinin öhdəsində olması faktı müəyyən edilsin. Qərardadla qərara alınıb ki, ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət qismən təmin edilməli, qərardad doğum faktına aid olan hissəsində ləğv edilməli, həmin hissədə iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, qalan hissədə, yəni öhdədə olma faktına aid olan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi doğum faktını müəyyən edən sənədi başqa qaydada ala bilmir. Belə ki, qeydiyyat orqanı doğumu qeydə almaqdan imtina edib (iş v. 5). Qeydiyyat orqanı doğumu qeydə almaqdan imtina etdikdə 308-ci maddədə qeyd olunan “faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmə” əlaməti mövcud olur, odur ki, həmin faktın müəyyən edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxıla bilər. Qeydiyyat orqanına qarşı inzibati məhkəmə icraatı qaydasına mübahisə qaldırmaq isə ərizəçinin hüququdur. Onun bu hüququndan istifadə etməməsi doğum faktının müəyyən edilməsi barədə ərizəyə xüsusu icraat qaydasında baxılmasından imtina edilməsi üçün əsas ola bilməz. Doğum barədə tibb müəssisəsinin sənədi var, lakin “doğum faktını təsdiq edən sənəd” deyildikdə tibb müəssisəsinin sənədi deyil, doğumun qeydə alınması barədə qeydiyyat orqanının sənədi başa düşülür. Belə sənəd isə yoxdur, çünki qeydiyyat orqanı doğumu qeydə almaqdan imtina edib. Birinci instansiya məhkəməsi işə baxarkən qeydiyyat oqanı ilə yanaşı tibb müəssisəsini (doğum barədə tibbi sənədi vermiş müəssisəni) maraqlı şəxs kimi işə cəlb edə bilər. Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli, 03 nömrəli qərarı normativ-hüquqi akt deyil. Bu qərarda məhkəmə təcrübəsinə aid olan məsələlər üzrə tövsiyyə xarakterli izahlar verilib. Həmin izahlar normativ-hüquqi aktların göstərişlərindən üstün deyil. Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hazırkı işdəki doğum faktına münasibətdə həmin sənədlərin (2.5-ci bənddə nəzərdə tutulan sənədlərin) hamısı yoxdur. Ona görə də doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeydiyyat orqanı öz məktubunda (iş v. 5) doğum faktının məhkəmə qaydasında müəyyən ediılməli olduğunu qeyd edib. Ərizədə qeyd olunan, doğulmuş şəxsin anasının X1 olması faktının müəyyən edilməsi doğum faktının tərkib hissəsidir, ayrıca hüquqi əhmiyyəti olan fakt deyil. Ərizədə qeyd olunan, doğulmuş şəxsin ərizəçinin öhdəsində olması faktı isə hüquqi əhəmiyyətə malik deyil: ərizənin məzmununda bu faktın ərizəçi üçün hüquqi əhəmiyyəti izah olunmayıb. Məhkəmə isə hər bir faktı deyil, yalnız hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Ona görə də öhdədə olma faktına aid hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı doğum faktına aid hissədə ləğv edilsin və həmin hissədə iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qalan hissədə, yəni öhdədə olma faktına aid hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar