Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10406/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apelyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qonşusu olan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun yaşadığı və ünvan 1 ünvanına yerləşən gediş-gəliş piyada yolunda cavabdehin qanunsuz olaraq çəkdiyi dəmir hasarın sökülməsi və həmin yolda tikinti işinin aparılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yuxarıda qeyd olunan ünvanda 1997-ci ildən etibarən ailəsi ilə birlikdə yaşayır. Binanın qarşısına çıxmaq üçün 3 metr enində yol var və onlar bu yoldan istifadə edirlər. Cavabdeh qonşulardan, o cümlədən iddiaçıdan icazə almadan 27.06.2021-ci il tarixdə həmin yolu kəsərək otaq tikmək məqsədi ilə mişar daşı tökmüş, yolu dəmir hasara almışdır. Cavabdehin yolu kəsməsi nəticəsində iddiaçı və iddiaçının qohumları həmin yoldan istifadə edə bilmirlər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi və yol kimi qələmə verdiyi torpaq sahəsi 2005-ci ildə Xətai Rayonu Əhmədli bələdiyyəsi tərəfindən atası (hazırki iş üzrə tərəf olmayan) X1 50 il müddətinə icarəyə verilmişdir. Həmçinin 26.12.2006-cı il tarixli qərarla həmin sahədə fərdi ev tikintisi məqsədilə atasına icazə verilmişdir. Cavabdeh hər hansı bir yolu kəsməmişdir. İddiaçının yaşadığı ünvanın 2 tərəfə yolu var və hər iki tərəfli yolu hal-hazırda tam sərbəst istifadə edir. İddiaçı yaşayış binasına paralel digər yola çıxmaq üçün cavabdehin atasından təmənnasız olaraq cığır istəmişlər, atası isə mərhəmət göstərərək özünün istifadəsində olan sənədli torpağından iddiaçıgilə yol vermiş, beləliklə iddiaçının 2-ci yolu yaranmışdır, onun hazırki məqsədi həmin cığırı maşın yolu etmək, daha da genişləndirməkdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.08.2021-ci il tarixli qətnamə ilə, iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apelyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Apelyasiya baxışı iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apelyasiya baxışı iclasında iştirak edən cavabdeh isə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddiaya qarşı verdiyi etirazın məzmuna uyğun izahat verdi. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin atası (iş üzrə tərəf olmayan) X2 ilə Xətai Rayon Əhmədli bələdiyyəsi arasında 16.04.2005-ci il tarixdə bağlanmış 022 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 150 kv.metr olan torpaq sahəsi yaşıllıq və abadlıq məqsədilə uzunmüddətli istifadəsi üçün bələdiyyə tərəfindən İ.Əliyevə 50 il müddətinə icarəçiyə verilmişdir. Həmin bələdiyyə üzrə 18.12.2006-cı il tarixində keçirilmiş yığıncağa dair tərtib edilmiş 12 saylı protokolundan çıxarışdan görünür ki, İ.Əliyevə uzun müddət istifadəsində olan, abadlaşdırdığı, hasarın içində Əhmədli yolu küçəsində yerləşən 130 kv.m torpaq sahəsini alğı-satqı yolu ilə onun adına sənədləşdirilməsinə razılıq verilmişdir. Bələdiyyənin 26.12.2006-cı il tarixli, 84 nömrəli qərarından görünür ki, İ.Əliyevə Əhmədli yolu küçəsində yerləşən 130 kv.m torpaq sahəsini alğı-satqı yolu ilə onun adına sənədləşdirilməsi qərara alınmışdır. “Torpaqların alğı-satqısına dair aktdan” və 693427 saylı “Kassa mədaxil orderindən” görünür ki, İ.Əliyev torpaq sahəsi almaq barədə bələdiyyə orqanına müraciət etmişdir, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Əhmədli yolu ərazisində yerləşən 130 kv.m torpaq sahəsinin satılması barədə 18.12.2006-cı il tarixli 12 saylı qərar qəbul edilmişdir, İ.Əliyev bank vasitəsi ilə əvvəlcədən 1.300 manat haqq ödəmişdir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: iş üzrə tərəflərin yaşadıqları mənzillər yan-yana yerləşir, həmin mənzillərin qarşısındakı torpaq sahələri hasarlanmışdır, həmin sahələrdən ayrı-ayrılıqda əsas yola maneəsiz geniş keçid vardır, bundan əlavə olaraq iddiaçı cavabdehin hasara aldığı sahədən də piyada keçid yolu kimi sərbəst istifadə edir, bu yolun eni 1,15 metrdir, həmçinin bu əlavə keçid yolunda iddiaçı tərəfindən qapı quraşdırılmışdır, mübahisələndirilən yol cavabdeh tərəfindən daş tökülməklə bağlansa da, sonradan yenidən bərpa edilmişdir, hazırda ərazidə tikinti işi aparılmır, yoldan keçməkdə hər hansı maneə yoxdur. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçının əsas yola maneəsiz giriş-çıxışı var. Habelə iddiaçı mübahisələndirilən yoldan əlavə keçid kimi istifadə edir. Məhkəmə bildirir ki, hazırda cavabdeh tərəfindən iddiaçının maraqlarına toxunan hərəkətlərə yol verilməsi iş materialları ilə təsdiq edilmir, iddiaçı tərəf bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi də qeyd edilən əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10406/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10406/2021
12.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver