Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10417/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5855/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə X1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 164 saylı mənzilin özgəninkiləşdirilməsi və "xxxx" ASC-nin həmin əmlakla bağlı hər hansı hərəkətlər edilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5855/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5855/2021 saylı, 28.09.2021-ci il tarixli qərardad ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsi müəvəqqəti xarakter daşıyan qərardad qəbul edə bilər, lakin bu qərardad mahiyyət və məzmun etibarı ilə qanuni qüvvəyə minmiş başqa məhkəmə qərarının icrasını dayandırmamalı yaxud bunun icrasına süni əngəl yaratmamalıdır. Bu cür tədbirlər iddianı təmin etmək üçün tədbirlər görmənin mahiyyətinə zidd sayılır. Çünki, təmin etmə tədbiri ilə, iddia tələbi fərqli nəticə yaradan prosessual məsələlər olduğundan onlara dair qəbul edilən məhkəmə aktları da fərqli olmalıdır. Qeyd olunan ərizənin təmin olunmasından belə çıxa bilər ki, istənilən xarakterli təmin etmə tədbiri ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası dayandırıla bilər. Ancaq bu yolverilməzdir. Çünki, bu halda dövlətin adından çıxarılmış və icrası məcburi olan məhkəmə aktının icrası buna qanuni əsas olmadan dayandırılır. İddiaçının təmin etmə tədbiri barədə ərizəsində xahiş etdiyi tələblər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun gördüyü yaxud görməli olduğu məcburi icra tədbiridir və həmin qərarın icrasına xidmət edir. Göründüyü kimi, bu cür təmin etmə tədbiri əsassız olmaqla yanaşı, qanuni qüvvəyə minmiş başqa məhkəmə qərarının da icra olunmasını açıq-aşkar mümkünsüz edir. Mübahisə predmeti olan mənzilə dair keçirilən hərrac zamanı qanun pozuntularına yol verilməsi də həqiqi olsa belə, bu da əsas vermir ki, təmin etmə tədbirinə dair ərizə təmin olunsun. Çünki, bir daha qeyd olunur ki, bu cür tədbirlərin görüldüyü halda başqa məhkəmə qərarının icrasına əngəllər yaranır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5855/2021 saylı, 21.09.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5855/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10417/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10417/2021
25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver