Məhkəmə qərarları › İş №2(103)-1042/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1042/2025

14.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1042/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "əsassız hesalanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-912/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdehi əməkdaşları tərəfindən iddiaçı barəsində tərtib edilmiş Təbii X2nın pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta abonent tərəfindən qeyriqanuni olaraq sayğacın dəyişdirildiyi göstərilmişdir. Həmin akt üzrə iddiaçıya 5.495,04 manat borc hesablanmışdır.

2. “GASREP” sənədinə əsasən cavabdeh 2017-ci ilin noyabr ayında 100 manat ödəniş etmiş, növbəti ödəniş isə 2023-cü aprel ayında 50 manat məbləğində olmuşdur.

3. Abonentin saldosuna əsasən, abonentə 2023-cü ilin aprel ayında sərfiyyata görə 4.960,75 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi (abonent kodu: **********00001) ilə bağlı Cavabdeh İB- nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə iddiaçıya itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 5.495,04 manat və 4.960,75 manat olmaqla, ümumilikdə 10.455,79 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan 2023-cü ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, iddiaçının təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Buna görə akt tərtib olunmuş, iddiaçıya itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 5.495,04 manat məbləğində əsassız borc yazmışlar. Bundan başqa, Birliyin əməkdaşları 2023-cü ilin may ayında iddiaçıya məxsus yuxarıda qeyd olunmuş ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacında guya müəyyən nasazlıqların olmasını, sayğacın keçən qaz sərfıyyatını qeyd etməməsini və geriyə (minusa) işləməsini əsas gətirərək sayğacı əvəzləmişdir. Birliyin əməkdaşları sayğacda baş vermiş nasazlıqlara görə onu təqsirli bilərək həmin ünvana itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 4.960,75 manat məbləğində əsassız borc yazmışdırlar.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 912/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin olunmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/941 nömrəli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 912/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********00001 olan) Cavabdeh tərəfindən hesablanmış 10.455,79 manat məbləğində borcun silinməsi, Cavabdehndən 121,37 manat dövlət rüsumu və 65 manat məbləğində ekspertiza tədqiqatlarının dəyərinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir.

10. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur.

12. İşdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X2nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.

13. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

14. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz.

15. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir.

16. Məhkəmə baxışı zamanı, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır.

17. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 5.495,04 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir.

18. Habelə, məhkəmə iddia tələbinin 4.960,75 manat borcun silinməsinə dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, abonent saldosundan görünür ki, 2023-cü ilin may ayına “ödəniş” və “o cümlədən qeyri ödənişlər” bölməsində -4960,75 manat borc qeyd olunmuş, həmçinin gasrep saldosundan 2023-cü il tarixə 4.960,75 manat borc hesablanması əks olunmuşdur. Məhkəmə qeyd edir ki, bu borcun yaranmasında abonentin təqsiri müəyyən olunmadığından silinməlidir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə, 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə, qətnaməni qəbul edərkən işin faktiki hallarına düzgün qiymət verməyərək iddia tələbini təmin etmişdir. Belə ki, aktların həqiqiliyini müəyyən etmək məqsədi ilə işə mütəxəsis cəlb edərək mülki işə obyektiv yanaşıla bilərdi, ancaq məhkəmə qətnaməsində iddiaçının ifadələrini əsas götürmüşdür. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırılsa, abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - sərfiyyata görə hesablanmış borcun (4.960,75 manat) silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonent İddiaçı cavabdeh tərəfindən sərfiyyata görə hesablanmış 1.347,75 manat məbləğində borc silinməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materiallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğacla bağlı ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, aktda abonent tərəfindən qeyri-qanuni olaraq sayğacın dəyişdirildiyi göstərilmişdir.

33. Cavabdeh tərəfindən həmin akt əsasında 5.495,04 manat borc hesablansa da, eyni zamanda sərfiyyata görə iddiaçıya 4.960,75 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, eyni məsələ ilə bağlı cavabdeh tərəfindən iki dəfə borc hesablanmışdır.

34. İşdə olan “GASREP” sənədinə əsasən müəyyən edilir ki, cavabdeh təbii qazdan istifadəyə görə 2017-ci ilin dekabr ayınadək hər ay ödənişlər etmiş (sonuncu dəfə noyabr ayında 100 manat məbləğində), növbəti ödəniş isə iddiaçının abonent hesabına sərfiyyata görə 4.960,75 manat borc əlavə edildiyi 2023-cü ilin aprel ayında olmuş, həmin ödəniş 50 manat təşkil etmişdir (iş v.36).

35. Bu isə onu deməyə əsas verir ki, iddiaçı 2017-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayınadək təbii qazdan istifadə etməklə hər hansı ödənişlər etməmiş, onun ünvanında quraşdırılmış sayğacda həqiqətən də qüsurlar olmuşdur.

36. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, analogiya üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2” nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində o dövrdə istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,8 m3, işləmə rejimi 12 saat, 1 ədəd su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3, işləmə rejimi 12 saat, 1 ədəd kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 3 m3, işləmə rejimi 12 saat və 12 aylıq istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 0,8 m3 x 12 saat x 360 gün = 3456 m3; Su qızdırıcısı üçün -1,5 m3 x 12 saat x 360 gün = 6480 m3; 1 ədəd kombinin (qış mövsümü nəzərə alınmaqla) qaz sərfi - 3 m3x12 saat x150 gün = 5400 m3. Beləliklə, tərtib edilmiş akt üzrə ümumilikdə sayğacdan kənar, qaz xəttinə qeyri-qanuni qoşulma halında istehlak edilmiş təbii qazın həcmi 3456 m3 + 6480 m3 + 5400 m3 = 15336 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkodaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın İllik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 15336 m3 qaz həcminin dəyərinin 3.613 manat (1200 m3 x 0,12 manat = 144 manat; 1300 m3 x 0,20 manat = 260 manat, 12836 x 0.25 manat = 3209 manat: 144 manat + 260 manat + 3209 = 3613 manat), olmasını nəzərə alaraq tərtib edilmiş akt üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında zərərin miqdarı 3.613 manat məbləğində müəyyən edilə bilər.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları və eyni məsələ ilə bağlı cavabdeh tərəfindən iki dəfə borc hesablandığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən akt üzrə hesablanmış 5.495,04 manat məbləğində borcun silinmasi barədə düzgün qənaətə gəlsə də, cavabdeh tərəfindən qaz sərfiyyatına görə hesablanmış 4.960,75 manat borcun bütövlükdə silinməsi barədə düzgün nəticəyə gəlməmişdir.

38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən sərfiyyata görə hesablanmış borcun 1.347,75 manatı (4.960.75 – 3.613 = 1.347,75) silinməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-912/2024 nömrəli qətnaməsi qismən - qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********00001) sərfiyyata görə hesablanmış 1.347,75 manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə (xx.xx.2023-cü il tarixli akt üzrə 5.495,04 manat borcun silinməsi ilə bağlı hissədə) dəyişdirilmədən saxlanılsın. Cavabdehndən 88,4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar