Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10427/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)-4494/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 138000 (yüz otuz səkkiz min) ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə Bakı şəhərində özünə ev almaq istəmiş və Fuad adlı tanışı bildirmişdir ki, Rəşad adlı bir nəfər Bakıda ev alğı-satqısı ilə məşğul olur. O, Rəşadın telefon nömrəsini ona vermiş, Rəşada zəng etmiş və onunla görüşdə bildirmişdir ki, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanda (əyləncə mərkəzi ilə üzbəüz) inşa edilən 2 saylı, 24 qatlı binanın 6-c-ı qatında 19 saylı, 191.4 kvm.sahəsi olan 4 mənzilli evi satır. Həmin ev bacısı Cavabdeh2 məxsus olduğunu və onun bacısının razılığı ilə satdığını bildirmişdir. Rəşadla gedib evə baxmış, lakin bina hələ istifadəyə verilməmişdir, ancaq ev yaşamaq üçün hazır idi, evi bəyənmişdir. Elə orada da 138 min ABŞ dollarına evi ona satması üçün Rəşadla razılığa gəlmişlər. Səhəri günü Rəşadla görüşmüşlər. Yanında cavan bir oğlan da varmış. Həmin oğlanın adının Vüqar olduğunu bildirmişdir. Ayna Sultanova heykəlindən "Gənclik" metrosuna gələn istiqamətdə, "İnqilab" küçəsinə çatmamış hündür binaya girmişlər. Rəşad demişdir ki, burada "xxxx" şirkəti yerləşir. Gedək ora evi sənin adına keçirək. 8-ci mərtəbəyə qalxmış, Rəşad qapını açan qızdan Sahib İbrahimovun burda olmağını soruşmuş, Qız isə otağında olduğunu demişdir. X4 otağının dəhlizinə daxil olmuşlar. Rəşadla Vüqar ona demişlər ki, “sən 5 dəqiqə otur dəhlizdə gözlə, biz girək Sahib müəllimlə danışıb çıxaq.” O gözləmiş, onlar içəri girmişlər. Müəyyən müddətdən sonra Sahib müəllim onlarla birlikdə dəhlizə çıxmışlar. Sahib müəllim iddiaçı ilə salamlaşmış və ona demişdir ki, o, pul almır. Pul işini özləri (yəni Rəşadla iddiaçı) gedib notariusda həll etsinlər və sənədləri gətirsinlər,həmin sənədlər əsasında da mənzil iddiaçının adına keçirilsin. Rəşadla razılaşmışlar ki, sabah ora yaxın olan notariusda görüşsünlər. Səhəri gün Rəşadla “Sahil- D” şirkətinə yaxın olan 51 saylı Notariat kontorunda görüşmüşlər. Rəşadın bacısı Cavabdeh2 həyat yoldaşı ilə birlikdə gəlmişlər. Yeganə və həyat yoldaşı həmin mənzilin iddiaçının adına keçirilməsinə razılıq ərizələrini Notariusun müdiri X2 vermişlər. O imzaların həqiqiliyini təsdiq etmişdir. Notarial kontordan çıxıb maşına əyləşəndə 100 min dollar sayıb Rəşada vermişdir. Bacısı Yeganə və əri də maşında idilər. Öncədən danışdığı kimi 38 min dolları da sonrakı 3 ay ərzində verəcəkdi. Bundan sonra "xxxx"Kompani MMC- nin direktoru T.D.Abdullayev Cavabdeh2 şirkətə təqdim etdiyi 15.02.13-cü il tarixli reyestr №7E-2535 saylı notariusda qeydə alınaraq təsdiq olunmuş ərizəsinə əsasən F.Bayarmov küçəsi,1156 ünvanda inşa edilən 2 saylı binanın 6-cı qatında ümumi sahəsi 191,4 kvm olan 4 otaqlı mənzilin iddiaçının adına keçməsi ilə bağlı 01 mart 2013-cü il tarixli,17 saylı ƏMR vermişdir. Arada 2-3 dəfə gedib o mənzilə baxmışdır. Qapısı yox idi. Komendanta demişdir ki, o, evi təmir etdirmək istəyir. O da "xxxx"-yə sayğacın pulunu ödəməyi və icazə kağızını da alıb təmirə başlaya biləcəyini bildirmişdir. İddiaçı Sahib İbrahimovun yanına, hansı ki,onu iddiaçıya "xxxx" şirkətinin rəhbəri kimi təqdim etmişdilər. Qapıda dayanan nəzarətçi ondan soruşduqda "xxxx" şirkətinə geldiyini bildirmiş, o isə "xxxx" şirkətinin 2 ildir buradan köçdüyünü qeyd etmişdir. İddiaçı 3 ay bundan öncə burada Sahib İbrahimovun iştirakı ilə Cavabdeh2 məxsus mənzili qardaşı Rəşaddan aldığını bildirmişdir. Ona demişlər ki, Sahib İbrahimov artıq "xxxx" şirkətində işləmir. O, “Avesta” şirkətinin rəhbəridir. Qeyd edir ki, Yeganə ona guya 38 min manat borc verməsi ilə bağlı həmin notariusda müqavilə bağlamışdır. Bu iddiaçının mənzilin alınmasından qalan borcu idi. Sonra iddiaçı həmin 38 min manatı da toplayıb Yeganə ilə Rəşada vermişdir. "xxxx" şirkətinin ünvanını öyrənmiş, İnqilab küçəsində “Asan xidmətin” arxasında yerləşirdi. Ora gəlib bildirmişdir ki, icazə kağızı alsın ki, evini təmir etdirsin. Mühasib Adilin yanına sayğac pulunun ödənilməsi üçün getmiş, sənədləri ona göstərmişdir, o, sənədə baxmış və qaytarıb bildirmişdir ki, sənədlər saxtadır. X9 saxta möhür vurmaqla 53 nəfəri aldadaraq guya mənzil vermişdir. O, dərhal Rəşada zəng açmışdır. Rəşad dedi ki, onları da aldadıblar. Rəşadla görüşmüş, Rəşad məhkəməyə verəcəklərini bildirmişdir. Bildirdi ki, o binada 9 mənzil bacının adınadır, o cümlədən sənin mənzilin. Ümumi yazıb verəcəklər. Sən şikayət yazma. Məhkəməyə verdilər. Hərdən iddiaçı da gedib məhkəmədə kənardan izləmə aparırdı. Ancaq bir nəticəsi görünmürdü. Odur ki, Rəşada dedi ki, "Sahil D" ilə, Sahib İbrahimovla nə “müqavilə” var, nə mübahisə var. Pulu onlara yox, Rəşada vermişdir. Odur ki, pulunu qaytarmasını xahiş etdi. Rəşad isə pulunu iş üçün bir nəfərə verdiyini, o da Rəşadı aldadıb qaytarmadığını toplayıb verəcəyini bildirmişdir. Hər dəfə Rəşada zəng açıb soruşanda cavabında deyirdi ki, apellyasiya məhkəməsinə vermişdir, sonra Ali məhkəməyə, ancaq bu məhkəmələrin bir nəticəsi olmamışdır. Pulunu başqa adam vermişdir, alıb qaytaracaqdır. Hazırda Rəşaddan pulu istəyəndə deyir ki, Sahib İbrahimov ona pul ya ev versin ki, o da iddiaçıya versin və ya "xxxx" pulu ödəsin ki, o da iddiaçıya versin. İndi pulu yoxdur. Pulu alıb özləri xərcləyiblər. Həmin ev üçün pul verməyiblər. Deyirdilər ki, bacısı Yeganənin “Sahil D” şirkətinə verdiyi villası əvəzinə ona tikiləcək həmin evdən 13 ev veriləcəyi ilə bağlı razılaşma var imiş. Ancaq aldatmış, evi verməmişlər. Deməli bu problem onların arasındadır. Odur ki, 138 min ABŞ dollarını istədikdə, cavabında Rəşad pulu olan kimi qaytaracağını bildirmişdir. Rəşad iddiaçıya öz xətti ilə 22.03. 2021-ci il tarixdə yazılı kağızda verib və ondan yüz otuz səkkiz min ABŞ dolları aldığını təsdiqləmişdir. Hazırda evə ehtiyacı olduğu, ancaq pullarını cavabdehlərin qaytarmaması səbəbindən və bu qaytarmanı əsassız bəhanələrlə uzatdıqları üçün, məhkəməyə müraciət etməyi qərara almışdır. Belə ki, iddiaçının 138 min ABŞ dolları pulu 8 ildir ki, cavabdehlərin qanunsuz mülkiyyətindədir və bununla da ona böyük məbləğdə maddi ziyan vurmuş, zamanında ev almağına mane olmuşlar. Ancaq iddiaçı cavabdehlərdən dəymiş zərəri yox, verdiyi pulu tələb edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)-4494/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)-4494/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən, 2 saylı evin mübahisəli 19 saylı mənzilinə dair tərəflər arasında bağlanmış 01 mart 2013-cü il tarixli müqavilədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5838/2019 tarixli qərarından və digər sənədlərdən də məlum olur ki, sözügedən mübahisəli mənzil iş üzrə cavabdeh olan Cavabdeh2 adınadır. İddiaçı Cavabdeh2 nümayəndəsi olaraq mənzillərin əldə edilməsində, daha sonra həmin mənzillərə alıcı tapılaraq satılmasında nümayəndə kimi ona kömək göstərmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin olunmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh1 Cavabdeh2 adından çıxış etmək üçün etibarnaməsi mövcud olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)-4494/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 Cavabdeh2 adından çıxış etmək üçün etibarnaməsi olmamış, ondan pulu Yeganə deyil, Rəşad özü almış, bunu yazdığı qəbzdə, məhkəmədə yazdığı ərizədə də, etiraf etmişdir. Yeganə birinci instansiya məhkəməsinə gəlməmişdir. Sadəcə olaraq cavabdeh tərəf Yeganəyə münasibətdə iddianın təmin olunmadığını görüb, məhkəməni çaşdırmay istəyirlər ki, Rəşada münasibətdə də, iddia təmin edilməsin. Onda heç qətnamədə olmur. Cavabdeh tərəf ona qarşı düşünülmüş qaydada hərəkət edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etdi, izahat verərək göstərdi ki, iddiaçının pulu ona verilmişdir. O, qardaşı Rəşada etibarnamə verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid iddianın təmin edilən hisssəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)- 4494/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış 22 mart 2021-ci il tarixli iltizamdan görünür ki, F.Bayarmov küçəsi, 1156 ünvanda 2 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 191,4 kvm olan 4 otaqlı mənzilini İddiaçı satmış, əvəzində 138000 ABŞ dolları pul almışdır. 8 il keçməsinə baxmayaraq, satılan evdə problem yarandığına görə baş tutmamışdır. Buna görə də, İddiaçı aldığı 138000 ABŞ dollarını imkanı olanda qaytaracaqdır. İş materiallarından Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsində 23 iyul 2021-ci il tarixdə yazılmış ərizədən görünür ki, o, iddianı qəbul edir, 138000 ABŞ dolları məbləğində pulu İddiaçı aldığını, imkanı olanda qaytaracağını qeyd etmişdir. İş materiallarında olan 26 may 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ev almaq adı ilə Cavabdeh1 138000 (bir yüz otuz səkkiz min) ABŞ dolları məbləğində pul vermiş, cavabdeh həmin məbləğdə pulu aldığını qəbul etmiş, sonradan həmin mənzillə bağlı problemlər yarandığından, mənzili təhvil verə bilməmiş, eləcə də sözügedən məbləğdə pulu digər borclarına və iş qurmaq üçün xərclədiyini bildirmişdir. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında qeyd etmişdir ki, iddiaçıdan 138.000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir, o pulu bacısının “Sahil D" şirkətində olan mənzilinin verilməsi qarşılığında almışdır, lakin “Sahil D" şirkəti onları da aldatmış, həmin mənzilə dair bütün müqavilələr etibarsız imiş. İddiaçıdan aldığı 138.000 ABŞ dolları pulunun bir hissəsini başqa borcları olduğu üçün xərcləmiş, bir hissəsini isə iş qurmaq üçün sərf etsə də, o da alınmamışdır. Həmin 138.000 ABŞ dolları məbləğində pulu “Sahil D" şirkətinə verməmişdir. Pulu aldığını etiraf etsə də, lakin hazırda maddi vəziyyəti çətin olduğundan borcu ödəməkdə çətinlik çəkdiyini göstərərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 14.2, 217.3, 106.1, Mülki Məcəllənin 1091.1, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı məxsus 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh1 saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, digər Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh1 138000 ABŞ dolları məbləğində pulu onun iddiaçıdan aldığını etiraf etmiş, eləcə də İddiaçı Cavabdeh2 pul verməsinə dair sübut iş materiallarına əlavə olunmamışdır, həmçinin məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, hazırda cavabdeh işdə olan sübutları təkzib edə bilməyən ziddiyətli mövqe nümayiş etbirməklə, ona münasibətdə də, iddianın təmin olunmamasına çalışır. Həmçinin məhkəmə araşdırması zamanı tam olaraq sübut olunur ki, iddiaçıdan pulu Cavabdeh1 almış, sonuncunun bacısının adından təmsilçilik hüququnun həyata keçirilməsi üçün etibarnaməsi olmamışdır. Qeyd olunanlar bir daha birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticənin düzgün olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)-4494/2021 saylı qətnaməsi mübahisələndirildən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10427/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10427/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver