Məhkəmə qərarları › İş №2(103)-1043/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1043/2022

13.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1043/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-23/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2018-ci il tarixdə X15 tərəfindən Cavabdeh1 verilmiş və reyestrdə 7E-6560 nömrəsi ilə qeydə alınan ƏN-1№ 626626 saylı etibarnamənin və onun əsasında aparılmış bütün hərəkətlərin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı uzun müddətdir ki, Azərbaycanda yaşamır, Azərbaycanda olduğu müddətdə isə anasına baxır, ona qulluq edirdi, o, xaricdə olanda anası xəstələnmiş, Yelena bu ərəfələrdə bacısı Cavabdeh1 xahiş etmişdir ki, anasına baxsın, çünki o, ölkəyə vaxtaşırı gələ bilmir, bacısı da buna razı olmuşdur, lakin 2018-ci ildə qonşu iddiaçıya zəng etmişdir ki, anası çöldə təkbaşına gəzir, bacısı Tatyana da tapılmır, iddiaçı bu hadisədən sonra ölkə ərazisinə gəlir, bu zaman anası danışmırdı, çünki onun emosional vəziyyəti stabil deyildi, iddiaçı evə girmək istəyəndə isə açarın qapını açmadığını görür, daha sonra qapını açdırmış, anasını həkimə aparmış və öyrənmişdir ki, beynində şiş var, bu səbəbdən anasını müalicə elətdirməyə başlamışdır, əməliyyat olunmuş, xx.xx.2018-ci il tarixində xəstəxanadan çıxmışdır, xəstəxananın verdiyi sənədlərdən də görünür ki, əməliyyat fəsadsızdır, uğurlu keçmişdir, lakin xəstə köməklə gəzir, yaranmış problemlərə görə poliklinikaya müraciət etmişlər, çünki xanımda psixoloji pozuntu biruzə verirdi, onları göndərişlə 2 saylı dispansera göndərmişlər, xanıma demensiya diaqnozu qoyulmuşdur, uzun müddətdir ki, bu xəstəlikdən müalicə alır, xəstəliyi 2018ci ilin yanvar ayından başlayıb, 2018-ci ilin əvvəlindən onda yaddaş pozuntusu vardır, bununla bağlı sənədlər də iş materiallarına əlavə olunnmuşdur, hətta tibbi rəydən də görünür ki, hətta 7 il əvvəldən xanımın başında olan şişdən onda psixi pozuntu yaranmışdır, demensiya müxtəlif səbəblərdən yaranır, zədədən və ya stresdən də yarana bilər, cavabdeh onun bu halından istifadə edib, alğı-satqı barədə müqavilə bağlayır, bu səbəbdən Tatyana Yelenaya 2019-cu ildə mesaj yazmışdır ki, niyə onu məhkəməyə vermişdir, etibarnamə doğrudur, hər hansı qanunsuzluq yoxdur, bundan sonra onlar polisə sorğu vermiş, polisdən onlara bildirmişlər ki, Tatyana ilə anasının arasında münaqişə olmuşdur, Tatyana bu zaman anasına fiziki xəsarət yetirib, nəticədə anası polisə müraciət edib və Tatyana inzibati məsuliyyətə cəlb olunmuşdur, cərimə olunduqdan sonra anası ərizəsini geri götürüb, ana öz ərizəsində qeyd edib ki, qızım məni öldürməklə hədələyir, bunları nəzərə alsaq, xanımın qızına etibarnamə verməsi mümkün deyil, həmçinin cavabdehlər Venera xanımın özündə olduğunu qeyd edirlər, lakin o, etibarnamə vermək üçün notariat orqanına getməyib, etibarnaməni evdə vermişdir, bu da göstərir ki, o özündə olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-23/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-23/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iddia tərəfinin etibarnamədə olan yazının X2 aid olmasını şübhə altına alan dəlilləri nəzərə almamışdır. Belə ki, X8 tərəfindən vaxtı ilə qızına qarşı polisə şikayət edilərkən Venera xanımın apardığı bütün yazışmalar rus dilində olmuşdur. Əl ilə yazdığı izahatı rus dilində yazmışdır. İzahatdakı xətlə etibarnamədə olan xətt eyni deyil. Həmçinin Venera xanın Azərbaycan dilini bilmədiyindən etibarnamənin mahiyyəti ona aydın olmayıb, tərcüməçi isə dəvət edilməyib. Lakin məhkəmə əsaslandırılmış mövqe bildirmədən etibarnamədə olan həmin yazıların Venera xanım tərəfindən aparılıb aparılmamasını yoxlamaq üçün ekspertizanın keçirilməsinə dair vəsatəti təmin etmədi. Halbuki, etibarnamə verilərkən Sadıqova Veneranın Baş beyin şişi xəstəliyindən əziyyət çəkməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı anası V.Sadiqova və bacısı Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsində yerləşən 82 saylı evin, 26 saylı mənzilində yaşamışdırlar. 29 mart 2018-ci ildə iddiaçının anası V.Sadıqova qızına - cavabdeh Tatyanaya mənzil üzərində sərəncam vermək barədə etibarnamə vermişdir, 5 gün sonra isə iddiaçı Leninqrad vilayətindən bacısına ərizə vermişdir ki, mənzilin satılmasına razılıq verir, həmin etibarnamə də iş materiallarına əlavə edilmişdir, mənzili o özü almışdır, mənzilin alınması da həmin etibarnamə alınandan 2 ay sonraya, yəni may ayına təsadüf edir, mənzilin 40.000 manata alğı-satqısı barədə Cavabdeh1 ilə razılaşmışlar, 18 saylı otariat ofisində aralarında 26 may 2018-ci ildə 15.000 manat verilməsi ilə bağlı beh müqaviləsi bağlanmış, 30 may 2018-ci ildə isə 25000 manat ödəməklə alğı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Alğı-satqıdan sonra Tatyana ona bildirmişdir ki, mənzildən çıxacaq, evi də boşaldacaqdır, sonra ondan vaxt istəmişdir ki, mənzildən çıxa bilmir, çünki anası hələ razı deyildir, daha sonra Tatyana ona demişdir ki, çıxarışı gətirsin, evi 47.000 manata başqasına satmaq istəyir, Cavabdeh3 adlı onun tanımadığı yeni alıcı tapmışdır, cavabdehlər Tatyana və Səadət evin satılması barədə razılaşmışdır. 29 avqust 2018-ci il tarixdə 2 saylı “Asan Xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 42000 manatı onun bank hesabına ödəmişdir, qalan 5500 manatı qəbz yazaraq alan Cavabdeh1 daha sonra mənzili boşaldaraq Cavabdeh3 təhvil vermişdir, lakin qeydiyyatdan çıxmamışlar, mənzildən özləri qeydiyatdan çıxmadığından mənzilin mülkiyyətçisi Cavabdeh3 məhkəməyə müraciət etmişdir, məhkəmə qətnaməsi ilə tələbi təmin edilmiş, V.Sadiqova, Cavabdeh1 və özü həmin mənzilə istifadə hüquqları itirilmişdir, həmçinin etibarnaməni verən V.Sadıqovada həmin dövrdə psixi pozuntular olmamışdır, iş materiallarında olan qonşular tərəfindən imzalanan aktdan da görünür ki, o, 1984-2018-ci ilin sentyabr-oktyabr aylarınadək ünvan 4andarov küçəsi ev 82, 26 saylı mənzildə qonşuluqda yaşamışdır. Bina sakinləri rəftarında və davranışında hər hansı psixi pozuntunun olmasını hiss etməmişlər, hətta qonşuluqda yaşadığı müddətdə bina sakinlərinə əvvəllər həkim işləmiş şəxs kimi tibbi xidmətlər də göstərmişdir. İş materiallarında olan rəylərə əsasən də, etibarnaməni vermiş V.Sadiqovada psixi pozuntular xx.xx.2018-ci il tarixdə keçirdiyi əməliyyatdan sonra başlamışdır, yəni o, etibarnamə verərkən, yəni mart ayında, həmçinin mənzilin alğı-satqısı həyata keçirilərkən fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, mübahisəli mənzili o, 29 avqust 2018-ci il tarixində 2 saylı Bakı Asan Xidmət mərkəzindəki notariat kontorunda Cavabdeh2la onun arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında 47.500 manata almışdır. Daha sonra isə rəsmiləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan şəxslər kimi Cavabdeh1 öz adından, həmçinin etibarnamə əsasında anası V.Sadiqovanın adından mənzilin satılmasına dair razılıq ərizəsi imzalamışdır, mənzilə baxmaq üçün getdikdə iddiaçıın anasının özü onu mənzildə mehribançılıqla qarşılamışdır, qızı Tanyanın iştirakı ilə onlara mənzili göstərmiş, bildirmişdir ki, 9-cu mərəbə olduğundan mənzilə çıxıb düşə bilmir, onu iddaçının anasının hər hansı psixi pozuntusu yox idi, o hətta onunla rahatca danışmışdır, daha sonra mənzili aldıqdan sonra mənzildən özləri qeydiyatdan çıxmadığından məhkəməyə müraciət etmişdir, məhkəmə qətnaməsi ilə tələbi təmin edilmiş, V.Sadiqova, Cavabdeh1 və S.İkramovun həmin mənzilə istifadə hüquqları itirilmişdir, evi 2018-ci ilin avqust ayında almışdır, noyabr ayında isə həmin mənzilə köçmüşdür. Məhkəmə kollegiyasının əvvəlki iclasında 18 saylı Notariat Kontorunun nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olan vətəndaş X17 tərəfindən Cavabdeh1 verilmiş baş etibarnamə 29 mart 2018-ci il tarixdə kontordan kənar təsdiq edilmiş və reyestrdə 7E-6560 nömrə ilə qeydə alınmışdır. 29 mart 2018-ci il tarixli, 7E-6560 reyestr nömrəli etibarnamə rəsmiləşdirilən zaman X3 şəxsiyyəti və fəaliyyəti notarius tərəfindən yoxlanılmış və əqdin gələcəkdə baş verə biləcək hüquqi nəticələri X9 tam izah edilmişdir. X16 etibarnamənin mənasını və gələcəkdə baş verə biləcək bütün hüquqi nəticələri tam başa düşdüyünü, etibarnamə özünün məqsədlərinə və iradəsinə uyğun olduğunu notariusa bildirərək etibarnaməni imzalamış, həmçinin etibarnamənin aşağı hissəsində öz xətti ilə bu barədə rus dilində, ayrıca qeyd də yazaraq öz imzası ilə təsdiq etmişdir. Etibarnamə X16nın iradəsinə və məqsədlərinə uyğun olduğundan notarius tərəfindən təsdiq edilmişdir. İş üzrə iddiaçı tərəf, Cavabdeh1, 18 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Kollegiya cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-23/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 harada yerləşməsindən asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, özəlləşdirmək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq, özəlləşdirmək və s. hərəkətləri etməyi Cavabdeh1 Razikovaya etibar etməsi ilə bağlı xx.xx.2019-cu il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 notariat haqqı olaraq 230 AZN ödəniş etmişdir. İş materiallarında olan X17 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən mənzili alıcının mülkiyyətinə verir. X10 əvəzinə xx.xx.2018-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 imza etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı çıxarışın təsdiq olunmuş surətinə əsasən ünvan 4andarov küçəsi, ev 82, mənzil 26 tam paylı mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 2864 nömrəli reyestr kitabının 267159 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak Ərazi İdarəsi tərəfindən Vəkil ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 4andarov küçəsi ev 82, 26 saylı mənzil xx.xx.1994-cü il tarixdə ilkin olaraq X10 adına qeydiyyatdan keçmişdir, 18 saylı DNKnın 4Ə-134 saylı reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, ünvan X18 adına özgəninkiləşdirilmiş, 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X24 tərəfindən təsdiq edilən 4Ə-1724 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Cavabdeh2 və X17 arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən, alıcı ünvan 4andarov küçəsi ev 82, 26 saylı mənzilə görə15000 manat məbləğində pulu satıcıya vermişdir, X10 əvəzinə xx.xx.2018-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 imza etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 16 saylı Vəkil Bürosunun vəkili T.S.Qurbanova ünvanlamış xx.xx.2019-ci il tarixli 931 nömrəli məktubdan görünür ki, həmin etibarnamə rəsmiləşdirilən zaman X10 şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmış və əqdin gələcəkdə baş verə biləcək hüquq nəticələri notarius tərəfindən ona izah edilmişdir, etibarnamənin mənasını tam başa düşdüyünü, özünün məqsədlərinə və iradəsinə uyğun olduğunu bildirən X17 etibarnamədə öz xətti ilə bu barədə ayrıca qeyd də etibarnamədə öz xətti ilə bu barədə ayrıca qeyd də yazaraq etibarnaməni imzalamışdır, X13 hər hansı psixi pozuntunun olmadığından notarius tərəfindən əqd təsdiqlənmişdir. İş materiallarında olan Xətai rayon MKTB-nin 96 saylı mənzil-kommunal sahəsi tərəfidnən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, X17 1984-cü ilin may ayından 2018-ci ilin sentyabr ayına qədər ünvan 4andarov küçəsi ev 82, 26 saylı mənzildə yaşamış və 2018-ci ilin aprel-may ayları da daxil olmaqla mənzilin kommunal xərcləri daim X10 özü tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 1715/2019 saylı qətnaməsi ilə cavabdehlər X4, X10 və X19 iddiaçı Cavabdeh3 ünvan 4andarov küçəsi ev 82, 26 saylı mənzildən istifadə hüquqları itirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 7E-4972 reyestr nömrəsi ilə təsdiq olunmuş Rusiya Federasiyası, Leninqrad vilayəti, Vsevolojski notarial dairəsinin notariusu tərəfidnən təsdiq edilmiş ** BA ***0406 saylı Razılıq ərizəsinə əsasən, İddiaçı anası X14 məxsus ünvan 4andarov küçəsi ev 82, 26 saylı mənzil ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə öz razılığını vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərarına əsasında qüvvədə qalan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-580/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə işin müəyyən olunmuş hallarında görünür ki, məhkəmə-psixiatriya ekspertizasının 792 saylı, xx.xx.2019-cu il tarixli rəyində, X6 baş beynin şiş xəstəliyi nəticəsində demensiya (ağıl zəifliyi) qeyd olunur. Bunu anamnestik məlumatlar - son iki lidə kobud yaddaş pozuntularının qeyd olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə çətin daxil olması, sualların mövzusundan yayınması, təfəkkürünün azproduktivliyi, əhvali-ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektinin kobud pozulması, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Tibbi sənədlərə əsasən V.A.Sadıqovada psixi və davranış pozuntuları 2018-ci ilin əvvəllərindən başlamışdır. Hal-hazırda X1 qeyd olunan demensiya (ağıl zəifliyi) nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-psixiatriya ekspertizasının 2680 saylı, 25 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, X11 2018-ci ilin yanvarında nevroloji əlamətlər və bəzi nevrotik səviyyəli pozuntular meydana çıxmışdır. xx.xx.2018-ci il tarixdə beyin şişi ilə əlaqədar Neyrocərrahlıq Mərkəzində cərrahiyyə əməliyyatı olunmuşdur. Neyrocərrahiyyə Xəstəxanasında olduğu dövrdə V.A.Sadıqovanın psixi vəziyyəti təsvir olunmamışdır. xx.xx.2019-cu il tarixdə 7 saylı Şəhər Poliklinikası tərəfindən psixiatrın konsultasiyasına göndərilmişdir. xx.xx.2019-cu il tarixdə X15 2 saylı X5 həkim-psixiatr komissiyasına təqdim olunmuş və “Baş beynin üzvi xəstəliyi (şiş mənşəli) nəticəsində yaranan psixi pozuntular və ağır ağıl zəifliyi (demensiya)” diaqnozu təyin olunmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 792 saylı rəyində X11 “Baş beynin şiş xəstəliyi nəticəsində demensiya ağıl zəifliyi” diaqnozu təyin olunmuşdur. Beləliklə tibbi sənədlərdən (toplanmış anamnestik məlumatlardan) göründüyü kimi şiş xəstəliyinin ilk klinik təzahürləri 2018-ci ilin yanvarına təsadüf etsə də, həmin dövrdə onda hər hansı ciddi psixi pozuntu əlamətləri qeyd olunmamışdır. V.A.Sadıqovada psixi fuznksiyalarının pozulmaları xx.xx.2018-ci ildə keçirdiyi "Kraniotömiya və şişin xaric edilməsi” cərrahi əməliyyatından sonra başlamışdır. xx.xx.2019-cu il tarixdə 2 saylı KPX-nin həkim-psixiatr komissiyası tərəfindən “Ağır ağıl zəifliyi demensiya” diaqnozu müəyyən edilmişdir. Bu səbəbdən məhz xx.xx.2019-cu il tarixdən X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. 29 mart 2018-ci il tarixdə X7 psixi vəziyyətində hər hansı pozuntunun olması barədə tibbi sənədlərdə heç bir məlumat yoxdur. V.A.Sadıqovanın psixi vəziyyətində kobud dəyişikliklərin cərrahiyyə əməliyyatından sonrakı dövrdə başlaması belə nəticəyə gəlməyə əsas verir ki, o, 29 mart 2018-ci il tarixdə Cavabdeh1 etibarnamə verdiyi anda öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmuşdur. Həmin qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-psixiatriya ekspertizasının 2465 saylı, 16 sentyabr 2020-ci il rəyindən görünür ki, Ekspert psixiatr keçirilən ilkin və əlavə ambulator məhkəmə-psixiatrik ekspertizaları təqdim edilmiş tibbi sənədlərin tədqiqatından başlayır və sonra canlı şəxslə apardığı sorğu-sual (müsahibə) gedişatında yoxlanılan şəxsin psixi sferalarında təzahür edən hər-hansı bir psixi pozuntunun aşkar edilib-edilməməsindən asılı olaraq ekspert qarşısında qoyulan sualları cavablandırır. (Kliniki psixopatoloji metod), göstərildiyi kimi ekspert təqdim edilmiş tibbi sənədlərin tədqiqatını başa çatdırdıqdan sonra və təqdim edilmiş şəxsin hazırki psixi vəziyyətini nəzərə alaraq V.Sadıqovada olan psixi funksiyaların pozulmalarının məhz xx.xx.2018-ci ildə keçirdiyi cərrahi əməliyyatdan sonra başlaması qənaitinə gəlmişdir. (Kliniki psixopatoloji metod). Ekspert-psixiatr tərəfindən tərtib edilmiş rəydə göstərilir ki, X11 2018ci ilin yanvarında nevroloji əlamətlər və bəzi nevrotik səviyyəli pozuntular meydana çıxmış, vəziyyəti ilə əlaqədar xx.xx.2018-ci il tarixdə beyin şişi ilə əlaqədar Neyrocərrahlıq Mərkəzində əməliyyat olunmuş, lakin Neyrocərrahiyyə Xəstəxanasında olduğu dövrdə V.A.Sadıqovanın psixi vəziyyəti təsvir olunmamışdır. Neyrocərrahlıq Xəstəxanasının xəstənin stasionar tibbi kartından çıxarışda qeyd edilən “nitqin və davranışın pozulmaları səbəbindən xəstə ilə bir başa nitq kontaktı çətinləşib, onda ciddi yaddaş pozuntuları var” kimi qeydlərin aparılmasına səbəb şəxsdə psixi pozuntuların olması ola bilərmi sualına cavab olaraq göstərmək olar ki, V.A.Sadıqovanın psixi vəziyyətində 2018-ci ilin yanvarından başlayaraq biruzə verən nevroloji və psixi pozuntular tədricən artaraq xx.xx.2018-ci il tarixdə Neyrocərrahlıq Xəstəxanasında olduğu zaman onda nitq və davranış pozuntularının təzahür etməsi ilə əlaqədar onunla birbaşa nitq kontaktının çətinləşməsi və yaddaş pozuntularının aşkar edilməsi istisna edilmir. Tibbi sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə X15 2 saylı X5 həkim-psixiatr komissiyasına təqdim olunmuş və onda “Baş beynin üzvi xəstəliyi (şiş mənşəli) nəticəsində yaranan psixi pozuntular və ağır (demensiya)” diaqnozu təyin olunmuşdur. Tibbi sənədlərin tədqiqi və təhlili nəticəsində qoyulan suala cavab olaraq göstərmək olar ki, xx.xx.2019-cu il tarixdə X15 aşkar edilən “denmensiya (ağıl zəifliyi)” onda Neyrocərrahlıq Xəstəxanasında cərrahi əməliyyatdan bilavasitə əvvəl müəyyən edilmiş psixi pozuntular (Neyrocərrahlıq Xəstəxanasının stasionar tibbi kartından çıxarışına görə qeyd edilən nitq və davranış pozuntularının təzahür etməsi ilə əlaqədar onunla birbaşa nitq kontaktının çətinləşməsi və yaddaş pozuntularının aşkar edilməsi) cərrahi əməliyyatdan sonra daha da artması səbəbindən meydana gəlmişdir. Beləliklə qeyd edilməlidir ki, X11 müəyyən edilən “demensiya” xx.xx.2018-ci il tarixdə və ondan əvvəl meydana gəlməmişdir. Tibbi ədəbiyyata görə son diaqnoz kimi demensiyanın müəyyən edilməsi üçün müxtəlif müddətlər ərzində (bir neçə aydan bir neçə ilə kimi-beyin damarlarının aterosklerozu, beyin şişləri, beyin sifilisi, Parkinson xəstəliyi, Hentinqton xoreyası və s.) psixi pozuntu əlamətlərinin tədricən artması nəticəsində meydana gəlməsi və həmçinin qısa müddət ərzində (beyin insultu, beyin damarının trombozu, cərrahi əməliyyatdan sonra) demensiyanın meydana gəlməsi göstərilir. Həmin Qətnamədən görünür ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, X11 müəyyən edilən “demensiya” xx.xx.2018-ci il tarixdə və ondan əvvəl meydana gəlməməsi, yəni 29 mart 2018-ci il tarixdə Cavabdeh1 etibarnamə verdiyi anda öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olması müəyyən olunsa da, qeyd edilən ekspertiza rəyləri ilə həmçinin X7 xx.xx.2019-cu il tarixdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması da müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-3699/2019 saylı qətnaməsi ləğv olunmuş, 16 may 1940-cı ildə Rusiya Federasiyası, Tatarıstan Respublikasında anadan olmuş X15 fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti tərəfindən verilmiş Sərəncamdan çıxarışa əsasən, X22 anası V.Sadiqovanın üzərində qəyyum təyin edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixində V.Sadiqova qızı Cavabdeh1 daşınmaz əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Qüvvədə olan məhkəmə Qərarına əsasən, X15 fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir, həmin Qərarla işin müəyyən olunmuş hallarına əsasən, o, 29 mart 2018-ci il tarixdə, yəni Cavabdeh1 etibarnamə verdiyi anda öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmuşdur. V.Sadiqovada psixi funksiyaların pozulmaları xx.xx.2018-ci ildə keçirdiyi cərrahi əməliyyatdan sonra başlamışdır, xx.xx.2019-cu il tarixdə ona “baş beynin üzvi xəstəliyi nəticəsində yaranan psixi pozuntular və ağır ağıl zəifliyi (demensiya) diaqnozu qoyulmuşdur, o, həmin tarixdən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməli olması müəyyən edilmişdir. Xətai rayon İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamdan çıxarışa əsasən, hazırki iş üzrə İddiaçı V.Sadiqovanın üzərində qəyyum təyin edilmişdir. Mübahisəli ünvan 4andarov küçəsi ev 82, mənzil 26 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılmışdır, daha sonra həmin mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən digər Cavabdeh3 satılmışdır, Cavabdeh3 hazırda həmin mənzildə yaşayır. Bununla belə, V.Sadiqovanın mübahisələndirilən etibarnaməni verməyə məcburetmə halları, yaxud etibarnamənin etibarsız sayılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Kollegiya iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, V.Sadiqova Cavabdeh1 etibarnamə verdiyi anda, yəni xx.xx.2018-ci il tarixində öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmuşdur ki, bu da əqdin həmin əsasla məhkəmə tərəfindən etibarsız hesab olunmasını istisna edir. Digər tərəfdən etibarnamənin verilməsinə məcbur etmə halı məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri əsassızdır və buna görə də iddianın təmin olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. MM-nin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-nin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-nin 342.1-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. MM-nin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-nin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-nin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Kollegiya apellyatorun X10 Azərbaycan dilini bilmədiyindən etibarnamənin mahiyyəti ona aydın olmaması, tərcüməçinin işə dəvət edilməməsi, etibarnamənin Venera Sadiqova tərəfindən imzalanmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, aşağıdakıları qeyd edir. İlk olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının 02 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/425 saylı, 3 iyun 2022-ci il tarixli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş , X10 adından Cavabdeh1 adına olan 29 mart 2018-ci il tarixli, 7E-6560 saylı reyestlə qeydə alınmış 626626 saylı etibarnamənin üz tərəfində “İmza:” qrafasındakı imza və “Sadikova” soyadı, etibarnamənin arxa tərəfindəki yazılar və yazıların sonundakı imza – X15 tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, etibarnamə X17 tərəfindən imzalanmış, etibarnamədə “baş etibarnamənin mətni mənə aydınlaşdırıldı, etibarnamə mənim tərəfindən verildi” yazıları və qarşısındakı imza X17 tərəfindən icra olunmuşdur. Notariat hərəkətlərinin aparıldığı zaman qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu hissəsinə əsasən notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir. Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir. Göründüyü kimi, X17 tərəfindən imzalanmış etibarnamədə o, öz bildiyi dildə “baş etibarnamənin mətni mənə aydınlaşdırıldı, etibarnamə mənim tərəfindən verildi” yazılarını özü yazaraq, qarşısında imza etmişdir. Bu hal bir daha təsdiq edir ki, notarius tərəfindən baş etibarnamənin mətni, hüquqi nəticələri X14 izah olunmuşdur. Digər tərəfdən kollegiya apellyatorun 15 oktyabr 2014-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərara istinad etməklə etibarnamənin məcburetmə halında bağlanması ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, 2014-cü ildə ana ilə övladı arasında məişət zəmnində baş vermiş mübahisədən sonra, 4 il müddətində onlar birlikdə yaşamış, onların arasında münaqişəli vəziyyətin olması, X7 etibarnamənin verilməsinə məcburetmə halları müəyyən olunmamış, iddiaçı bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 110 manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-23/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 110 (yüz on) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar