Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1043/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı şəhəri, 31 yanvar 2023-cü il X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5575/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 1-də yerləşən 22Q/1 saylı fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********00001 nömrəli abonent kodu verilmişdir.
2. Cavabdeh əməkdaşları tərəfindən həmin sayğaca keçirilmiş baxış nəticəsində 2022-ci ilin yanvar, mart, aprel, may, iyun və iyul ayları üzrə 6 dəfə akt tərtib edilmişdir. Aktlarda iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz çəkilmiş xətt üzrə istifadə edilməsi qeyd edilmiş və həmin aktlar üzrə ümumilkdə 3.335,04 manat məbləğində maddi zərər hesablanaraq, aylara uyğun olaraq iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Döngə 1-də yerləşən 22Q/1 saylı fərdi yaşayış evinə (kod: **********00001) hesablanmış 3.335,04 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. İstifadəsində ilkin vaxtlardan belə smart tipli qaz sayğacı olmuşdur. Bir müddət bundan öncə smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, guya tərəfindən təbii qazdan qanunsuz olaraq, kənar xətt vasitəsi ilə istifadə olunduğu üçün barəsində 2022-ci ilin yanvar, mart, aprel, may, iyun və iyul aylarında “Təbii qazdan istifadə qaydalannın pozulması haqqında” aktlar tərtib edilmiş və ümumilikdə ona 3.335,04 manat məbləğində cərimə hesablanmışdır. Belə hallara yol vermədiyini vurğulasa da, dediklərinə məhəl qoyan olmamışdır. Cərimənin hesablanmasına əsas olmuş sənədlərə baxdıqda müəyyən etmişdir ki, cavabdeh tərəfindən saxta akt tərtib edilmiş və bununla yanaşı, cərimə məbləği də süni şəkildə şişirtmək üçün aktda istifadəsində olmayan cihaz, habelə cihazların 90 gün müddətində 24 saat işlədiyi göstərilmişdir. Evində kombi və 4 gözlü qaz plitəsi var. Həmin cihazlar 24 saat işləmir. Onun evində yay aylarında 360-370 manat dəyərində təbii qazdan istifadə edilməsi mümkün deyil. O, heç vaxt təbii qazdan qanunsuz istifadə etməmiş, istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq, cavabdehin əməkdaşları onun bu iradlarına və tələblərinə məhəl qoymamışlar. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlar kim tərəfindən və nə zaman tərtib edildiyindən məlumatı olmamışdır. Digər tərəfdən aktlardan da görünür ki, cavabdeh saxtakarlığa yol verərək, həqiqətə uyğun olmayan halı əsas gətirərək ona cərimə hesablamışdır. Aktda qeyd edilən hesablamanın da hansı qanunvericiliyə əssən aparıldığını müəyyən etmək olmur. Cavabdeh öz mülahizəsinə əsasən, ona və onun ailəsinə hər hansı məlumat vermədən və heç bir qanuna əsaslanmadan əsassız borc hesablamışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(011)- 5575/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00001) dair İddiaçı hesablanmış 3.335,04 manat məbləğində borcun silinməsi, 53,35 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X4)
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin düzgün həlli edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcısının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 3.335,04 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 448.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci, 119.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar çəkilmiş xətt üzrə qeyri-qanuni istifadə etməklə cavabdehə 3.335,04 manat məbləğində ziyan vurmuşdur. Bu məbləğ iddiaçıya aid abonent koduna vurulmuş və iddiaçı tərəfindən ödənilməlidir. Lakin məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğac üzrə saldo, aktlar, fotoşəkillər əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. İddiaçı tərəfdən isə qanunsuz qoşulmanın həyata keçirilməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və iddia ərizəsində göstərilənlərdən əlavə, onun istifadə və sahibliyində olan fərdi yaşayış evinin 4 otaqlı olduğunu, evdə su qızdırıcıdan, qaz plitəsindən və dəmir sobadan istifadə edildiyini, orada ümumilikdə 7 nəfər şəxsin daimi əsaslarla yaşadığını, qış aylarında təbii qazdan istifadə edilməsinə görə hər ay təxminən 70-80 manat məbləğində pul ödədiyini qeyd etmiş, eyni zamanda, ilk olaraq iş materiallarında olan fotoşəkillərdə əks olunmuş evin və sayğacın ona hər hansı aidiyyətinin olmadığını, daha sonra fotoşəkillərdə onun evinin arxa hissəsinin əks olunduğunu, həmin sayğacın onun evinin arxasında yerləşdiyini və sayğac üzrə qanunsuz qoşulmaya qonşu evdə yaşayan qohumu tərəfindən yol verildiyini, onun evinə aid olan abonent saldosunda aktların tərtib edildiyi aylar üzrə sərfiyyatın aşağı olmasının səbəblərini bilmədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən maddi hüquq hüquq normaları
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən fotoşəkillərdə əks olunmuş sayğacın iddiaçıya məxsus olan fərdi yaşayış evinə aid olub-olmadığını, iddiaçı tərəfindən qanunsuz qoşulma halına yol veribvermədiyini, həmin evdə yaşayan şəxslərin və istifadə olunan cihazların sayını, aktların tərtib edildiyi aylarda sayğac üzrə istifadə edilmiş təbii qazın həcmini aydınlaşdırmamışdır. Nəticədə maddi və hüquq normalarını düzgün tətbiq etməmiş və bu səbəbdən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslalan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir.
22. İddiaçı və onun ailə üzvləri (iddiaçının etirafına əsasən cəmi 7 nəfər) Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Döngə 1-də yerləşən 22Q/1 saylı fərdi yaşayış evində yaşayır. Həmin ev 4 otaqlıdır və hüquqi vəziyyətində görə özbaşına tikili olmaqla, iddiaçıya məxsusdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla iddiaçıya **********00001 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4) və 1 ədəd qızdırıcı radiatorun istifadə edildiyi göstərilsə də, iddiaçı evdə su qızdırıcıdan, qaz plitəsindən və dəmir sobadan istifadə edildiyini etiraf edir.
23. Cavabdehin əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində ümumilikdə 27.792 m3 həcmində ziyanın vurulması əsası ilə eyni tarixli aktlar tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən ( 1 m3 0,12 manatdan hesablanmaqla) 3.335,04 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərarlar qəbul edilmişdir. Aktlarda iddiaçının aktları imza etməkdən imtina etdiyi göstərilmişdir. Lakin iddiaçı keçirilən baxışlar barədə ona hər hansı məlumatın verilmədiyini, o cümlədən aktın tərtib edilməsində iştirak etmək üçün dəvət edilmədiyini bildirir. Belə olan halda, həmin aktların etibarlığı, o cümlədən aktlarda aparılmış hesablamaların düzgünlüyü şübhə altına alınır. Başqa sözlə, mövcud vəziyyətdə həmin aktlar iddiaçının təbii qazdan qaz xəttindən kənar istifadə etməsini təsdiq etmir, belə bir qənaətə gəlmək üçün yalnız bu aktların mövcudluğu kifayət deyil.
24. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, baxış zamanı cavabdehin əməkdaşları tərəfindən fotoşəkillər də çəkilmişdir və bu fotoşəkillərdən qaz xəttindən başqa bir xəttin ayrıldığı açıq və aşkar görünür. Fotoşəkillərdə əks olunmuş qaz sayğacının tipi (Smart G-4 X13) və nömrəsi (**********6) iddiaçıya aid abonent saldosunda əks olunmuş sayğac barədə məlumatlarla eynilik təşkil edir. İddiaçı ilk olaraq bu fotoşəkillərdə əks olunmuş evin və sayğacın ona hər hansı aidiyyətinin olmadığını, daha sonra fotoşəkildə onun evinin arxa hissəsinin əks olunduğunu, həmin sayğacın onun evinin arxasında yerləşdiyini və sayğac üzrə qanunsuz qoşulmaya qonşu evdə yaşayan qohumu tərəfindən yol verildiyini bildirir, lakin bu halı təsdiq edən hər hansı sübut təqdim etmir. Başqa sözlə, iddiaçı bir neçə dəqiqə ərzində biri-birinə uyğun olmayan ziddiyyətli mövqeylərdən çıxış edir, lakin həm bu mövqeylərinin hər hansı birini, həm də ona aid sayğacın hər hansı başqa yerdə yerləşməsini sübuta yetirə bilmir. Hər bir halda, qanunsuz qoşulmaya həqiqətən də onun qonşuluğunda yerləşən evdə yaşayan qohumu tərəfindən yol verilsə idi, həmin şəxs qanunsuz xətti öz evinin və sayğacının yerləşdiyi yer üzrə çəkmiş olardı və fotoşəkillərdə əks olunmuş sayğacın məlumatları iddiaçının istifadəsində olan sayğacın məlumatları ilə eynilik təşkil etməzdi. Qeyd edilənlər də öz növbəsində fotoşəkillərdə əks olunmuş kənar xəttin iddiaçıya aid olduğunu təsdiq edir.
25. Digər tərəfdən iddiaçı ailə üzvləri ilə birlikdə daimi əsaslarla qeyd edilən evdə yaşadığını və qış aylarında təbii qazdan istifadə edilməsinə görə hər ay təxminən 70-80 manat məbləğində pul ödədiyini qeyd edir. Lakin ona aid abonent saldosuna əsasən karta 2022-ci ilin yanvar ayında 5 manat, mart ayında 6 manat, aprel ayında 8 manat, iyun ayında 6 manat məbləğində pul yüklənmiş, həmin pulun bir hissəsi də hesablanmış borca silinmişdir. Bu məbləğə uyğun həcmdə xüsusilə də yanvar ayında sərfiyyatın olması həmin evdə 7 nəfərin daimi əsaslarla yaşaması və 3 cihazın, o cümlədən dəmir sobanın olması, həm də iddiaçının özünün izahatı ilə istisna olunur. Beləliklə, belə az məbləğdə pulun yüklənməsi bilavasitə iddiaçının təbii qazdan sayğacdan kənar, yəni qanunsuz qoşulma yolu ilə istifadə etməsini təsdiq edir.
26. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Aşkar edilmiş pozuntularla bağlı aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktlardan başqa, iş materiallarında olan sənədlərlə və iddiaçının özünün izahatı və ziddiyyətli mövqeyi ilə tam sübuta yetir. Başqa sözlə, iddiaçı sayğacdan kənar xətt çəkmiş və təbii qazdan məhz həmin xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurmuşdur.
27. Lakin məhkəmə kollegiyası aktlarda və aktlar əsasında qəbul edilmiş qərarlarda aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilk aktı xx.xx.2022-ci il tarixdə tərtib etsə də, zərər məbləğini 90 gün əvvəli əhatə etməklə hesablayır. Müddət etibarı ilə cavabdeh qanuna zidd əməlin əvvəli kimi 30 oktyabr 2021-ci il tarixini, sonu kimi isə xx.xx.2022-ci il tarixini əsas götürür. Bu baxımdan ilk öncə cavabdehin qanunsuz qoşulmasının həqiqətən də ilk aktın tərtib edildiyi, yəni xx.xx.2022-ci il tarixdən 90 gün əvvəl baş verdiyi müəyyən edilməlidir. Lakin cavabdeh qanunsuz qoşulmanın xx.xx.2022-ci il tarixdən əvvəl baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillər isə ən yaxşı halda xx.xx.2022-ci il tarixinə aiddir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq xx.xx.2021-ci il tarixdən istifadə etməsi barədə cavabdehin iddialarını əsassız hesab edir və belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli akt etibarsızdır. Bu səbəbdən həmin akta əsasən hesablanmış 1062,72 manat məbləği iddiaçıdan tutula bilməz. Bu tarix yalnız qanunsuz qoşulmanın əvvəli kimi nəzərə alına bilər.
28. Cavabdeh qanunsuz qoşulma ilə bağlı ilk aktı xx.xx.2022-ci il tarixdə sonuncu aktı isə xx.xx.2022-ci il tarixdə tərtib etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qanunsuz qoşulma halına yol verildiyi müddət kimi, 6 aylıq dövrü əsas götürür və qəbul edir (xx.xx.2022-xx.xx.2022).
29. Abonentin saldosunda iki cihazın göstərilməsinə baxmayaraq, iddiaçı evdə aktlarda göstərilmiş hər 3 cihazın olduğunu etiraf edir. Aktlara əsasən hər bir cihaz üçün hesabat 24 saat üzrə aparılmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur. Su qızdırıcısı isə konkret olaraq isti su tələb olunduğu hallarda istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə mövqeyini əsassız hesab edir.
30. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda qaz plitəsinin (PQ-4) maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, hər bir cihazın orta günlük iş rejimi isə 24 saat müəyyən edilmişdir. 2022-ci ilin may, iyun və iyul ayları üzrə dəmir soba qeyd edilməmiş, bu aylar üzrə su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfinin müvafiq olaraq 2,25 m3 / saat, 3 m3 / saat və 3 m3 / saat olduğu, habelə aprel ayı üzrə 2 ədəd dəmir sobadan istifadə edildiyi göstərilmişdir. Lakin saatlıq qaz sərfinin həcminin dəyişməsinin səbəbləri barədə hər hansı məlumat verilməmiş, habelə aprel ayı üzrə 2 ədəd dəmir sobadan istifadə edilməsi barədə hər hansı sübut təqdim edilməmişdir.
31. Bu səbəbdən məhkəmə kollegiyası cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyini nəzərə alıb hesab edir ki, hesablama qaz plitəsinin (PQ-4) maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, orta günlük iş rejimi 4 saat, su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 5 saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi isə 18 saat əsas götürülməklə aparılmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində də 6 aylıq müddət üçün istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri qaz plitəsi üzrə (1,2 x 4 saat x 180 gün x 0,12 manat = 103,68) 103,68 manat, su qızdırıcısı üzrə (1,5 x 5 saat x 180 gün x 0,12 manat = 162 manat) 162 manat, dəmir soba üzrə isə (1,4 x 18 saat x 90 gün x 0,12 manat = 272,16 manat) 272,16 manat, cəmi (103,68 + 162 + 272,16 = 537,84) 537,84 manat təşkil edir. Bu məbləğ iddiaçının hər ay təbii qazdan istifadə etməsinə görə ödədiyini etiraf etdiyi məbləğə də yaxındır (6 ay x 80 manat = 480 manat). Məhz bu məbləğ ödənilməli olan, lakin ödənilməmiş və nəticədə cavabdehə vurulmuş maddi zərər məbləği kimi qəbul edilməli və cavabdeh tərəfindən hesablanmış 3.335,04 manat puldan çıxılmalı (3.335,04 – 537,84 = 2.797,20), qalan 2.797,20 manat məbləğində pul cavabdeh tərəfindən əsassız olaraq hesablanmış məbləğ kimi silinməlidir.
32. Silinməsi müəyyən edilmiş məbləğ nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 48 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
33. Göstərilənləri nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5575/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Döngə 1-də yerləşən 22Q/1 saylı fərdi yaşayış evi (abonent kodu **********00001) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2.797,20 manat məbləğində borc silinməli, İddiaçı ödəməkdən azad edildiyi 48 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
34. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5575/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Döngə 1-də yerləşən 22Q/1 saylı fərdi yaşayış evi (abonent kodu **********00001) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2.797,20 (iki min yeddi yüz doxsan yeddi manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.