Məhkəmə qərarları › İş №2(103)-1045/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1045/2025

18.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1045/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1045/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdeh, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Nurəliyeva (Xankişiyeva) Aynurə Şirinağa qızına qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5/2018 nömrəli 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 16.03.2017-cü il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin balansında və istismarında olan dəmir yolunun Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfindən X8 tərəfindən tikinti işləri aparılmışdır.

2. “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən, dəmir yolunun kənar relsindən mühafizə zonası ən azı 50 metr müəyyən edilir.

3. Sökülməsi tələb edilən fərdi yaşayış evi dəmir yolundan 12 metr məsafədə inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" QSC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin balansında və istismarında olan Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində X8 tərəfindən inşa edilən qanunsuz tikilinin cavabdehin hesabına sökülərək, dəmir yolunun mühafizə zolağından kənarlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini belə əsaslandırılmışdır ki, QSC-nin balansında və istismarında olan dəmir yolunun Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində cavabdeh X8 tərəfindən qanunsuz olaraq tikinti işləri aparılmışdır. Tikinti işlərinin dayandırılması üçün "xxxx" QSC tərəfindən müvafiq tədbirlərinməsi məqsədi ilə Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət etmişdir. 2017-ci ilin mart ayında X14 əməkdaşları tərəfindən cavabdeh Şirinağa Nurəliyevə Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsinin tələbini pozduğuna görə inzibati xəta haqqında protokol tərtib edilərək tikintinin dayandırılması, həmin ərazinin tikint materilallarından təmizlənərək, əvvəlki vəziyyətinə qaytarılması tələb edilərək ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli Qərarı və "xxxx" QSC sədrinin xx.xx.2015-ci il tarixli 120/S nömrəli əmrinin tələbləri, eləcə də bu kimi hallara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndinin 3cü abzasına əsasən təhkim zolağı – dəmir yolunun mühafizə zonasına aid olan və dəmiryol xətlərinin torpaq yatağına bitişən, dəmiryol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədi ilə "xxxx" QSC-yə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryol təyinatlı torpaqlardır. Həmin Qaydaların 15, 16, 17, 21 və 23-cü bəncdlərinə əsasən xüsusi mühafizə hüdüdlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu faəliyyət növü istisna olmaqla, xüsusi mühafizə zonasında hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə ADDY tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısa müddətli istifadəyə verilə bilər. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni çətinləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı sanitariya-mühafızə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar. Hesab edirlər ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə, Torpaq Məcəlləsinin 22-ci Maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə əsasən "xxxx" QSC-nin balansında və istismarında olan Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində X8 tərəfindən inşa edilən qanunsuz tikili cavabdehin hesabına sökülərək, dəmir yolunun mühafizə zolağından kənarlaşdırılmalıdır.

6. İddiaçı "xxxx" QSC-nin nümayəndəsinin vəsatətinə əsasən əsl olmayan cavabdeh X8 əsl cavabdeh X6 ilə əvəz edilmişdir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli 2(002)- 3035/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 12082 saylı ekspert rəyindən görünür ki, dəmir yolunun Ələt- Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində tikinti işlərinin kimin tərəfindən həyata keçirildiyini müəyyən etmək ekspertin səlahiyyətlərindən kənar olduğundan bu sual üzrə tədqiqat aparılmamışdır.

9. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən – relslərdən 12 metr məsafədə inşa edilmiş fərdi yaşayış evi dəmir yolu xəttinin mühafizə zolağına düşür.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 oktyabr 2018-ci il tarixli 2(002)-5/2018 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia təmin edilmiş, "xxxx" QSC-nin balansında və istismarında olan Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfindən inşa edilən qanunsuz tikili cavabdeh X1 hesabına sökülərək, dəmir yolunun mühafizə zolağından kəndarlaşdırılması, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, mübahisəli tikili özbaşına tikilidir, həmin tikili QSC-nin balansında və istimarında olan dəmir yolunun Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində relsdən 12 metr məsafədə inşa edilmişdir və dəmir yolu xəttinin mühafizə zonasında düşür, mübahisəyə tətbiq olan maddi hüquq normalarına əsasən həmin tikili sökülməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4, Mülki Prosessual Məcəllənin 14.2, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, 2018-ci ildə baxılan məhkəmə işindən və məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Bu yaxınlarda iyul ayında Qaradağ İcra və Probasiya şöbəsindən barəsində çıxarılan qətnaməni icra etməli olduğu bildirilmiş, əks halda İXM-nin 528-ci maddəsi ilə məhkəmə qarşısına çıxarılacağı bildirilmiş, lakin o, nə icra şöbəsində, nə də Qaradağ Rayon Məhkəməsində xx.xx.2024-cü ildə keçirilən inzibati xəta işinə baxılarkən qeyd olunan məhkəmə işindən və qətnamədən xəbərinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını dönə-dönə bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinə rəsmi qaydada ərizə ilə müraciət edərək indiyə kimi ona təqdim olunmamış 2018-ci ilin qətnaməsinin verilməsini xahiş etmişdir. Elə həmin gün məhkəmə qətnaməsi rəsmi qaydada ona təqdim olunmuşdur. Qətnamədən də göründüyü kimi iddiaçı "xxxx" QSC ilk olaraq cavabdeh kimi onun atası X5 qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbi ilə iddia qaldırmış, daha sonra guya əsl olmayan cavabdeh X8 əsl cavabdeh X6 ilə əvəz olunmuşdur. Onun isə bütün bunlardan heç bir formada heç vaxt xəbəri olmamışdır. Atası 10 yaşı olanda onları tərk etmiş, buna görə də onunla və anası ilə münasibətləri yaxşı olmamış, övladı kimi həmişə ona yad davranmışdır. Bu məhkəmə işinə onun adının salınması da onun fitnəsi ilə olmuşdur, baxmayaraq ki, iddiaçının ərazisində tikilən hasar elə atasının özü tərəfindən tikilmiş, onun bu işlə heç bir əlaqəsi olmamışdır. Məhkəmə onun dinlənilmə hüququnu təmin olunmadan heç bir sübuta əsaslanmadan onu cavabdeh kimi tanıyaraq ziyanına qətnamə qəbul etmişdir. Qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin orderi anasının adına olmuş, lakin atası X8 həmin mənzili ögey qardaşına ailəsi ilə birlikdə yaşamaq üçün vermişdir. Həmin mənzildə o, heç vaxt yaşamamışdır. Sadəcə pasport qeydiyyatında olmuşdur. Məhkəmənin bütün bildiriş və sənədləri də çox güman ki, həmin ünvana göndərilmiş, atasının diqtəsi ilə qəsdən ögey qardaşı tərəfindən qəbul edilərək ona heç bir formada xəbər verilməmişdir. Bir sözlə ondan gizlədilmişdir. Əlavə olaraq qeyd edir ki, həmin vaxt onun soyadı da fərqli olmuşdur. 2013-cü ildə şəxsiyyət vəsiqəsini dəyişərək yoldaşının Xankişiyeva soyadını götürmüşdür. Göründüyü kimi məhkəmə onun kimliyini belə dəqiqləşdirmədən qanunsuz qətnamə qəbul etmişdir. Həmin ünvanda yaşamadığını Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 156 saylı MKİS-in xx.xx.2024-cü il tarixli arayışı da təsdiq edir. Həmin arayışda göstərilir ki, qeydiyyatda olduğu ünvanda yaşamır. O, ailə qurduqdan sonra Qobustan qəsəbəsində yoldaşının ata evində qayınlarının ailəsi ilə birlikdə bir evdə yaşamış, yaşayış sahəsinə ehtiyacları olduğu üçün müraciəti əsasında Qaradağ rayonu Qobustan qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, Salyan-Bakı Yolu 56-cı km-də Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında 300 kv.m torpaq sahəsi mülkiyyət hüququ əsasında adına sənədləşdirilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsi barədə onunla alqı-satqı müqaviləsininn bağlanılması qərara alınmışdır. Həmin 3 sot torpaqda 3-4 ilə ev tikərək ailəsi ilə ora köçmüşlər. Onun evindən aralıda atasının evi olmuşdur. Həmin dövrdə o, ağır formada epilepsiya, nevroz xəstəliklərindən əziyyət çəkmişdir, tez-tez ürək getməsi olur, huşunu itirirdi. Yoldaşı da çox vaxt işdə olurdu. Qonşuluqda yaşayan atası guya ona canı yandığı üçün evinə gələrək onun öz evinə aid kommunal xidmətlər üçün lazım olan sənədləşdirmə işləri üçün evinə aid sənədləri ona verməyi xahiş etmiş, o da xəstə olduğu üçün qaz, su və digər sayğacların quraşdırılması və dgər kommunal xidmətlərin rəsmiləşdirilməsi üçün səhhətinin imkan vermədiyi üçün “atamdı deyə, inanıb” sənədlərini ona vermişdir. İndi ona aydın olur ki, o sənədlərindən xəbəri olmadan bəlkə də "xxxx" QSC ilə mübahisəsində istifadə etmişdi. Onun iddiaçıya aid sahədə hasar tikməsi, həmin ərazidə torpaqlar zəbt etməsini orada bütün qonşular bilirdi. Yuxarıda qeyd etdiyi kimi bələdiyyədən aldığı torpaq sahəsində tikdiyi evin "xxxx" QSC-nin balansında olan əraziyə aidiyyəti olmamışdır. Ümumiyyətlə, qətnamədən onun işə aidiyyətinin olmasını, əsas da iddiaçının balansında olan ərazidə tikinti işləri aparmamasını, hasar tikməsini təsdiqləyən heç bir dəlil yoxdur. Həmin tikinti və hasarı atası X8 tikmişdir. Onun evi həmin tikintidən ayrılıqda yerləşir. Onun həmin tikintiyə aidiyyətinin olmaması açıq-aşkardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Kollegiya tərəfindən X8 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv və iddianən rədd edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Üçüncü şəxs X8 qeyd etdi ki, mübahisəli ev ona məxsusdur. Evə dair kommunal xidmətələrə dair müqavilələri müvafiq tşkilatlarla o, bağlamışdır. Ev dəmir yolu xəttindən təxminən 20 metr aralıda yerləşir.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

23. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

29. İddiaçı hazırki tələbində cavabdeh qismində Cavabdeh göstərməklə, QSC-nin balansında və istismarında olan Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin cavabdehin hesabına sökülərək, dəmir yolunun mühafizə zolağından kənarlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya baxışı zamanı üçüncü şəxs X8 bildirmişdir ki, mübahisəli ev ona məxsusdur, cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur.

31. Apellyasiya baxışı zamanı üçüncü şəxs evə dair X7 büdcəsinin vergi ödəyicisi olan fizili şəxsin uçota alınması haqqında şəhadətnamə, həmçinin “X15” MMC-nin fərdi yaşayış evinin qazlaşdırılmasına dair 44/TŞ-2017-005833/C nömrəli xx.xx.2017-ci il tarixli İzahat və cizgilər təqdim etmişdir.

32. Qeyd edilən sənədlərdə fərdi yaşayış evinin ünvanı kimi Qaradağ rayonu, Qobustan qəsəbəsi S.Nəcəfov küçəsi göstərilmişdir.

33. Bundan əlavə üçüncü şəxs tərəfindən təqdim edilən “X15” MMC-nin fərdi yaşayış evinin qazlaşdırılmasına dair 44/TŞ-2017-005833/C nömrəli xx.xx.2017-ci il tarixli İzahat və cizgilərində olan evin fotoşəkilləri ilə iş materiallarında (iddia ərizəsinə əlavə olunan), o cümlədən ekspert rəyindəki fotoşəkillər eyni fərdi yaşayış evinə aiddir.

34. Yəni, aşkar şəkildə müəyyən olunur ki, iddiaçı əvvəlcə düz cavabdehə qarşı iddia qaldırsa da, sonradan cavabdehi dəyişmişdir. İşdəki sənədlərdən və fotoşəkilərdən isə aydın olur ki, sökülməsi tələb olunan fərdi yaşayış evi Cavabdeh yox, X5 məxsusdur və sonuncu tərəfindən inşa olunmuşdur. Cavabdeh inşa etdiyi yaşayış evi isə mübahisəli evin arxa tərəfində, ondan aralıda yerləşir.

35. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikilinin cavabdehlə bağlılığı müəyyən edilməmiş, həmin tikilidə başqa şəxsin yaşadığı müəyyən edilmişdir.

36. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.

37. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil, X8 olmalıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyil.

39. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" QSC cavabdeh Xankişiyeva (Nurəliyeva) Aynurə Şirinağa qızına qarşı "xxxx" QSC-nin balansında və istismarında olan Ələt-Qobustan mənzilinin 473-cü km. PK2-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin cavabdehin hesabına sökülərək, dəmir yolunun mühafizə zolağından kənarlaşdırılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar