Məhkəmə qərarları › İş №2(103)-10451/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10451/2021

10.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10451/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə,, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4959/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, 2016-cı ildən Cavabdeh MMCdə sürücü vəzifəsində işləyir. Əmək haqqı rəsmi olaraq 250 manat qeyd olunsa da, qeyrirəsmi olaraq hər ay əlavə 400-500 manat əmək haqqı alırdı. 18.01.2021-ci il tarixdən o və bir neçə digər əməkdaş işə buraxılmır və onlara əmək haqqı ödənilmir. Halbuki, hələ də onlarla əmək müqaviləsinə xitam verilməmiş və onlar rəsmi olaraq Cavabdeh MMC-nin işçisidir. Səbəb kimi barələrində araşdırmanın aparılması qeyd olunmuş, lakin artıq 7 aydan çox müddət keçməsinə baxmayaraq konkret olaraq nəyi araşdırdıqları aydın deyil. Onun tərəfindən hər hansı kobud pozuntuya yol verilmişdirsə, onunla bağlanan əmək müqaviləsinə xitam verilməlidir. Əmək müqaviləsinə xitam verilmədiyi halda işə buraxılmaması və ona əmək haqqı ödənilməməsi qanunsuz və əsassızdır. Bunun nəticəsində o, ciddi mənəvi sarsıntı keçirmişdir. Belə ki, həmin müddətdə ailəsini dolandıra bilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4959/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən iddiaçıya yeddi ay ərzində ödənilməmiş 1750 (min yeddi yüz əlli) manat məbləğində əmək haqqı və 250 (iki yüz) manat vurulmuş mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğu üçün iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin faktiki halları budur ki, İddiaçıla Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. Lakin işlədiyi dövrdə Cavabdeh MMC-yə zərər vurmuşdur. Bu fakt Cavabdeh MMC anbardarı Qurbanov Gündüz Cəlal oğlunun izahatı və audit hesabatı ilə təsdiq olunur. Həmin sənədlər iş materiallina əlavə olunmuşdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində mənəvi zərərə görə onun xeyrinə 4.000 manat mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qətnaməsinə əsasən qismən təmin edilərək mənəvi ziyana görə onun xeyrinə 250 manat məbləğində pulun tutulması qət edilmişdir. Hesab edir ki, həmin tələb əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, iddiaçı iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4959/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Binəqədi rayon prokurorluğunun 01.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC-nin anbardarı vəzifəsində işləmiş Atakişiyev Sadiq Mürşüd oğlunun və Qurbanov Gündüz Cəllad oğlunun MMC-nin 21037,55 manat pul vəsaitini mənimsəmələrinə dair MMC-nin müraciəti üzrə toplanmış material üzrə sonuncuların əməlində cinayət tərkibi olmadığına görə ... material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın məzmunundan göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya münasibətdə ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə iddia tələbinin iddiaçının məzuniyyət hüququndan istifadə edilməməsi və məzuniyyət üzrə pul əvəzinin öna ödənilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hal-hazırda xitam verilməmiş və o, məzuniyyət hüququndan istifadə etmək hüququna malikdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən iddiaçıya yeddi ay ərzində ödənilməmiş 1750 manat məbləğində əmək haqqı və 250 manat vurulmuş mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçın Cavabdeh MMC-də 12.08.2016-cı il tarixdən sürücü vəzifəsində işləyir, 250 manat əmək haqqı alır və onunla bağlanmış əmək müqaviləsinə hal-hazırda xitam verilməmiş, lakin 18.01.2021-ci il tarixli U/18-01-21/1486-2-2 saylı əmrə əsasən həmin tarixdən müvəqqəti olaraq işdən kənarlaşdırılmış və əmək haqqının hesablanması müvəqqəti olaraq dayandırılmışdır. Hazırda iddiaçı haqlı olaraq onunla bağlanmış əmək müqaviləsinin əsassız şəkildə müvəqqəti dayandırılmasına görə ona ödənilməyən əmək haqqını tələb edir. Hazırki halda cavabdehin iddiaçı tərəfindən ona ziyan vurulması halı öz təsdiqin tapmır və cavabdehlər iddiaçı arasında əmək müqaviləsi üzrə münasibətlər davam edir. Kollegiya hesab edir ki, tərəflər arasında əmək münasibətləri davam etdiyindən cavabdeh tərəfindən iddiaçıya əmək haqqının ödənilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlililləri yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan əsassızdır və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4959/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4959/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar