Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1046/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin 2 saylı mədənin 1-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Binəqədi rayonu X5 152 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı ilə cavabdeh X8 verilmiş torpaq sahəsi Şirkətin saziş ərazi hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin şirkətin ərazi hüdudlarında yerləşməsi və torpaq sahəsində tikilinin mövcudluğu mübahisə doğurmur. Tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyənin sərəncamının qanuniliyi mübahisələndirilsə də, məsələyə mahiyyəti üzrə baxılmamış və iddia tələbi mümkünsüz sayılmışdır. Bələdiyyənin sərəncamının ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı hal müəyyən edilmir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 saylı mədənin 1-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1597 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir.
4. Hesab edirlər ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neftqaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X19 haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X21 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia rədd edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilmiş, 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, şəxsin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir.
7. Mübahisəli ev neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Lakin iddiaçının belə bir təklifi olmamışdır.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə X5 152 saylı, 14 fevral 2007-ci il tarixli Sərəncamı qüvvədə olduğu halda İddiaçı şirkətinin cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 14, 139.1, 180, 180.3-cü maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mübahisələrə dair qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə mübahisəli tikilinin iddiaçı Şirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edildiyini, cavabdehin həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etmədiyini, mübahisəli evin neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğunu bildirməklə yanaşı, özbaşına tikilinin inşa edildiyi torpaq sahəsinə dair cavabdehə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən müvafiq sərəncamın verildiyini, bununla da tikilinin özbaşına olmadığını və Şirkətin iddia tələbinin yalnız cavabdehə müvafiq kompensasiya ödənilməklə təmin edilməsinin mümkün olduğunu qeyd edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində sadaladığı fikir və ifadələr həm əsassızdır, həm də tam bir-birinə ziddiyyət təşkil edir. Yəni, əgər cavabdehin sözügedən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə heç bir hüququ mövcud deyildirsə və cavabdeh özbaşına olaraq Şirkətə məxsus ərazini zəbt edərək orada Şirkətin heç bir razılığı olmadan qanunsuz tikili inşa etmişdirsə, bu cavabdehin qanunsuz əməli nəticəsində Şirkətin ona hər hansı bir məbləğdə kompensasiya ödəməli olması anlamına gəlmir. Məhkəmənin özünün də vurğuladığı kimi, mübahisəli torpaq sahəsi Şirkətə məxsus kontrakt sahəsinin hüdudları daxilində yerləşir, bu səbəbdən də Şirkətə aid torpaq sahəsində cavabdehin inşa etdiyi tikili də özbaşına tikili hesab edilməlidir. Bir sözlə, “Şirkətin iddia tələbinin yalnız cavabdehə müvafiq kompensasiya ödənilməklə təmin edilməsinin mümkün olması” absurd bir fikirdir. Əvvəla ona görə ki, məhkəmənin əsaslandığı - cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılması barədə Bakı şəhəri X5 152 saylı, xx.xx.2007-ci il tarixli sərəncamının hüquqi qüvvəsi yoxdur. Belə ki, məlum olduğu kimi, Şirkətin fəaliyyət göstərdiyi torpaq sahəsinin Şirkətin qanuni istifadəsinə verilməsi barədə “X19 haqqında” Beynəlxalq Saziş 29 sentyabr 2004-cü il tarixdə imzalanmış və həmin Saziş 2005-ci il may ayında Qanun statusu almışdır. Şirkət isə həmin torpaq sahələrində 01 sentyabr 2005-ci il tarixdən fəaliyyətə başlamışdır. Bələdiyyə tərəfindən vətəndaş Səidə Mehdizadəyə verilmiş sərəncam isə 14 fevral 2007-ci il tarixlidir. Yəni, Saziş bağlandığı və Qanun statusu aldığı vaxtdan təxminən 2 (iki) il sonra Bələdiyyə kontrakt sahəsinin hüdudları daxilində özünə aid olmayan ərazidən vətəndaşa torpaq ayrılması barədə sərəncam vermişdir. Belə olan halda, Qanunun müddəalarına əsasən Bələdiyyənin sərəncamı etibarsızdır. Bundan başqa, məhkəmənin əsas gətirdiyi X5 sözügedən sərəncamının hüquqi qüvvəsinin olmaması həm də müvafiq məhkəmə qəradadı ilə də öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh S.S.Mehdizadəyə torpaq sahəsinin ayrılması barədə X5 152 saylı, 14 fevral 2007-ci il tarixli Sərəncamı Şirkət tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirilmiş və həmin məhkəmənin 2-1(112)-2114/2021 saylı, xx.xx.2021- ci il tarixli qərardadı ilə Şirkətin iddiası aşağıdakı əsaslarla mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsi sözügedən qərardadında göstərir ki, “Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt vəya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da, Bakı şəhəri Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1505 saylı, 01 iyul 2005-ci il tarixli ilkin qərarı və həmin torpaq sahəsinin bir hissəsinin X6 adına və istifadəsinə verilməsi haqqında 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda bələdiyyə qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur”. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd etdyi mövqeyindəndə aydın olur ki, Saziş Qanun statusu aldığı vaxtdan həmin Saziş ərazisi üzrə verilmiş bütün inzibati aktlar, o cümlədən X5 cavabdehə verdiyi sərəncamı öz hüquqi qüvvəsini itirdiyi üçün, mübahisə predmeti mövcud deyildir və bu səbəbdən də iddianı mümkün saymamışdır. Dolayısı ilə məhkəmə Şirkətin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməklə, həmin mümkünsüzlük barədə qərardadını Bələdiyyə sərəncamının qüvvəsinin olmaması səbəbindən onun mübahisələndirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Həmçinin, Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamşdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin göründüyü kimi, hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni, torpaq sahəsi müvafiq Beynəlxalq Sazişlə Şirkətin istifadəsinə verildiyi üçün Şirkətin özünəməxsus torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir. Həmçinin, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixdə Podratçı şirkətlər arasında bağlanmış “X19 haqqında Saziş”ə və “X16”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Beləliklə, şərh olunanlara əsasən hesab edirlər ki, Binəqədi Rayon Məhkəməsi yuxarıda qeyd olunan məqamlara diqqət yetirməmiş, göstərdikləri mühüm məsələləri tam və ətraflı araşdırmamış, bir sözlə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin Şirkətin iddiasının rədd edilməsi üçün göstərdiyi əsaslar hər bir halda qanunsuz və heç bir hüquqi nəticə yaratmayan hallar olduğundan Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və Şirkətin iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
19. 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
25. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
26. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla t ikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
27. 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. İşin mübahisəsiz hallarından görünür ki, Binəqədi rayonu X5 152 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı ilə cavabdeh X8 verilmiş torpaq sahəsi iddiaçı Şirkətin saziş ərazi hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin şirkətin istifadəsinə ayrılmış ərazinin hüdudlarında yerləşməsi və torpaq sahəsində mübahisəli tikilinin mövcudluğu mübahisə doğurmur. Tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyənin sərəncamının qanuniliyi mübahisələndirilsə də, məsələyə mahiyyəti üzrə baxılmamış və qeyd edilən sərəncam artıq qanunla ləğv olunduğundan onun ayrıca məhkəmə qərarı ilə ləğv edilməsinə ehtiyacın olmaması əsası ilə iddia Bakı İnzibati Məhkəməsi tərəfindən mümkünsüz sayılmışdır.
32. Beləliklə, qüvvədə olan mülki və torpaq münasibətlərini tənzimləyən qanunvericilik normaları baxımından cavabdehin istifadəsində olan tikilinin özbaşına inşa edilmiş qanunsuz tikili olması, həmin tikilinin bunun üçün nəzərdə tutulmamış sahədə inşa edilməsi və həmin sahənin sənaye təyinatlı torpaqlara aid olmaqla, neft hasiliatı məqsədi ilə iddiaçı təşkilatın istifadəsinə ayrılması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapır.
33. Lakin kollegiya hesab edir ki, yuxarıda qeyd edilən halların birlikdə mövcud olması özü-özlüyündə hazırkı iddianın təmin edilməsi üçün əsas vermir.
34. Kollegiyanın qənaətinə görə, bu qəbildən olan mübahisələrin həlli zamanı ilk növbədə qanunsuz tikilinin “ev” anlayışına uyğun gəlib-gəlmədiyi, gəldiyi təqdirdə isə bu əmlaka müdaxilənin demokratik cəmiyyətdə zəruri olması və güdülən məqsədlər baxımından mütənasib olması məsələləri araşdırılmalıdır.
35. Oxşar hüquqi mövqeyə X13 Məhkəməsinin bir sıra qərarlarında da rast gəlmək olur.
36. Belə ki, Məhkəmənin formalaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır. Bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikib-tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (bax: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).
37. Avropa Məhkəməsinin həmin qərarlarındakı hüquqi mövqeyə görə, evdən məhrum edilmə ilə bağlı məsələ həll edilərkən qeyd edilən hallar məhkəmələr tərəfindən araşdırılaraq qiymət verilməlidir. (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il tarixli qərar).
38. Həmçinin, məhkəmənin bu qərarlarında müəyyən etdiyi mövqeyə görə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. (Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 127).
39. Qeyd edilməlidir ki, Konvensiyanın 8-ci maddəsinin mənasına görə, “ev” anlayışı yalniz qanuni şəkildə əldə olunmuş və ya qanuni əsaslarla qurulmuş tikililərlə məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılıdır (bax: X10rşı, № 66610/10, § 30, 14 mart 2017).
40. Bu mənada nəzərə alınmalıdır ki, cavabdeh sözügedən torpaq sahəsini özbaşına olaraq zəbt etməmiş, həmin torpaq sahəsi ona yerli bələdiyyə ilə bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 2007-ci ildə verilmişdir. Cavabdehin sonradan orada daimi yaşamaq üçün tikili inşa etməsi onu deməyə əsas verir ki, yerli bələdiyyə orqanının bu torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmamasından xəbərsiz olmuşdur.
41. İş materiallarına əlavə edilən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən tərtib edilmiş plan sxem və topoqrafik sxem-xəritələrdən görünür ki, mübahisəli tikili başqa evlər və iddiaçıya aid inzibati binaların əhatəsində yerləşir.
42. Həmçinin, fotoşəkillərdən görünür ki, qeyd edilən tikili müvafiq dövlət orqanları tərəfindən kommunal xidmətlərlə təchiz edilmişdir.
43. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli tikili Konvensiyanın 8-ci maddəsinin mənasında cavabdehin evi kimi qiymətləndirilməlidir.
44. Mübahisəli tikilinin cavabdehin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaq sahəsində yerləşməsi və qanunun tələbləri baxımından özbaşına tikili hesab edilməsi iddiaçının həmin tikilinin sökülməsini tələb etmək hüququnun olduğunu deməyə əsas verir.
45. Lakin cavabdehin yaşayış yeri olan evin itirilməsinin evə hörmət hüququna müdaxilənin ən ifrat forması olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iddia tələbinə qiymət verilərkən araşdırlmalı olan məsələ iddiaçının evə olan hüququna müdaxilənin mütənasibliyinin müəyyən edilməsidir.
46. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iddianın təmin edilməsi cavabdehin son 15 il ərzində yaşadığı evdən məcburi çıxarılmasını və həmin evin onun öz hesabına sökülməsini və bu tikilinin inşa edildiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmasını ehtiva edir. Cavabdeh mübahisəli evdən savayı, başqa yaşayış sahəsinin olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda, hazırkı iddianın təmin ediləcəyi təqdirdə cavabdehin harada yaşayacağı naməlum olaraq qalır.
47. Həmçinin, hazırkı iş üzrə cavabdehin dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid olması müəyyən edilmir.
48. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu əsaslandırılmamış, buna dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir.
49. Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, AİHM-nin yuxarıda sadalanan qərarlarında göstərildiyi kimi evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasını təşkil etdiyindən, cavabdehin yeganə yaşayış yeri olan mübahisəli tikilidən çıxarılması və həmin tikilinin sökülməsi, iddiaçının isə bu tikilinin yerləşdiyi torpaq sahəsinə zəruri ehtiyacının müəyyən edilməməsi şəraitində hazırkı iddianın təmin edilməsi nəticəsində cavabdehin məruz qalacağı məhrumiyyətlər bu tədbirin güddüyü məqsədlər baxımından mütənasib hesab edilə bilməz.
50. Belə olduğu halda, hazırkı iddianın təmin edilməsi cavabdehin İnsan Hüquqları Üzrə Avropa Konvensiyasının 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnəcəkdir.
51. Oxşar hüquqi mövqeyə Səyyarə Əhmədova Azərbaycana qarşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarında da rast gəlmək olar.
52. Həmin işdə Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinin cavabdeh X9 qarşı dövlət mülkiyyətində olan və iddiaçının daimi istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılması barədə iddia tələbinin yerli məhkəmələr tərəfindən yuxarıda sadalanan halları (evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması) araşdırılmadan təmin edilməsi və bu qərarın icra edilməsi Konvensiyanın 8-ci maddəsinin pozuntusuna səbəb olacaqdır.
53. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, İddiaçı şirkəti cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
54. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
55. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.