Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10460/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhəman oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 və onun vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Mirzə oğlu Cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri 54 saylı notariat ofisi Cavabdeh ilə aralarında bağlanmış 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin (bundan sonra MMC) pay alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər (iddia tələbləri dəqiqləşdirilmişdir). Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri kimi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, maddi hüquq normalarının düzgün təfsir edilmədiyini və nəticədə iş üzrə əsassız qətnamə qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, rayon məhkəməsi eyni tərəflər arasında eyni faktiki əsasa söykənən başqa bir işdə iddiaçı İddiaçı1 həmin iddiasını təmin etməmiş, lakin nədənsə bu işdə həmin məhkəmə fərqli qərar qəbul etmişdir, halbuki alqı-satqısı həyata keçirilmiş MMC-nin tarixçəsinə nəzər yetirdikdə məlum olur ki, həmin obyekt keçən əsrin 90-cı illərindən Nadir Ağayevə məxsus olmuşdur, o, həmin illərdə müəyyən səbəblərdən ölkədən getdikdən sora onun oğlu və qardaşı oğlu olan iddiaçılar N.Ağayevin ölkədə olmamasından istifadə edərək onun bir çox əmlaklarını, o cümlədən də bu MMC-ni müxtəlif yollarla öz adlarına keçirmişlər, N.Ağayev 2020-ci ildə ölkəyə qayıtmış və oğlu və qardaşı oğlundan özünün halal əmlaklarının ona qaytarılmasını tələb etmiş, onlar da könüllü olaraq buna razı olmuş və N.Ağayevin istəyinə əsasən həmin MMC-ni alqı-satqı yolu ilə onun qızı Cavabdeh adına keçirmişlər, həmin müqavilə tam qanuni olmuş, tərəflər özləri notariat ofisinə gedərək müqaviləni könüllü imzalamışlar, rayon məhkəməsi həm də Səbail Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsinin bu iş üzrə preyudisial olmasını nəzərə almamış, ona görə də şikayətin təmin edilərək qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayaraq və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, mərhum atası N.Ağayev tanınmış və imkanlı şəxs olmuş, keçən əsrin 90-ci ilin əvvəllərində cinayət təqibində yayınmaq üçün ölkədən getmiş, atasının vaxında və ondan sonra da həmin obyekti əmisi oğlu Aydın idarə etmişdir, 2004-2005-ci illərdə aparılan özəlləşmə proqramına əsasən həmin obyekt də özəlləşdirilməyə çıxarılmış, o və əmisi oğlu Aydın birlikdə borc-xərc edərək böyük çətinliklərlə həmin obyekti qanuni əsaslarla özəlləşdirmişlər, keçən bu müddət ərzində obyektin yenidən müasir qaydada qurulması və fəaliyyət göstərə bilməsi üçün küllü miqdarda xərc çəkmişlər, atası xaricdə olduğu 30 ilə yaxın müddətdə ona davamlı olaraq maddi yardım göstərmiş, daima əlaqəli olmuş, həmişə də münasibətləri yaxşı olmuş, yalnız son bir ildə atasının onlara münasibəti kəskin dəyişmiş və onunla telefon danışıqlarında bütün əmlakların ona qaytarılmasını (ögey bacısı olan Mədinənin adına keçirilməsini) tələb etmiş, həmin ərəfədə onlar buna o qədər də əhəmiyyət verməmiş, lakin 2020-ci ilin yayında atası onlara məlumat vermədən qəfil Bakı şəhərinə qayıtmış və bacısı Mədinənin bağ evində məskunlaşmış, sonra atası onu və Aydını yanına çağıraraq, özünün ölkədən getməsindən istifadə edərək onun pullarını və əmlaklarını oğurlamaqda və dələduzluqla ələ keçirməkdə onları ittiham edərək, bütün əmlaklarının geri qaytarılmasını -Mədinənin adına keçirilməsini tələb etmiş, əks halda onları qohum-tanış arasında rüsvayi-cahan edəcəyi və tutduracağı ilə hədələməyə başlamış, o, eləcə də əmisi oğlu Aydın ilk mərhələdə atasının bu tələblərinin əsassız olması səbəbindən qəti şəkildə ona etiraz etmiş və özlərinin qanuni mülkiyyətində olan əmlakları kiminsə adına keçirmək niyyət və istəyinin olmadığını atasına bildirmişlər, lakin sonradan onlar atasının hədə və şantajlarının, həm də cavabdeh olan ögey bacısı və onun ərinin təhrik və bilavasitə fəal iştirakları ilə reallaşdırmaqda israrlı olduğunu gördükdə, dost-tanış və qohum-əqraba arasında rüsvay olmaq, eləcə də 20 ildən çox bir müddətdə işlədiyi və böyük nüfuz və hörmətə sahib olduğu BP EKSPLOREYŞN (KASPİAİN Sİ) LTD-dəki hörmət və nüfuzunu, hətta işini də itirəcəyi qorxusu altında istəmədən və iradəsinə zidd olaraq bir milyon manatdan artıq dəyəri olan MMC-ni cəmi beş manata cavabdehə satılmasına dair formal olan əqdi imzalamış, həmin vaxt Aydın qəti şəkildə imtina etdiyində o, atasının hədələrinin real olması qorxusunu ona dedikdə, Aydın da qorxudan istəmədən -iradəsinə zidd olaraq həmin müqaviləni imzalamağa məcbur olmuş, bundan heç iki ay keçməmiş isə cavabdehin bağ evində yaşayan atası müəmmalı şəkildə vəfat etmişdir, obyektin bu gün də onların istifadə və sahibliyində olması da həmin müqavilənin məcburetmə nəticəsində onların iradəsinə zidd olaraq bağlandığını bariz şəkildə təsdiq edir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq və İddiaçı1 izahatını müdafiə edərək göstərdi ki, hər bir əqd arzu olunan hüquqi nəticənin əmələ gəlməsinə yönələn dərk olunan və sərbəst iradə ifadəsi olduğundan, hazırkı halda isə əqdin etibarlılığının mühüm şərti kimi bu halın mövcud olmaması səbəbindən rayon məhkəməsi iddianı təmin edərkən düzgün qənaətə gəlmişdir, rayon məhkəməsinin istinad etdiyi sübutlarla yanaşı, həmin obyektin bu gün də iddiaçılarda qalması bir daha təsdiq edir ki, iddiaçıların həmin obyekti satmaq niyyəti və istəyi olmamışdır. Bundan başqa, rayon məhkəməsi həmin müqavilə bağlanarkən MM-nin 93.3-cü maddəsinin imperativ tələblərinin də pozulduğunu müəyyən etmişdir ki, bu pozuntu da hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur, cavabdeh tərəfin apellyasiya şikayətində iddiaçıların iradələrinin zədələnməməsinin təsdiqi kimi tərəflər arasında baş verən münasibətlərin cinayət qanunvericiliyi baxımından, başqa sözlə, cavabdehin və üçüncü şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması ilə izah etmək istəyi və əlaqələndirmək cəhdi də aşkar əsassız və uğursuz hesab edilməlidir. Cavabdehin nümayəndəsi və vəkilinin eyni tərəflər arasında eyni faktiki əsaslara söykənən başqa bir əqdlə bağlı həmin rayon məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsinin bu iş üzrə preyudisial olması ilə bağlı apellyasiya şikayətində istinad olunmayan, lakin məhkəmə iclasındakı izahatı zamanı bildirdiklərinə münasibətdə isə İddiaçı1 vəkili Nümayəndə göstərdi ki, əvvəla həmin işlə bu işdəki tərəflər eyni deyildir, ikincisi, həmin işlə bu iş tam fərqli münasibətlərdən yaranmışdır, çünki orada bağışlama müqaviləsi -əvəzsiz əqd, bu işdə isə əvəzli əqd -alqı-satqı müqaviləsi ilə bağlı olan məsələlər mübahisə edilir, başlıcası isə, həmin qətnaməni mübahisələndirmişlər və o qanunu qüvvəsini almamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayəti ilə razılaşmayaraq bütünlüklə digər İddiaçı1 bildirdiklərini təsdiq edərək göstərdi ki, özlərinə məxsus MMCyə dair müqaviləni, məhz mərhum əmisi N.Ağayevin hədə və təhdidi altında imzalamışlar, bir milyon manatlıq obyektin beş manata satılması və obyektin bu gün də onlarda olması faktı da sübut edir ki, onların belə bir niyyət və arzusu olmamışdır, rayon məhkəməsi qanuni və əsaslı qərar qəbul etmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 vəkili T.Məmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq və digər iddiaçının vəkili Nümayəndə izahatında bildirdikləri ilə bütünlüklə həmrəy olduğunu qeyd edərək göstərdi ki, rayon məhkəməsi əqdin bağlanması zamanı iddiaçıların iradəsinin zədələnmiş olmasını (başqa sözlə, MMC-nin satılmasında onların sərbəst iradə ifadəsinin olmadığını), eləcə də MM-nin 93.3-cü maddəsinin imperativ tələblərinin pozulduğunu müəyyən edərkən düzgün nəticəyə gəlmiş və işin müəyyən olunmuş faktiki hallarına uyğun qətnamə qəbul etmişdir, cavabdehin istinad etdiyi başqa qətnaməyə gəldikdə isə, İddiaçı2 həmin işdə tərəf olmamış, o işdən məlumatsızdır, həm də bildiyim qədər həmin qətnamə qüvvəyə minməyib, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri 54 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: "xxxx" MMC-nin 01 aprel 2005-ci il tarixində təsdiq olunaraq qeydə alınmış nizamnaməsindən məlum olur ki, MMC-nin iki təsisçisi var, hər birinin payı 50% olmaqla təsisçiləri İddiaçı1oviç və İddiaçı2dur. Azərbaycan Respublikasının Dövlət Əmlak İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin 14.12.2006 tarixli, 000132 nömrəli şəhadətnaməsindən görünür ki, "xxxx"MMC həqiqətən də ünvan 1 ünvanında yerləşən 150.4 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Mülki iş materiallarda olan 11.08.2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1oviç "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus 50% payını 5 manata Cavabdeh satmışdır və Cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalında İddiaçı1oviç-ə məxsus 50% payı 5 manata almışdır. İddiaçı2 "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus 50% payını 5 manata Cavabdeh satmışdır və Cavabdeh "xxxx"MMC-nin nizamnamə kapitalında İddiaçı2 məxsus 50% payı 5 manata almışdır. İddia ərizəsinə əlavə edilmiş “Whatapp” yazışmalarının surətindən görünür ki, Ağayev Nadir iddiaçılarla yazışmalarında onun əmlakını qaytarmayacaqları halda onların barəsində cinayət işinin başlanması haqqında ərizə ilə müraciət edəcəyi və tutduracağı məzmunda onları hədələmiş, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər dövlət orqanlarına onlar barəsində yazdığı şikayət ərizəsinin surətini də onlara göndərmişdir (i/v 16-21). Mülki iş materiallarda olan 11.08.2020-ci il tarixli, **********492 saylı ərizəsindən görünür ki, İddiaçı1oviç və İddiaçı2 3M/350 reyestr nömrəli pay alğı-satqı müqaviləsi ilə "xxxx"MMC-yə məxsus nizamnamə kapitalını daşınar və daşınmaz əmlakı ilə birlikdə Cavabdeh satmışlar. Gələcəkdə "xxxx" MMC-nin nizamnamə kapitalına, daşınar və daşınmaz əmlakına qarşı heç bir iddia və tələbləri olmayacaq. Hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərlərinə götürürlər. İddiaçı1oviç ilə "xxxx"- L MMC arasında bağlanmış “Əmlakın qiymətləndirilməsi ilə bağlı işlərin yerinə yeririlməsi barədə” 29.07.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında 1787.3 kv.m torpaq sahəsində yerləşən 150.4 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 708.000,00 (yeddi yüz səkkiz min manat) AZN manat müəyyən edilmişdir. Rayon məhkəməsində şahid X4 ifadə verərək bildirmişdir ki, Nadir Ağayevi 1971-ci ildən tanıyır, onun ilk müdiri olmuşdur. Beləliklə, Feliksi balacalıqdan tanıyır. Ata-oğul arasında heç vaxt mübahisələri olmamışdır. X5 cinayət təqibi ilə bağlı ölkədən getmişdir. 20 il sonra bir gün ona zəng edərək görmək istədiyini bildirmiş, o isə xəstə olduğunu, sağaldıqdan sonra görüşək demişdir. İki gün sonra isə yenidən zəng edərək hökmən gəlməli olduğunu, onu çoxdandı görmədiyini bildirərək, qızının Mərdəkandakı bağ evinə çağırmışdır. Nadir Ağayevin dəvəti üzərinə Mərdəkana getmiş və onunla görüşmüşdür. Görüş zamanı Mədinə və onun yoldaşı Nadir Ağayevi bir dəqiqə belə tək qoymamışlar. Söhbətin gedişində seyfdən pul oğurlandığını, hətta Feliksin açar üçün onu göndərdiyini demişlər. O heç vaxt belə bir mübahisənin olacağını düşünməmiş, Nadir Ağayevdən belə bir şey gözləməmişdir. 20 il bundan əvvəlin seyfindən 20 il sonra hansısa pulu axtarırlar. O Feliksdən az qala 20 yaş böyükdür. Açar üçün göndəriləcək uşaq deyildi. Nadir İddiaçı1i də, onu da tutduracağını demişdir. O Nadir Ağayevdən belə sözlər eşidəcəyini təsəvvür belə etməmiş, onun necə dəyişdiyini, necə öyrədildiyini anlamamışdır. O Nadirdən inciyərək çıxıb getmişdir. Bir həftə sonra yenidən ona zəng edib bağ evinə çağırmışdır. Bu zaman isə Feliks orada olmamışdır. Ona bəlkə keçən dəfə Feliksdən çəkindiyini deyərək indi rahat danışa biləcəyini bildirmişlər. Bu zaman da Mədinə və onun yoldaşı Nadiri tək qoymamışlar və bütün dialoqlar pul və obyekt üzərində olmuşdur. O heç bir şey oğurlamadığını, istənilən zaman araşdırma aparıla biləcəyini deyərək getmişdir. Rayon məhkəməsində şahid X1 ifadə verərək bildirmişdir ki, o Nadir Ağayevin xalası qızıdır. Münasibətləri hər zaman yaxşı olmuş, lakin, cinayət işi ilə bağlı ölkədən getmişdir. 20 il sonra İddiaçı2 onu Nadir Ağayevi görməyə bağ evinə aparmışdır. Bağa girən zaman Mədinə atasının yatdığını bildirmişdir. Lakin,o, içəri keçərək Nadirin yatmadığını görmüşdür. Nadir onu gördükdə çox sevinmişdir. Feliks ilə atası arasında həmişə isti münasibətlər olmuşdur. Onların arasını Mədinə vurmuş, atasını Feliksə qarşı doldurmuşdur. Sonradan Nadir 2 dəfə onlara qonaq gəlmiş, qızı Kübra onlar üçün yeməklər hazırlamışdır. O zaman ona Felikslə Aydının oğurluq etdiyini demişdir. Mədinə atasına baxmırdı, onu xəstəxanaya yerləşdirmişdi, əməliyyat olunandan sonra da vəfat etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1149/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 N”adir oğlunun Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının düzgün müəyyən olunmasından asılıdır. İddiaçılar əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edirlər. Onlar, bildirirlər ki, mübahisələndirilən müqavilə onların iradə ifadəsinə uyğun bağlanılmamışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 337.1., 339.4. və 354.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (maddə 337.1.). Həmin Məcəllənin 339-cu maddəsində digər bir sıra hallarla yanaşı zorakılıq və hədə təsiri altında bağlanmış əqdin etibarsızlığı təsbit olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında müəyyən etdiyi hüquqi mövqeyi də olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında əqdlərin etibarlılığı ilə bağlı mövqeyini aşağıdakı kimi qeyd etmişdir: “.....Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). İş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 25 saylı evin 81 saylı mənzilinə dair N.Əsədova ilə Ş.Cəfərova arasında 23 dekabr 2017ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuş, N.Əsədovanın ailə üzvləri mənzilin satılmasına notarial qaydada razılıq vermişdir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, həmin hərəkətlərin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, alğı-satqı müqaviləsi tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıb-bağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir...” Göründüyü kimi, hazırkı mülki işin müəyyən olunmuş faktiki halları ilə Konstitusiya Məhkəməsinin istinad olunan Qərarındakı hüquqi mövqeyi tamamilə üst-üstə düşür. Belə ki, iddiaçıların mübahisələndirdikləri əqdi bağlamaqda həqiqi iradə ifadəsinin, başqa sözlə, onların arzu olunan hüquqi həticənin əldə olunmasına yönələn istəklərinin olmadığı onların öz izahatları, şahid ifadələri, yazışmalar, MMC-nin real qiyməti ilə alqısatqı müqaviləsində göstərilən məbləğ arasında olduqca böyük fərqin olması, habelə alqı-satqı müqaviləsi bağlansa da, MMC-nin heç vaxt alıcıya təhvil verilməməsi və bu gün də həmin obyektin iddiaçılarda qalması faktı ilə aşkar təsdiq olunur. Əslində, cavabdeh tərəf də bu əqdin mərhum N.Ağayevin “tələbi” ilə bağlandığını inkar etmir, (belə olan halda müəyyən olunur ki, iddiaçıların müqaviləni notariat qaydasında imzalamalarının, eləcə də onların ailə üzvlərinin də buna razılıq vermələrinin heç bir əhəmiyyəti qalmır) cavabdeh tərəf hesab etmişdir ki, birincisi, N.Ağayev həmin “tələbi” ilə özünün hesab etdiyi əmlakların qaytarılmasını, başqa sözlə, “tarixi ədaləti” bərpa etmişdir, ikincisi isə, onun həmin “tələbi” Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaratmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd olunan dəlillərinin heç biri əsaslı deyildir. Çünki, əqdə iştirak edən tərəfin iradəsinin zədələnməsinin (məcburetmənin) hansı məqsəd naminə edilməsinin, habelə bu məcburetmənin cinayət tərkibi yaratmamasının, mülki hüquqi baxımdan, yəni əqdin etibarlılığı baxımından hər hansı əhəmiyyəti ola bilməz, ona görə ki, mülki əqdlərin etibarlılığı, onun bağlanmasında iştirak edən subyektlərin sərbəst iradə ifadəsinin mövcudluğu şərtinə bağlıdır. Bundan başqa, iddiaya etiraz edən cavabdeh nə rayon məhkəməsinə, nə də apellyasiya icraatı zamanı müqavilənin bağlanmasından öncə iddiaçıların özlərinə məxsus həmin obyekti satmaq istəyinin olmasına, eləcə də cavabdehin də belə bir obyekt almaq niyyətinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf məhkəmə iclasında təxminən 5-6 yüz min manatdan artıq dəyəri olan obyektin hansı səbəbdən cavabdehə cəmi (5+5) 10 manata satılmasınının səbəblərini də hər hansı ağlabatan şəkildə izah edə bilmədi. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir, eyni zamanda, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar,...tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Demək ki, rayon məhkəməsi tərəflər arasında müqaviləyə qədər olan münasibətləri və onların müqavilədən sonrakı hərəkətlərini nəzərə alınmaqla həmin əqdin məcburetmə nəticəsində bağlandığını, bu səbəbdən də onun etibarsız əqd olması qənaətinə gələrkən haqlı olmuş və tamamilə düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfin istinad etdiyi başqa məhkəmə qətnaməsinə gəldikdə isə, Məhkəmə kollegiyası bununla bağlı iddiaçıların vəkillərinin-həmin işlərdə tərəflərin fərqli, əqdlərin birinin əvəzsiz-bağışlama müqaviləsi, digərinin isə əvəzli-alqı-satqı müqaviləsi olması, başlıcası isə həmin qətnamənin qanuni qüvvəsini almadığına dair - bildirdiklərini əsaslı hesab edir. Prosessual qanunun tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM maddə 77.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10460/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10460/2021
06.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver