Məhkəmə qərarları › İş №2(103)-10462/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10462/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10462/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin vəkili Fuad Ağayevin, Cavabdeh1 MTK-nın nümayəndəsi Mübariz Məmmədovun iştirakı ilə, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-ə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(005)-208/2021 saylı qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(005)-208/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTKya və Cavabdeh2 MMC-ə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbinə dair” iddiası qismən təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(005)-208/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(005)- 208/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmiş, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi X1 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(005)-208/2021 nömrəli qərardadından şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(005)-208/2021 nömrəli qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpası haqqında ərizənin rədd edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayəti versə də, o bunun üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçı məhkəmənin 12.02.2021-ci il tarixli qətnaməsinin surətini poçt qəbzinə əsasən 11.03.2021-ci il tarixində əldə etmişdir. Bu faktı özü də etiraf etmişdir. Bununla belə, İddiaçı 21.04.2021-ci il tarixində məhkəməyə ərizə verərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Müddətin buraxılmasının üzrlü səbəbləri kimi, İddiaçı 1) qətnamənin surətinin poçt vasitəsilə göndərilməsini; 2) gec alınması; 3) pandemiya ilə bağlı cəmiyyətdə yaranmış gərginlik və çətinlikləri göstərmişdir. Güman etmək olardı ki, məhkəmə adıçəkilən ərizəni birmənalı olaraq rədd edəcəkdir, lakin, bu baş verməmiş, əksinə, ərizəni təmin edilərək, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilərək, bu zaman COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan rejimin mövcudluğunu xüsusi vurğulamışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. İddiaçı üzrlü səbəb kimi təqdim etdiyi halların heç biri hüquqi baxımdan bu cür dəyərləndirə bilməz. Birincisi, qətnamənin surətinin poçt vasitəsilə göndərilməsi tərəfin məhkəmə aktının surəti ilə təmin olunması üçün nəzərdə tutulmuş qanuni vasitələrdən biridir - əgər İddiaçı qətnamənin surətini daha tez almaq üçün özü məhkəməyə gəlməyibsə, məhkəmə sənədi ona hansı yolla göndərməli idi? İkincisi, qətnamənin surətinin gec alınmasını deyəndə, o nəyi nəzərdə tutur? 11.03.2021-ci il tarixində qətnamənin surətini almış, apellyasiya şikayəti verməsi üçün onun sərəncamında düz bir ay - 31 gün müddət olmuşdur. Müddətin bərpası haqqında ərizəni yalnız aprelin 21-də, yəni prosessual müddəti 10 gün ötürdükdən sonra vermişdir. Cəmiyyətdə pandemiya ilə bağlı yaranmış gərginlik və çətinliklərə, iddiaçı özü də yazdığı kimi, bu çətinliklər bütövlükdə cəmiyyətə şamil olunur, yəni cəmiyyətin hər bir üzvü, hər bir şəxs bununla əlaqəli məhdudiyyətlərlə üzləşir. Əgər pandemiya məhdudiyyətlərini üzrlü səbəb adlandırmaqla istənilən şəxs prosessual müddətin bərpasına nail olacaqsa, bu hüququn sütunlarından olan hüquqi müəyyənlik prinsipinin kobud şəkildə pozulması olar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli, 2(005)-208/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışı zamanı digər cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2021- ci il tarixli, 2(005)-208/2021 nömrəli qətnaməsinin surəti 04 mart 2021-ci il tarixində iddiaçıya göndərilmişdir. Poçt qəbzində isə iddiaçının məhkəmə qətnaməsini 11.03.2021 tarixdə imzalayaraq qəbul edildiyi qeyd edilmişdir. Lakin İddiaçı apellyasiya şikayəti vermək müddətini üzürlü səbəb göstərməklə şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan rejimi ilə əlaqədar apelyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(005)-208/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etmiş, onun qətnamədən şikayət vermək hüququnun məhdudlaşdırılmaması qənaətinə gələrək, buraxılmış prosessual müddəti bərpa etmiş və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi alındığı gündən 1 (bir) ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinin qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(005)-208/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar