Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10469/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(005)-2462/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 16.04.2014-cü il tarixli,100850-011/14 saylı kredit müqaviləsi və 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16.04.2014-cü il tarixdə tərəflər arasında 100850- 011/14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən bank borcalana 50.000 ABŞ dolları kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 22 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə əsasən İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0,1148 ha torpaq sahəsində yerləşən, 316,9 kv.m ümumi, 140,9 kv.m yaşayış və 176 kv.m yardımçı sahədən ibarət, 6 otaqlı, 279 nömrəli fərdi yaşayış evi və X1, X7, X2, X4, X5 və X6 ümumi birgə mülkiyyətində olan 0,01435 ha torpaq sahələrini bank ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanmış 16.04.2014cü il tarixli, 100850-011/14 saylı kredit müqaviləsi və 16.04.2014-cü il tarixli, 100850- 011/14 nömrəli ipoteka müqaviləsi qanunvericiliyin tələblərini pozduğundan etibarsız hesab edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(005)- 2462/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan 16.04.2014-cü il tarixli 100850-011/14 saylı kredit müqaviləsindən görünür ki, bank borc alana 50.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 22 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0,1148 ha torpaq sahəsində yerləşən, 316.9 kv.m ümumi, 140,9 kv.m yaşayış və 176 kv.m yardımçı sahədən ibarət, 6 otaqlı, 279 nömrəli fərdi yaşayış evi və X1, X7, X2, X4, X5 və X6 ümumi birgə mülkiyyətində olan 0,01435 ha torpaq sahələri bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı, 16.04.2014-cü il tarixli, 100850-011/14 saylı kredit və 16.04.2014-cü il tarixli, 100850-011/14 nömrəli ipoteka müqavilələrinin qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığını iddia etsə də, qanun pozuntusunun nədə ifadə olunduğunu izah edə bilməmiş, eləcə də tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqd yalnız o halda etibarsız hesab edilə bilər ki, Mülki Məcəllənin şərtlərini pozmaqla bağlanmış olsun. Lakin hazırkı iş üzrə mübahisələndirilən kredit və ipoteka müqavilələrinin etibarsız olmasına səbəb ola biləcək hər hansı əsas müəyyən edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26.07.2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli müqavilələrin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(005)- 2462/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10469/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10469/2021
02.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver