Məhkəmə qərarları › İş №2(103)-10470/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10470/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10470/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi Zeynalov Kamran Həsən oğlu, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(005)-3479/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən aparılmış hərracın nəticələrinin və Hərrac Mərkəzi ilə digər cavabdeh bank "xxxx" ASC arasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınmasına dair 20 noyabr 2020-ci il tarixli, 49/02 №-li Protokolun etibarsız hesab edilməsinə və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(066)-599/2019 nömrəli qətnaməsi ilə Bank"xxxx" ASC-nin iddia tələbi təmin edilmiş məndən kredit borcu üzrə 52835.67 manat kredit borcunun tutulması, tutmanın mülkiyyət hüququ üzrə mənə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. O, həmin qətnamədən narazı qaldığı üçün Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayət vermişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı halda Göygöl rayon İcra və Probesiya şöbəsi tərəfindən əmlakın açıq hərracda satılması üçün Hərrac Mərkəzi "xxxx" MMC-nə sifariş verilmiş, hərraclar keçirilərək əmlak Banka təklif olunmuşdur. Bank «BTB ASC» təklifi qəbul etmiş və bankın nümayəndəsi tərəfindən 20 noyabr 2020-ci il tarixdə əmlak bank tərəfindən balansa götürülmüşdür. Hesab edir ki, İcra İdarəsi tərəfindən verilmiş sifariş əsasında keçirilən hərrac tamamilə qanunsuzdur və onun nəticələrinə dair tərtib olunmuş protokol və alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, qanuni qüvvəyə minməmiş Məhkəmə qətnaməsi üzrə İcra İdarəsi tərəfindən icra hərəkətləri icra oluna bilməz. Gəncə Apelyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(104- 4260 №lit qətnaməsindən də göründüyü kimi həmin tarixdə apellyasiya şikayətinə baxılmış və qətnamə çıxarılmışdır. Gəncə Apelyasiya Məhkəməsi Cavabdeh2nə 03 dekabr 2020-ci il tarixli, 2(104)-4260/2019 №-li məktub ünvanlayaraq Bank "xxxx" ASC-nin mənə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsirnin qətnaməsindən kassasiya şikayəti verməyimi və kassasiya şikayətinin mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndəriləcəyi qeyd olunsa da Cavabdeh2 tərəfindən hərracın dayandırılması ilə bağlı heç bir tədbir görülməmişdir. Şərh olunanlardan da göründüyü kimi məhkəmə qətnaməsinə apelyasiya məhkəməsində baxıldığı ərəfədə qanunsuz hərrac keçirilmiş və protokol tərtib olunmuşdur. Yuxarda göstərilənlər və iddia ərizəsinə əlavə olunan sənədlər bir hada onu da göstərir ki, ona məxsus fərdi yaşayış evi ilə bağlı aparılmış icra hərəkətləri, habelə keçirilən hərrac qanunsuzdur və hərrac qanun pozuntuları ilə aparıldığı üçün onun nəticəsi olaraq mübahisəli əmlakın yeni mülkiyyətçisi olaraq Bank "xxxx" ASC-nin adına aparılmış dövlət qeydiyyatı etibarsızdır.

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-3479/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolu etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddianın təmin olunmaması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir ( sədrlik edən: Mədinə Bağırova).

2. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(005)-3479/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

3. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı halda Cavabdeh2 tərəfindən açıq hərracda satılması üçün X7 MMC-yə sifariş verilmiş, hərrac keçirilərək əmlak Bank BTB ASC-yə təklif edilmişdir. "xxxx" ASC təklifi qəbul etmiş və bankın nümayəndəsi tərəfindən 20.11.2020-ci il tarixdə əmlak bank tərəfindən balansa götürülmüşdür. Cavabdeh2 tərəfindən verilmiş sifariş əsasında keçirilən hərrac tamamilə qanunsuzdur və onun nəticələrinə dair tərtib edilmiş protokol və alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi üzrə Cavabdeh2 tərəfindən icra edilə bilməz.

4. Kollegiya iclasında iddiaçının nümayəndəsi K.Zeynalov iştirak edərək apellyasiya şikayətinin məzmununa uyğun ifadə verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

5. Kollegiya iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayədəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməmsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

6. Digər cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsinə iclasın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:

7. İş materiallarında olan Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 26.10.2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evinin açıq auksion formasında hərracın keçirilməsi 06 noyabr 2020-ci il tarixə saat 11:00-17:00- dək təyin edilmişdir;

8. Cavabdeh1 20.11.2020-ci il tarixli hərracın yekunları barədə 49/02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 70200 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 59670 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-44752,5 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-yə tərəfindən əldə edilmişdir;

9. Gəncə Apelyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(104)-4260/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(066)-599/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. “Birja yenilikləri” qəzetinin 24 oktyabr 2020-ci il tarixli 220 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evin 23.10.2020-ci il tarixə təyin edilmiş birinci hərracı barədə elan dərc edilmişdir;

11. “Birja yenilikləri” qəzetinin 11 noyabr 2020-ci il tarixli 223 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evin hərracı barədə elan dərc edilmişdir;

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 30.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

13. Cavabdeh1-hərrac təşkilatçısı ilə “"xxxx" ASC-nin nümayəndəsi X2-alıcı arasında bağlanmış 20.11.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi 44752,5 (qırx dörd min yeddi yüz əlli iki manat əlli qəpik) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Hüquqi dəyərləndirmə:

14. Kollegiya işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

16. “İpoteka haqqında” Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir;

17. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər;

18. Həmin Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir;

19. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir;

20. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur;

21. Həmin Qanunun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır;

22. Həmin Qanunun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır;

23. Həmin Qanunun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur;

25. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;

26. Qeyd edilən Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır;

27. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

28. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evinin açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmışdır.

29. İddiaçı apellyasiya şikayətində Cavabdeh2 tərəfindən verilmiş sifariş əsasında keçirilən hərrac tamamilə qanunsuzdur və onun nəticələrinə dair tərtib edilmiş protokol və alqı-satqı müqaviləsi etibarsızdır desə də bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir və iş materiallarında bu faktı təsdiq edən hal aşkar edilməmişdir.

30. Apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı apellyasiya şikayəti əsassızdır, iddiaçı şikayətini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

31. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(005)-3479/2021 saylı, 17.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar