Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10487/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı7 və İddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh ASC-yə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASCdən iddiaçılar İddiaçı1 xeyrinə 9.772.070,85 manat, İddiaçı2 xeyrinə 13.658.519,16 manat, X1 xeyrinə 10.033.264,53 manat, İddiaçı4 xeyrinə 4.131.344,25 manat, İddiaçı5 xeyrinə 3.187.037,34 manat, İddiaçı6 xeyrinə 4.987.123,02 manat, İddiaçı7 xeyrinə 6.473.745,99 manat, İddiaçı8 xeyrinə 4.178.559,96 manat məbləğində pulun və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2016 saylı 27 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunaraq “satıcı” qismində İddiaçı6 ilə “alıcı” qismində Cavabdeh ASC-nin adından "X6" MMC arasında bağlanılmış qiymətli kağızlarla alqı-satqı haqqında 22 iyun 2015-ci il tarixli, 0049U/15 saylı müqavilənin ləğv edilərək həmin müqaviləyə xitam verilməsi və İddiaçı6 18.470.826 səhm üzərində, “satıcı” qismində İddiaçı7 ilə “alıcı” qismində Cavabdeh ASC-nin adından "X6" MMC arasında bağlanılmış qiymətli kağızlarla alqı-satqı haqqında 29 iyun 2015-ci il tarixli, 0069U/15 saylı müqavilənin ləğv edilərək həmin müqaviləyə xitam verilməsi və İddiaçı7 23.976.837 səhm üzərində, “satıcı” qismində İddiaçı8 ilə “alıcı” qismində Cavabdeh ASCnin adından "X6" MMC arasında bağlanılmış qiymətli kağızlarla alqı-satqı haqqında 29 iyun 2015-ci il tarixli, 0070U/15 saylı müqavilənin ləğv edilərək həmin müqaviləyə xitam verilməsi və İddiaçı7 15.476.148 səhm üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2017-ci il tarixli 2(103)- 163/2016 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2016-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2017-ci il tarixli 2(102)-4642/2017 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin olunmayaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC 28.02.2020-ci il tarixdə “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması” haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edərək, mülki iş üzrə məhkəmə qərarlarının İddiaçı8, İddiaçı7, İddiaçı6 aid hissədə ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 13(102)- 103/2020 saylı 23 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə əsaslı sayılaraq baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-3/2021 saylı qərardadına əsasən ərizəçi Cavabdeh ASC-nin “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması” haqqında ərizəsi təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2016-ci il tarixli qətnaməsi və onunla əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2017-ci il tarixli qərarı iddiaçılar İddiaçı8, İddiaçı7, İddiaçı6 aid hissədə ləğv edilmiş və mülki iş onlara aid hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində yenidən baxılarkən Cavabdeh ASC İddiaçı6, İddiaçı7 və X5 qarşı (“X6” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrə xitam verilməsi və səhm üzərində mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddiasından imtina etmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-4828/2020 saylı 13 iyul 2021-ci il tarixli qərardadı ilə iddiadan imtina qəbul edilərək həmin hissədə qarşılıqlı iddia tələbinə münasibətdə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş №2(006)-4828/21) iddiaçılar İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh ASC-yə qarşı “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı1 arasında 05.06.2015-ci il tarixdə (0015V/15 saylı), İddiaçı2 arasında 09.06.2015-ci il tarixdə (0033V/15 saylı), X4 arasında 09.06.2015-ci il tarixdə (0032V/15 saylı), İddiaçı4 arasında 19.06.2015-ci il tarixdə (0047V/15 saylı), İddiaçı5 arasında 19.06.2015-ci il tarixdə (0045V/15 saylı), İddiaçı6 arasında 22.06.2015-ci il tarixdə (0049V/15 saylı), İddiaçı7 arasında 22.06.2015-ci il tarixdə (0049V/15 saylı) və İddiaçı8 arasında 29.06.2015-ci il tarixdə (0070V/15 saylı) qiymətli kağızların alqı-satqısı haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1-ci maddəsinə əsasən satıcılar İddiaçı1 9.772.070.85 manat, İddiaçı2 13.658.519,16 manat, X4 10.033.264.53 manat, İddiaçı4 4.131.344,25 manat, İddiaçı5 3.187.037.34 manat, İddiaçı6 4.987.123.03 manat, İddiaçı7 6.473.745,99 manat, İddiaçı8 4.178.559,96 manat dəyəri olan səhmləri ona satmaq, alıcı, yəni Cavabdeh ASC isə onların dəyərini ödəmək vəzifəsini öz üzərinə götürmüş, səhmlərin satılmasına görə ödənişin nağd və ya köçürmə yolu ilə satıcılara ödənilməsi öhdəliyi məhz alıcının üzərinə qoyulmuşdur. Lakin müqavilələrdə göstərilən məbləğlər İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 ödənilməmişdir. Həmin məbləğlərin ödənilməsi ilə bağlı İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 tərəfindən 13.04.2016-cı il tarixdə Cavabdeh ASC-yə ərizə ilə müraciət edilsə də, heç bir cavab verilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 vəkilləri X2 və Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh “Azərbaycan "xxxx" ASC-nin nümayəndəsi X10 isə iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisələndirilən səhmlər onların mülkiyyət hüququnun tərkib hissəsidir və məhkəmə cinayət işinə istinad etməklə onları bu hüquqdan məhrum etmişdir. Halbuki, onlar həmin cinayətin törədilməsində iştirak etməmişlər və cinayət işinin iştirakçıları olmamışlar. İddiaçıların vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların vəkili Vəkil izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, 2015-ci ildə tərəflər arasında qiymətli kağızların alqısatqısına dair aşağıdakı müqavilələr bağlanmışdır: - 29.06.2015-ci il tarixdə ümumi dəyəri 4.178.559.96 manat olan 15,476.148 ədəd qiymətli kağızların alqı-satqısına dair İddiaçı8 ilə Cavabdeh ASC arasında; -29.06.2015-ci il tarixdə ümumi dəyəri 6.473.745.99 manat olan 23.976.837 ədəd qiymətli kağızların alqı-satqısına dair İddiaçı7 alıcı Cavabdeh ASC arasında; - 22.06.2015-ci il tarixdə ümumi dəyəri 4.987.123,02 manat olan 18,470.826 ədəd qiymətli kağızların alqı-satqısı barədə İddiaçı6 ilə Cavabdeh ASC arasında. İddiaçılar alqı-satqı predmeti olan həmin səhmlərin dəyərinin onlara ödənilmədiyini bildirərək hazırkı iş üzrə iddianı qaldırıblar. İddiaçıların tələbi “satılmış bank səhmlərinin dəyərinin ödənilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman dəyəri tələb olunan həmin səhmlərin X3 Cavabdeh ASC-nin sədri vəzifəsində işlədiyi dövrdə bankdan mənimsədiyi maliyyə vəsaiti hesabına əldə olunduğunu nəzərə almışdır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-288/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh ASC-nin sədri vəzifəsində işləmiş X8 arvadı İddiaçı8 və digərləri tərəfindən kart hesablarından 28.898.581 manat vəsait Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, Bankın Mərkəzi filialının və "xxxx" MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsilə və internet üzərindən, habelə Cahangir Hacıyevin özünü və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün aparılan əməliyyatlar nəticəsində ona etibar edilmiş külli miqdarda özgə əmlakını talayaraq mənimsəməklə banka külli miqdarda ziyan vurmuşdur. Cahangir Hacıyev təkrarən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə birlikdə 02.08.2006-cı il tarixdən 19.03.2015-ci il tarixədək olan müddət ərzində sadə veksel əməliyyatları nəticəsində mənimsəyib israf etdiyi ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.585.428.340.33 manat təşkil edən 1.603.949.126,28 ABŞ dolları və 279.114.700,80 AVRO məbləğində külli miqdarda vəsaitin cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edərək pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitlərini ABŞ dolları, AVRO şəklində və ya başqa valyutalara konversiya olunmuş halda müxtəlif ölkələrdəki bir sıra lahiyələrə və digər xərclərə nağd qaydada və köçürmə yolu ilə xərcləyib istifadə etməklə, ümumilikdə 09.08.2006-cı ildən 19.03.2015-ci tarixədək olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 1.585.428.340,33 manat təşkil edən 1.603.949.126,28 ABŞ dolları və 279.114.700,80 AVRO məbləğində külli miqdarda pul vəsaiti ilə bağlı qanunsuz maliyyə əməliyyatlarını həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən leqallaşdırmışdır. Bununla yanaşı Cahangir Hacıyev təkrarən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə birlikdə 29.10.2004-cü il tarixdən 21.04.2015-ci il tarixədək olan müddət ərzində kredit əməliyyatları nəticəsində mənimsəyib israf etdiyi ümumilikdə həmin dövrün məzənnəsi ilə 413.939.252,77 manat təşkil edən 332.996.900,73 ABŞ dolları, 78.087.447,10 AVRO, 2.170.303.338,91 Rusiya rublu və 1.124.500 X14 məbləğində külli miqdarda vəsaitin cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edərək pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitlərini ABŞ dolları, AVRO şəklində və ya başqa valyutalara konversiya olunmuş halda müxtəlif ölkələrdəki bir sıra lahiyələrə və digər xərclərə nağd qaydada və köçürmə yolu ilə xərcləyib istifadə etməklə, ümumilikdə 26 müəssisə üzrə 29.10.2004-cü ildən 21.04.2015ci il tarixədək olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 413.939.252,77 manat təşkil edən 332.996.900,73 ABŞ dolları, 78.087.447,10 AVRO, 2.170.303.338,91 Rusiya rublu və 1.124.500 X14 məbləğində külli miqdarda pul vəsaiti ilə bağlı qanunsuz maliyyə əməliyyatlarını həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən leqallaşdırmışdır. Törətdiyi cinayət əməllərinə görə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2i, 193-1.3.1, 193-1.3.2, 213.2.1, 213.2.2, 308.2, 309.2, 313-cü maddələri ilə təqsirli bilinərək 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 adına səhmlər məhz X3 Cavabdeh ASC-nin sədri vəzifəsində işlədiyi dövrdə bankdan mənimsədiyi maliyyə vəsaiti hesabına əldə edilmişdir. X9 Cavabdeh ASC-nin sədri vəzifəsində işlədiyi dövrdə məhz bankdan mənimsədiyi maliyyə vəsaitləri hesabına Bankın səhmlərini öz ailə üzvləri-arvadı İddiaçı8, baldızı İddiaçı7 və qayınanası İddiaçı6 adına əldə etmişdir. Hazırkı işdə mülki iş üzrə məhkəmə aktlarının çıxarılmasından sonra cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş qeyd olunan hallar işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar olmaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarına yenidən baxılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi, X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işlədiyi dövrdə məhz bankdan mənimsədiyi maliyyə vəsaitləri hesabına Bankın səhmlərini öz ailə üzvləri-arvadı İddiaçı8, baldızı İddiaçı7 və qayınanası İddiaçı6 adına əldə etməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cinayət əməli törətməsi və Banka məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapdığından hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir və mübahisələndirilə bilməz. Qanunvericinin yanaşmasına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək bu qənaətə gəlmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. İddiaçıların apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən səhmlər onların mülkiyyət hüququnun tərkib hissəsidir və məhkəmə cinayət işinə istinad etməklə onları bu hüquqdan məhrum etmişdir. Məhkəmə kollegiyası bu dəlilin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 sentyabr 2019-cu il tarixli hökmü ilə təkzib olunduğunu nəzərə alaraq onu rədd edir və qeyd edir ki, alqı-satqı predmeti olmuş səhmlərin cinayət yolu ilə qazanılmış maliyyə vəsaiti hesabına əldə olunduğu artıq hökmlə müəyyən edilmiş fakt olduğundan həmin hal yenidən araşdırıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Lakin cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10487/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10487/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver