Məhkəmə qərarları › İş №2(103)-1050/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1050/2021

04.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1050/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2724/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 755.22 manat (yeddi yüz əlli beş manat iyirmi iki qəpik) borcun onun hesabından silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərəkməhkəmədən ünvan 1 ünvanındakı (abonent kodu **********60012) sayğaca “xxxx” ASC tərəfindən çıxarılmış X1 qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və sayğacın sərfiyyata görə artıq hesablanmış və qanunsuz olaraq tələb olunan 755.22 manat məbləğində pulun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Qeyd edilən ünvanda elektrik sayğacı xx.xx.2007-ci il tarixində 5 illik müqavilə əsasında quraşdırılmışdır. X1 sayğac vasitəsilə aparılır. (abonent kodu **********60012) O və ailə üzvləri həmin ünvanda yaşadıqları vaxtdan hər ay mütəmadi olaraq istifadə etdikləri elektrik enerjisinə görə ödənişləri daim vaxtı-vaxtında ödəmişlər. xx.xx.2020-ci il tarixində “xxxx” ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək kənar xəttin birləşdirildiyini bildirmişlər. Daha sonra o, “xxxx” ASC-yə müraciət etmiş və ona akt tərtib olunduğunu və cavabdeh tərəfindən ona əlavə olaraq 755.22 manat məbləğində borcunun olduğunu bildirmişlər. Bu günədək quraşdırılmış sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız olduğunu bildirir. Bu səbəbdən də “xxxx” ASC-nin ondan əsasssız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdeh “xxxx” ASC tərəfindən sayğacın sərfiyyata görə artıq hesablanmış və qanunsuz olaraq tələb olunan 755.22 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Qasımzadə Fuad Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017804 nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus mənzildə yerləşən elektrik sayğacına baxış keçirilmiş və EEİQ-yə uyğun baxış aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin qarşısından keçən 04 kvt-lıq şip xəttindən küçə işıqlandırılması üçün çəkilmiş xətdən götürülmüşdür. Bundan başqa, həmin aktdan görünür ki, kənar xəttin ləğv edilməsi tələb kimi qoyulmuş və abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İşə əlavə edilmiş “xxxx” ASC tərəfindən tərtib edilmiş **********60012 kodlu abonentin saldosundan görünür ki, abonentə xx.xx.2020-ci il tarixdə EİQ pozulması və Aktın köhnə tarifinə görə 668.14 manat və 87.08 manat olmaqla, cəmi 755.22 manat borc hesablanmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017804 nömrəli Akta əsasən istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin qarşısından keçən 04 kvt-lıq şip xəttindən küçə işıqlandırılması üçün çəkilmiş xətdən götürülmüşdür. Daha sonra cavabdeh orqan tərəfindən iddiaçıya EEİQ pozulmasına görə cəmi 755.22 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Cavabdeh təşkilatın əməkdaşları istehlakçı tərəfindən X1 qaydalarının 8.32-ci maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. İşə əlavə edilmiş abonentin saldosundan da göründüyü kimi yeni sayğac quraşdırıldıqdan sonra əvvəlki aylarla müqayisədə iddiaçının elektrik enerjisi sərfiyyatında əhəmiyyətli bir artma və ya azalma müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə işıq sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya həmin akta əsasən əlavə pul hesablanması yolverilməzdir və cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq, qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablandığından bununla da iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-cu il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar