Məhkəmə qərarları › İş №2(103)-1050/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1050/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1050/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2021 saylı, 19 oktyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Yasamal İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə VTB bankın balansına keçməsi barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bank VTB-nin adına həmin mənzilə dair verilmiş RX ********** saylı çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən 117483-CNS-l 1706 nömrəli, 23 oktyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borc üzrə 23342,93 ABŞ dolları, faiz borcu üzrə 8055,90 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, ümumilikdə isə 31448,83 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı Cavabdeh2 ASC-yə borcunun ödənilməsi, borc ödənildikdən sonra pul artıq qalarsa, artıq qalmış pul vəsaitinin X3ma verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 61000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində cavabdeh X2 və onunla birlikdə yaşayan digər cavabdehlər olan ailə üzvləri (qohumları) X6, X5, İddiaçı, X7, X8 və X9 mənzili könüllü surətdə tərk etmədikdə həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin ipoteka predmeti olan əmlak hərrac vasitəsi ilə satışa çıxarılmışdır. İpoteka predmetinin ilkin satış qiyməti 61000 manat müəyyən edilmişdir. Hərracı cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən aparılmışdır. Bank VTB-nin məktubundan məlum olmuşdur ki, guya keçirilmiş hərracda ipoteka ilə yüklü edilmiş əmlak üzrə alıcının tapılmaması səbəbindən həmin əmlak Hərrac Mərkəzi tərəfindən banka təkilif olunmuş və əmlak 29 dekabr 2020-ci il tarixdə 38887,50 manata Bankın balansına götürülmüşdür. Beləliklə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 61 00 manat olmasına baxmayaraq, həddindən artıq aşağı qiymətə Cavabdeh2 ASC-yə təklif olunmuş və onun balansına keçirilmişdir. Bundan başqa mənzil ona və ipoteka qoyana alınması üçün təkilf edilməmişdir və məlumat verilməmişdir. Hesab edir ki, hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir və onun nəticəsi əsasında verilmiş çıxarış ləğv olunaraq təkrar hərrac keçirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)- 5156/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə VTB bankın balansına keçməsi barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bank VTB-nin adına həmin mənzilə dair verilmiş RX ********** saylı çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2021 saylı iş üzrə 19.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnaməsində cavabdeh “Bank VTB(Azərbaycan)” ASC-nin nümayəndəsi tərəfindən qeyd olunmuşdur ki, hərracın keçirilməsi barədə bildirişlər və məlumatlar vaxtında və lazımi qaydada göndərilmişdir. Tərəflər hərracın keçirilməsində iştirak etmədiyindən hərracın keçirilməsi növbəti tarixə təxir olunaraq yenidən tərəflərə bildiriş göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin və məlumatların vaxtında və lazımi qaydada göndərilməsi, eləcə də tərəflərin hərracın keçirilməsində iştirak etmədiyindən hərracın keçirilməsinin növbəti tarixə təxir olunaraq yenidən tərəflərə bildiriş göndərilməsi tərəflərin həmin hərracdan məlumatlı olması anlamına gəlmir.Qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilin mülkiyyətçisi X2 hərrac keçirilən tarixdə Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 sentyabr 2021-ci il tarixli, 33/3149 nömrəli cavab məktubuna əsasən X1 Azərbaycan Respublikası ərazisini tərk etdiyi sonuncu tarix 01.11.2015-ci il tarixi kimi qeyd olunmuşdur, ondan sonra X2 Azərbaycana gəlməmişdir. Bu da onu deməyə əsas verir ki, hərrac mülkiyyətçinin məlumatı olmadan, eləcə də iştirakı olmadan keçirilmişdir. Məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, işin mübahisələndirilən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədan lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın etibarsız hesab olunmasını xahiş edir. Lakin, iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Kütləvi informasiya vasitələrində üç dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 61000 manat, ikinci dəfə 51580 manat, üçüncü dəfə isə 3887,5 manat müəyyən edilmişdir. Qətnamədən göründüyü kimi, məhkəmə heç bir araşdırma aparmadan yalnız cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən iddianı təmin etməmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, keçirilən hərrac barədə iddiaçıya əvvəlcədan lazımi qaydada məlumat verilmişdir. Halbuki, bu təmamilə absurd bir məsələdir. Belə ki, cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən MM-nin 415.2 maddəsinin tələblərinə əsasən təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir və bu məlumat yazılı formada yazılaraq poçt vasitəsi ilə əmlak sahibinə göndərilir. Lakin, qeyd olunan müddətdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilin mülkiyyətçisi X1 hərrac keçirilən tarixdə Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan həmin zərfi imza ataraq qəbul etməsi və hərrac barədə məlumat alması imkan xaricindədir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bundan başqa, bankı çox ucuz qiyməti təklif olunmasın da mübahisələndirmiş, lakin məhkəmə bu dəlilə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə ipoteka qoyanın hərracda iştirak etməsini araşdırmamışdır, formal olaraq qeyd etmişdir ki, lazımı qaydada xəbərdar olmuşdur. AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti idarəsinin 33/3149 nömrəli sorğuya cavab məktubundan görünür ki, X2 01.11.2015-ci il tarixdə ölkədən çıxmışdır və qayıdışı olmamışdır. Həmin məktubu poçt vasitəsilə 2021-ci ilin oktyabr ayının axırı alınmışdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021- ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-78/2018 nömrəli 05.01.2018-ci il tarixli qətnaməsinə əsasən 117483-CNS-11706 nömrəli, 23 oktyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən əsas borc üzrə 23342,93 ABŞ dolları, faiz borcu üzrə 8055,9 ABŞ dolları, cərimə üzrə 50 ABŞ dolları, ümumilikdə isə 31448,83 ABŞ dolları məbləğində pul vəsaiti və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC- nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən ev 37, 5 saylı mənzilə yönəldilməsi və mənzilin ilkin satış məbləği 61000 manat müəyyən edilməklə açıq hərracda satılması, açıq hərracdan satışdan əldə olunan pul vəsaiti hesabına İddiaçı Bank VTB (Azərbaycan) ASC-yə borcun ödənilməsi və tutma ipoteka predmetinə yönəldikdən sonra mənzilin bir ay ərzində boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 15.10.2020-ci il tarixli 01 №-li, 12.11.2020-ci il tarixli 02 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən 19.11.2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək və 06.11.2020-ci il tarixdə, saat 11:00-dan 17:00-dək hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, X6, X5, X7, X8, X9, H.şimzadə Samirə Nizami qızı və Cavabdeh2 ASC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 169211 nömrəli qəbzin təsdiq olunmuş surətinə əsasən bildiriş 12.11.2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən təhvil alaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş “birjanews.az” saytının 14.10.2020-ci tarixli, 218 nömrəli, 11.11.2020-ci il tarixli, 223 nömrəli, “cumhuriyyet.biz” saytının 21-23 noyabr 2020ci il tarixli, 100 nömrəli elanlarının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarında olan Hərrac Mərkəzi "xxxx" MMC-nin 0471 saylı, 14 yanvar 2022ci il tarixli və 28 fevral 2022-ci il tarixli məktublarına əsasən birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş İddiaçı Nazim oğluna məxsus əmlak üzrə keçirilmiş hərracların sənədlərinin təsdiq olunmuş ksero surətləri məhkəməyə daxil olmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Kütləvi informasiya vasitələrində üç dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 61000 manat, ikinci dəfə 51850 manat, üçüncü dəfə isə 3887,5 manat müəyyən edilmişdir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hərracın keçirilməsi barədə bildirişlərin və məlumatların vaxtında və lazımi qaydada göndərilməməsi, eləcə də tərəflərin hərracın keçirilməsində iştirak etmədiyindən hərracın keçirilməsinin növbəti tarixə təxir olunaraq yenidən tərəflərə bildiriş göndərilməməsi, bunun sübutu kimi Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilin mülkiyyətçisi X2 hərrac keçirilən tarixdə Azərbaycan Respublikası hüdudlarından kənarda olması barədə (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 sentyabr 2021-ci il tarixli, 33/3149 nömrəli cavab məktubuna əsasən X1 Azərbaycan Respublikası ərazisini tərk etdiyi sonuncu tarix 01.11.2015-ci il tarixi kimi qeyd olunmuşdur, ondan sonra X2 Azərbaycana gəlməmişdir.) apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (mülkiyyətçi tərəfindən imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin rəsmi qaydada verilməsi iddiaçıların yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Odur ki, mübahisələndirilən hərrac hərracın keçirilməsinin qanunda nəzərdə tutulmuş bütün qaydalarına uyğun olaraq keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə VTB bankın balansına keçməsi barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bank VTB-nin adına həmin mənzilə dair verilmiş RX ********** saylı çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)- 5156/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar