Məhkəmə qərarları › İş №2(103)-10520/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10520/2021

17.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10520/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı vəkili İsgəndərli Könül Teyyub oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2979/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən **********00381 saylı abunə koduna hesablanmış 1972,80 manat məbləğində əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.12.2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında quraşdırılmış iddiaçıya məxsus G-4 markalı **********00381 nömrəli qaz sayğacına blomb vurularaq № ******* saylı Akt tərtib olunmuşdur. Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin 30.12.2020-ci il tarixli aktına əsasən iddiaçıya məxsus fərdi yaşayış evində guya iddiaçı tərəfindən qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması faktı aşkar edilmişdir kimi rəy verilmişdir. Buna əsasən, 5184 m3 həcmində, 9720 m3 həcmində. 5184 m3 həcmində olmaqla, ümumilikdə, 20088 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya 2008,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərtib olunmuş akt ilə razı deyil. İddiaçı sözü gedən həqiqətə uyğun olmayan, özündə reallığı əks etdirməyən aktı qəbul etməyərək imza atmaqdan imtina etmişdir. İmtinaya dair qeyd 30.12.2020-ci il tarixli, ******* saylı Aktda öz əksini tapmışdır. İddiaçı tərəfindən qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmamışdır. İddiaçının evində ümumiyyətlə, kənar xətt heç bir vaxt olmamış, iddiaçı tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. İddiaçı təbii qazdan istifadə edən zamanı maneələrlə rastlaşır, beləki, iddiaçı qaz sayğacı üçün yüklədiyi məbləğin yarısı qanunsuz olaraq cavabdehin hesabına silinmişdir. Bu günədək iddiaçı yüklədiyi pulun qanunsuz olaraq silindiyini açıq-aşkar görmək mümkündür. Ümumilikdə, 36 manat məbləğində pul vəsaiti cavabdehin hesabına çıxılmışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və iddiaçı tərəfindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qisimində pulu ödənilmişdir. Smart qaz kartına yüklənmiş pulun qanunsuz olaraq çıxılması iddiaçının maddi durumuna uyğun deyildir. Soyuq aylarda iddiaçının qazdan istifadəsini məhdudlaşdırır. Beləliklə, 20088 m3 həcmində itirilmiş qaz sərfıyyatına görə 2008,80 manat məbləğində hesablanmış borcdan-36 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfdən çıxılması nəticəsində yekun olaraq 1972,80 manat məbləğində əsassız borc qalmışdır. Həmçinin, 04.02.2021-ci il tarixli cavabdehin məktubuna əsasən 03.02.2021-ci il tarixinə istehlakçı hesabında 1972,80 manat məbləğində borcun mövcud olduğu qeyd olunmuşdur. Məhz bu səbəbdən iddiaçıdan qanunsuz olaraq tələb olunan pulun silinəsi üçün iddiaçı ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. İddiaçıdan qanunsuz olaraq tələb olunan qazın sərfıyyata görə isə 1972,80 manat məbləğində borc pulun silinməsini iddiaçı məqsədə müvafiq hesab edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2979/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanı (Abonent kodu: **********00381) üzrə İddiaçı itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1972,80 (min doqquz yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bilindiyi kimi əsasən qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsbitlənmiş müdaxilə nəticəsində qeyri-qanuni faydalanan ishtehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texniki və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyriobyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd edilən qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili İsgəndərli Könül Teyyub oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2979/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə 30.12.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı təbii qazdan sayğacdan kənar və qeyri-qanuni istifadə edir. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə 30.12.2020-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı 30.12.2019-cu il tarixli akta əsasən cəmi 20088 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00381 saylı abonent İddiaçı 1972,80 manat məbləğində qazdan istifadəyə görə cərimə borcu yazılmışdır. İş materillarında olan 02.06.2021-ci il tarixli 294 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda İddiaçı məxsus fərdi yaşayış evinə Cavabdehnə məxsus əsas qaz xəttindən bir ədəd 20 mm metal boru qaz xətti çəkilmiş həmin qaz xəttinin üzərinə mexaniki qaz sayğacı quraşdırılmışdır. Faktiki olaraq əsas qaz xəttindən iddiaçıya məxsus fərdi yaşayış evinə aid qaz sayğacına gedən metal borudan başqa müdaxilə faktı və ya qaynaq izləri aşkar olunmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1972,80 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində öz əksini tapmamışdır. Həmçinin Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh qanunla onun üzərinə düşən vəzifəni icra etməmişdir. Məhkəmə haqlı olaraq aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız saymışdır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2979/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2979/2021 saylı 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar