Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10543/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(011)-5805/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, akta görə hesablanmış 907,20 manat məbləğində pulun silinməsi və sayğacın dəyəri olan 235,88 manat pulun ondan tələb olunmaması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında yerləşən mənzildə ailəsilə birlikdə yaşayır. Evdə quraşdırılan qaz sayğacının kartı vasitəsilə sayğaca pul məbləği yükləmək istəyərkən kartın blokda olduğunu bilmişdir. Bakı Regional Qazın Satışı Departamentinə müraciət etdikdə ona bildirmişlər ki, sayğaca müdaxilə etdiyinə görə 907,20 manat cərimə yazılıb və bu pulu ödəməlidir. Bundan əlavə, ona sayğacın dəyəri olan 235,88 manat pulun da ödənilməsini bildirdilər. O, cərimənin səbəbini soruşduqda bildirmişlər ki, mənzildə quraşdırılan sayğac 31.10.2018-ci ildə əvəz edilərkən çıxarılan sayğac laboratoriyaya göndərilmiş və rəyə əsasən sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Mənzildə quraşdırılan qaz sayğacına o və ya başqa şəxs tərəfindən heç bir müdaxilə edilməmişdir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, ona ******* saylı akt və hesabat təqdim edilmişdir. Mexaniki qaz sayğacı olarkən qazdan normal istifadə edərək ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Aktda 180 gün hesabat aparıldığı qeyd edilmişdir. Cavabdeh tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına hüquq verən müvafiq normativ hüquqi aktlar mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(011)- 5805/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə edildiyi üçün barəsində akt tərtib olunmuş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq borcun silinməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(011)-5805/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına görə, iddiaçı Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00070 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı evə quraşdırılmış qaz sayğacı 16.08.2018-ci il tarixdə yenisi ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmçinin cavabdeh tərəfindən 31.10.2018-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilərək, aktda sayğaca müdaxilə edildiyi qeyd edilmiş, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən isə itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 90720 m3 (907,20 manat) olması müəyyən edilmişdir “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, “aktın doğruluğunu imzamızla təsdiq edirik” bölməsində cavabdehin əməkdaşlarının imzası olsa da, iddiaçının adının qarşısında “imtina” qeydi yazılmaqla akt onun tərəfindən imzalanmamışdır. Halbuki təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı ilə tərtib edilməlidir. Bundan əlavə, iddiaçının barəsində Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 31 oktyabr 2018-ci il tarixdə akt tərtib olunsa da, ötən müddət ərzində bu barədə nə məhkəməyə, nə də hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxılıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(011)- 5805/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10543/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10543/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver