Məhkəmə qərarları › İş №2(103)-10545/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10545/2021

16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10545/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 23.08.2019-cu il tarixdə cavabdehlə arasında bağlanmış 1 ədəd 5-1200 modelli 5 cərgəli qarğıdalı xeyderinin 12200 manata satılması barədə 2019/15 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın dəyəri olan 12200 manatın və bir il ərzində vurulmuş zərərin əvəzi kimi 54000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Şambul kəndində yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Rayonda qarğıdalı kombaynına ehtiyac duyulduğundan qarğıdalı xeyredi almaq qərarına gəlmiş, 23.08.2019-cu ildə cavabdehdən 12200 manata 1 ədəd 5-1200 modelli 5 cərgəli qarğıdalı xeyderi almış və alqı-satqı zamanı dəyərini tam ödəmişdir. Cavabdeh tərəfindən xeyderə fəaliyyətə başladığı tarixdən 12 ay zəmanət verilmiş, həmçinin, 10 il servis xidmətləri cavabdehin öhdəliyi kimi müəyyən olunmuşdur. İddiaçı xeyderi təhvil aldıqdan 3 gün sonra istifadə etməyə başlamış, elə həmin vaxt nasaz olmaqla istifadəyə yararsız olduğunu aşkar edərək, 05.09.2019-cu il tarixdə Balakən X1 texniki baxışa vermişdir. Baxış nəticəsində müəyyən olunmuşdur ki, xeyderin işçi hissələri yararsız olmaqla işçi mexanizminin dəyişdirilməsi zərurəti vardır. Sonradan iddiaçı xeyderi cavabdehin anbarına təhvil vermiş, təhvil-təslim aktında xeyderin dəyərinin iddiaçıya qaytarılmadığı göstərilmiş və ona qısa zaman ərzində xeyder ya yenisi ilə əvəz olunub iddiaçıya qaytarılacaq, ya da dəyəri ödəniləcəyi bildirilmişdr. Lakin təxminən 1 il ərzində cavabdeh qeyd olunanların heç birinə əməl etməmiş, buna görə iddiaçı 29.09.2020-ci il tarixdə "xxxx" MMC-dən 22050 manata 1 ədəd 5 sıralı qarğıdalı mexanizmi almışdır. Bununla da, cavabdeh iddiaçını 2 sezon qarğıdalı biçinindən qazanacağı puldan məhrum etmişdir. Belə ki, 1 qarğıdalı biçən kombayn gün ərzində 14- 15 hektar qarğıdalı sahəsi biçə bilir və biçinin hər hektarından qazanc 60 manat təşkil edir. Qarğıdalı biçini ilin sentyabr, oktyabr aylarında müntəzəm olaraq aparılır. Gün ərzində 15 hektar qarğıdalı sahəsinin biçildiyi, hər hektara görə qazancın 60 manat olması nəzərə alınarsa, bir kombaynın gün ərzində 900 manat gəlir gətirdiyi müəyyən olunur. Biçinin ildə 2 ay, yəni 60 gün aparıldığı nəzər alındıqda isə, kombaynın 1 ildə 54000 manat gəlir gətirməsi müəyyən olunur. Cavabdeh isə iddiaçını faktiki olaraq 1 il işsiz qoyduğuna görə ona 54000 ziyan vurmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4227/2021 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli, 2019/15 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 12200 manatın və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manatın cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən iddanın rədd olunduğu hissədə ləğv olunması, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı, apellyasiya şikayətini - maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması, məhkəmənin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya faktiki olaraq zərər vurulduğunu qəbul etdiyi halda, həmin zərərin vurulmadığı təqdirdə iddiaçının 54.000 manat gəlir əldə edəcəyinə dair kifayət qədər sübut olmadığına əsaslanmasının yanlış olması və s. ilə əsaslandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilsə də, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə yeni əsaslarla rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli, 2019/15 saylı müqaviləyə əsasən, İddiaçı Cavabdeh MMC-dən 12200 manata 1 ədəd 5-1200 modelli, 5 cərgəli qarğıdalı xeyderi almış, müqavilənin 4.1-ci və 5.1-ci maddələrinə görə, zəmanət müddəti maşının fəaliyyətə başladığı tarixdən etibarən 12 ay müddətə davam edir və 10 il servis xidmətləri satıcının öhdəsindədir. Satıcı zəmanət verir ki, məhsulların dizaynında heç bir qüsur olmayacaq, istifadə edilən material yenidir və heç vaxt istifadə edilməyib. Nəqliyyat vasitəsinin 05.09.2019-cu il tarixli müayinə aktından görünür ki, sözügedən xeyderə baxış zamanı müəyyən olunmuşdur ki, xeyderin işçi hissələri işə yararsızdır, işçi mexanizmini dəyişmək lazımdır. Bundan sonra, iddiaçı 08.11.2019-cu il tarixli, 19/40 nömrəli təhvil-təslim aktına əsasən, həmin tarixdə xeyderi MMC-nin anbarına təhvil vermiş, lakin xeyderin pulu ona qaytarılmamışdır. İşdə olan 29.09.2020-ci il tarixli təhvil-təslim aktından isə görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya 1 ədəd 5 sıralı qarğıdalı yığım mexanizmi təhvil verilmişdir. Hazırda iddiaçı, əldən çıxmış fayda kimi cavabdeh tərəfindən ona qüsurlu malın təhvil verilməsi nəticəsində düşüdüyü zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd edərkən, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, hazırki halda cavabdehin hərəkətləri nəticəsində iddiaçıya faktiki olaraq zərər vurulduğu aşkar olsa da, həmin zərərin vurulmadığı təqdirdə iddiaçının 54000 manat gəlir əldə edəcəyinə dair kifayət qədər sübut mövcud olmadığından, iddia vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən bu hissədə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci hissəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən normaların tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin müəyyən edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Odur ki, hazırkı mübahisə üzrə bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı isə məhkəməyə cavabdehin qanunsuz hərəkətləri (qüsurlu mal verilməsi və nəticələrinin aradan qaldırılmaması) nəticəsində maddi zərərə düşdüyünü təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İstinad etdiyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin X4 Balakən rayon bölməsinin rəhbəri tərəfindən verilmiş 30.09.2020-ci il tarixli bildiriş isə, bu faktın müəyyən edilməsi baxımından mötəbər və kifayətedici hesab oluna bilməz. Belə ki, həmin bildirişdə göstərilmişdir ki, 1 ədəd “Nyu Holland” kombaynı qarğıdalı biçinin bir gün ərzində orta hesabla 14-15 hektar qarğıdalı sahəsini biçə bilir. Hər hektarına 60 manat biçin qiymətidir və biçin sentyabr-oktyabr aylarında müntəzəm olaraq aparılır. Göründüyü kimi, bildiriş 1 ədəd kombaynın bir gündə orta hesabla nə qədər qarğıdalı sahəsini hansı qiymətə biçməsi barədə olmaqla ümumi xarkter daşıyır. Başqa sözlə, həmin bildirişin məzmunundan cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddaçının məhz həmin aylarda (sentyabr və oktyabr) hər gün eyni ölçüdə qarğıdalı sahələrini biçmək imkanından məhrum olması qənaətinə gəlmək mümkün deyildir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya, həmçinin vurğulayır ki, mübahisə edilən davranış ancaq başqasına zərər verərsə, təzminatdan söhbət gedə bilər. Dolayısı ilə, hüquqa zidd hərəkət edən şəxs yalnız həmin hərəkətin doğurduğu (artıq baş vermiş) zərərlərə görə cavabdehdir (mülki hüquqda) və mülki hüquq pozuntusuna görə məsuliyyətin məqsədi hüquqa zidd davranışı hər hansı formada cəzalandırmaq deyil, zərər çəkənin zərərini qarşılamaqdır. İddiaçı isə, cavabdehin ona zərər vurmasını sübut edə bilməmişdir. Beləliklə, Kollegiyanın qənaətinə görə, baxılan işdə mülki hüquq pozuntusunun (delikt) əsas ünsürlərindən biri kimi zərərin mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsi isə, bunun əksinə, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulduğunu qəbul etməklə, bunun nəticəsində ona tələb olunan məbləğdə ziyan dəyməsinin sübuta yetirlmədiyini əsaslandırmışdır. Halbuki, bu hal maddi zərər tələbinin rədd olunması üçün deyil, ziyanın məbləğinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi ziddiyyətli olmaqla, əsaslandırılmamışdır. Həmçinin, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməmsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (maddi zərər) ləğv olunmalı, iddia həmin hissədə yuxarıda qeyd olunan əsaslarla rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4227/2021 saylı qətnaməsi yoxlanılan hissədə (cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi kimi 54000 manatın tutulması tələbinin rədd olunması) ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar