Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10548/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı vəkili Vəkil Madar oğlunun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisinə görə qanunsuz hesablanmış məbləğin ləğv edilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4123/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 1476,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Bİnəqədi Qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Binəqədi kəndi, İsfahani küçəsi, ev 0017, mənzil 0122 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 2021-ci ilin fevral ayında cavabdeh Cəmiyyətin səlahiyyətli işçisi iddiaçıya işıq sayğacının istifadə müddətinin bitdiyini, yenisi ilə əvəz olunmasını bildirmiş, heç bir akt tərtib etmədən köhnə sayğacı yenisi ilə əvəz etmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçıya 1476,18 manat borcunun olmasına dair bildiriş verilmişdir. İddiaçı bu barədə maraqlandıqda ona bildirilmişdir ki, sayğacdan kənar işıqdan istifadə olunduğu üçün bu məbləğdə borc müəyyən edilmişdir. Halbuki, 2017-ci ildən 4 il ərzində əraziyə nəzarət edən cavabdehin səlahiyyətli nümayəndəsi heç bir qanunsuz qoşulma müəyyən etmədiyi halda birdəfəyə bu məbləğdə borcun yaranmasının heç bir əsası yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4123/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********70122) hesablanmış 1476,18 manat məbləğində borcun silinməsi, dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4123/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətini müdafiə etdi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4123/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Madar oğlu çıxış edərək birinci instansiya məhkəməsinin faktları araşdıraraq maddi hüquq normalarını düzgün tətbiq etdiyini və prosessual hüquq pozuntularına yol vermədiyini bildirərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4123/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tam ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanı üzrə 10 aprel 2021-ci il tarixə 1476,18 manat borc hesablanmışdır. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin aktın əsaslı olaraq tərtib edilməsi, həmin aktdan istehlakçının məlumatının olması və s. barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə "xxxx" ASC tərəfindən hesablanmış 1476,18 manat borc silinməlidir. "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və əsassız olaraq iddiaçıya hesablanmış elektrik enerjisi borcunu silmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsi qətnaməsində cavabdeh tərəfindən 1476,18 manat borcun nəyin əsasında yaranmasını sübuta yetirilməməsinə istinad etmişdir. "xxxx" ASC yaranmış borcun səbəblərini apellyasiya şikayətində qeyd etməmişdir. Məhkəməyə təqdim olunan “Abunə haqqında” sənədlə müəyyən edilir ki, iddiaçı tərəfindən elektrik xəttinə sayğacdan kənar qoşulmanın mövcudluğunu, həmçinin 08.10.2020-ci ildə sayğac göstəricisinin 2912 fərq 196, məbləğ 13 manat 72 qəpik olduğu halda 10.11.2020-ci ildə sayğac göstəricisinin 14202, fərqin 11290, məbləğin 790 manat olması qeyd olunmuşdur. Bir ay ərzində sayğac göstəricisinin bu cür yüksək məbləğə qalxması xüsusi əsəslandırma tələb etdiyi halda cavabdeh bunu edə, dəlillərini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın mübahisələndirilən hissəsinin beş min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4123/2021 saylı 18.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-10548/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10548/2021
15.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver