Məhkəmə qərarları › İş №2(103)-10562/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10562/2021

15.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10562/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), X2 Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), X2a və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5039/2021 saylı mülki iş üzrə qəbul etdiyi 30 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcunun silinməsi dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 30 aprel 2019-cu il tarixli, ******* nömrəli akt əsasında ona hesablanmış 707,4 manat borcun silinməsi və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak ona məxsusdur və bağ evi kimi ailəsi ilə birlikdə istifadə edir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Novxanı kəndində yerləşən ona məxsus bağ evinin qaz sayğacı yenisi ilə əvəz edilmiş və akta əsasən qaz sayğacını dəyişərkən heç bir nöqsan aşkar edilməmişdir. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin və onun iştirakı ilə 18 yanvar 2019cu il tarixdə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin “qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” 19/1710-00375 nömrəli 10 aprel 2019-cu il tarixli akta əsasən sayğaca laboratoriyada texniki baxış keçirilmiş və sayğac yararsız hesab edilmişdir. Lakin sonradan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacın klapanının işlək olmamasını müəyyən etmiş və onun iştirakı olmadan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmiş, əsassız olaraq 707,4 manat cərimə hesablanmışdır. Ona bu barədə heç bir məlumat və bildiriş verilməmişdir. Yalnız 2021-ci ilin fevral ayında ona məlum olmuşdur ki, onun smart qaz kartından qaz üçün ödədiyi vəsaitdən qanunsuz pul tutulur. Uzun illərdir ki, o, vaxtlı vaxtında sayğacla hesablanmış qaz borcunu ödəmiş və sayğacın plombunun pozulması, sayğaca müdaxilə olmamışdır. Belə işə fikri və məqsədi olmamışdır. Mübahisəli akt inandırıcı sübut kimi qiymətləndirilə və onda təsbit olunan məlumatların həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna bilməz. Onun iştirakı ilə köhnə sayğac tam qüsursuz halda çıxarılmış, yoxlanılaraq “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təhvil alınmışdır. Onun iştirakı ilə həmin an “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Sonradan “Azəriqaz” İstehsalat Birliyi hər hansı bir xəbərdarlıq etmədən istehlakçıya qanunazidd borc cəriməsi yaza bilər. Halbuki, ümumiyyətlə o, həmin proseslərdə iştirak etməmişdir. Qaz sayğacı evdən kənarda əsas küçədə yerləşir və həmin sayğacın qorunması kimi hər hansı bir qanunvericiliklə müəyyən olunmuş vəzifəsi yoxdur. Bu baxımdan da qaz sayğacına hər bir halda kimsə tərəfindən hər hansı bir müdaxilə və kənar təsirin olması onun məsuliyyəti kimi müəyyən oluna bilməz. Bu həm də məntiqsiz davranışdır. Bu nöqteyi nəzərdən də hesab edir ki, hər hansı bir şəxsin hər hansı bir məsuliyyət növü üzrə məsuliyyətinin yaranması üçün həmin şəxsin öncə baş vermiş hadisədə təqsiri müəyyən olunmalıdır. Təqsirsiz vurulan zərərə görə şəxs məsuliyyət daşıya bilməz. Nəticə etibarı ilə bildirir ki, sayğaca kənar təsir olmamışdır. Digər tərəfdən də bu qanuna zidd hərəkətin törədilməsində onun təqsiri heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(001)-5039/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, 1-ci instansiya məhkəməsi istehlakçının təqsiri sübuta yetirilmədiyinə görə iddianı təmin etmişdir. Lakin təqsirli tərəfin müəyyən edilməsi cavabdehin funksiyalarına aid deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə 18 yanvar 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Novxanı kəndində bağ evində qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentinə təhvil verilmişdir. “Azəriqaz” X1 təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məiçət qaz sayğacları kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 10 aprel 2019-cu il tarixli, 29/1710-00375 nömrəli aktına əsasən G-4 markalı, 1002AQ**********3 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlamış, sayğacda Alarm 1 rejimi aşkar olunmuşdur. Bu barədə 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. İstehlakçı İddiaçı aid ünvanda qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 7.074 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş qaz sayğaclarının yoxlanılması barədə MSK 29/1710-00375 nömrəli aktın surətindən görünür ki, 1002AQ**********3 zavod nömrəli qaz sayğacında xətalar normadan artıqdır. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələt korroziyaya uğramışdır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlamışdır. Sayğacın yaddı arxivi oxundu. Sayğacda istismar müddətində 08 avqust 2017-ci il tarixində 2 dəfə Alarm rejimi aşkar olunmuşdur. Qüsura görə nəticə - qaz itkisi, müdaxilədir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış 26 fevral 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, əvvəlcədən ödənişli 1002AQ**********3 zavod nömrəli qaz sayğacı 18 yanvar 2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin 28 mart 2019-cu il tarixli MSK 29/1710-00375 saylı aktında “xətalar normadan artıqdır, sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlayıb, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində 08 avqust 2017-ci il tarixdə 2 dəfə ALARM-1 rejimi aşkar olundu” qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən 30 aprel 2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 707,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın sonuncu tərəfindən ödənilməli olması bildirilmişdir. **********05050 nömrəli abonent İddiaçı abonentin saldosundan görünür ki, onun 2019-cu ildə akt üzrə olan borcu 707,4 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasının səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin beş manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5039/2021 saylı mülki iş üzrə qəbul etdiyi 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar