Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1057/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit üzrə əsas borc, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-26/2024 nömrəli 08 oktyabr tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 05 dekabr 2019-cu il tarixli İP543 nömrəli kredit müqaviləsi imzalanmış və bank tərəfindən borcalana illik faiz dərəcəsi 8 % olmaqla 300 ay müddətinə 114.0 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP543 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyləşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir.
2. 02 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 112.507,62 manat əsas borc, 8.124,40 manat faiz, 276,32 manat cərimə olmaqla, cəmi 120.908,34 manat borcunun olduğu qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli 9/716 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan çıxarış məlumatları, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli İP543 nömrəli kredit müqaviləsinə əsasən maliyyə arayışının tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə - 112.639,53 manat; - faiz üzrə - 4.465,51 manat. Qeyd edilir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana cərimə hesablanmadı.
4. 11 dekabr 2019-cu il tarixli İP543 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 24A, M4, mənzil 3 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Çıxarışda xeyrinə hüquq yüklü edilən şəxs qismində İddiaçı ASC, hüququ yüklü edilən şəxs qismində Cavabdeh qeyd edilmişdir.
5. "xxxx" MMC-nin 27 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə 112/BOB/24 nömrəli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri 180.000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 8.124,40 manat faiz, 276,32 manat cərimə olmaqla, cəmi 120.908,34 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilməsi; ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 164.000 manat müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 411 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 05 dekabr 2019-cu il tarixli İP543 nömrəli kredit müqaviləsi imzalanmış və bank tərəfindən borcalana illik faiz dərəcəsi 8 % olmaqla 300 ay müddətinə 114.000 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP543 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank ilə borcalan arasında 11 dekabr 2019cu il tarixli İP543 nömrəli alğı-satqı və ipoteka müqaviləsi imzalanmış və ünvan 2 mənzil 11 (yeni qaydalarla: AZ1102, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP543 saylı alğı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 000574 nömrəli ipoteka kağızı verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 90 gün və daha çox müüdətə gecikdirdikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi haqqında qaydaların tələblərinə əsasən, borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir, müvəkkil bank Fonddan ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır. İpoteka saxlayan İddiaçı ASC ipoteka qoyana «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 4.465,51 manat faiz, 27 manat cərimə olmaqla, cəmi 117.000,13 manat pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 407 manat hissəsinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 2 ünvanda yerləşən 11 saylı mənzilə (yeni qaydalarla: AZ1102, ünvan 1 yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 180.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin Cavabdeh İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, 300 manat qiymətləndirmə xərcinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim X3)
9. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, ekspert rəyləri (faiz məbləğinə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair) əsas götürülməklə iddia qismən təmin edilməli, İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 4.465,51 manat faiz, 27 manat cərimə olmaqla, cəmi 117.000,13 manat pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 407 manat hissəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı; tutma ünvan 2 ünvanda yerləşən 11 saylı mənzilə (yeni qaydalarla: AZ1102, ünvan 1 yönəldilməli; həmin mənzilin ilkin satış qiyməti 180000 manat müəyyən edilməli; mənzil açıq hərracda satılmalı; satışdan əldə olunmuş vəsait Cavabdeh İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməli; mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda "ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1 -ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1 -ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 462.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə də iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə faiz və cərimə məbləğlərinin ödənişlərində silinmələr ekspert tərəfindən düzgün aparılmamışdır. Bu səbəbdən faiz və cərimə borcu məbləğində fərqin yaranmasını mübahisələndirmişlər.
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və təkrar ekspertiza təyin edilməklə əmlakin likvid bazar dəyərinin müəyyən edilməsi və qətnamənin əsas və faiz borcu hissəsində dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 11 saylı mənzilin likvid bazar qiyməti düzgün müəyyənləşdirilməmişdir. Eyni zamanda faiz və əsas borcu da düzgün hesablanmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırkı apellyasiya şikayətlərində qətnamənin əsas, faiz və cərimə borcu hissələrində, eyni zamanda ipoteka predmetinin likvid qiyməti hissəsində mübahisələndirilərək ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatının dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, Cavabdehn kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
25. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
26. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin düzgün hesablanmadığına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin əsas və faiz borc məbləğinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Apellyasiya icraatı zamanı da məhkəmə iclasında iştirak etməməklə verdiyi şikayətin dəlillərinin müdafiə edilməsinə cəhd göstərməmişdir.
27. Bundan əlavə borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 13 avqust 2025-ci il tarixli 9/1150 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli İP54 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 112.639,53 manat, faiz borcu üzrə 7.785,95 manat olmuş, xx.xx.2022-ci il tarixə 112.639,53 manat, faiz borcu 4.465,51 manat olmuşdur.
28. Bununla belə, faiz borcun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış faiz borc üzrə silinməsi qüvəddə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər iddiaçının bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixə yaranmış faiz borcu məbləği ilə bağlı gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit, aparılmış ödənişlərin və yaranmış borcun məbləğlərini nəzərə alıb, belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən işə baxan məhkəmə cavabdehdən tutulmalı cərimə məbləğini də ağlabatan və ədalətli həddədək azaldaraq 27 manat müəyyən etməkdə haqlı olmuşdur.
30. Bundan başqa, məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin likvid dəyəri 180 000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzilin qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Hazırki iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi cavabdeh tərəfindən mübahisələndirilməklə aşağı qiymətə olması bəyan edilmişdir. Hazırki halda isə apellyasiya qaydasında işə baxılarkən məhz ipoteka predmetinin qiymətinin daha yuxarı həddə olmasının müəyyən edilməklə ilkin satış qiymətinin müəyyən edilməsi irəli sürülmüşdür. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə əsasən apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi də keçirilərək, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. MMC-nin mütəxəssisi tərəfindən cavabdehlə dəfərlərlə əlaqə saxlanılaraq qiymətləndirilməsi nəzərdə tutulan əmlaka baxış keçirilməsinə cəhd edilmiş, lakin cavabdeh tərəfindən əmlakın qiymətləndirilməsi üçün zəruri olan şərait yaradılmadığından həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda kollegiya qeyd edir ki, MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin daşınmaz əmlakın likvid qiyməti hissəsində müəyyən etdiyi qiymətlə razılaşır, həmin hissədə də qətnamənin dəyişdirilməsinə zərurət görmür.
31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-26/2024 nömrəli 08 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul İddiaçı ASC-dən və Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.