Məhkəmə qərarları › İş №2(103)-10589/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10589/2021

26.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10589/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/2021 saylı, 21.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 12.09.2018-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi; cavabdehlə onun arasında bağlanmış 19.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə aktları ilə müəyyən edilmiş öhdəçiliklərinin bərpası haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 19.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən: 4 min ABŞ dolların qəbul etmiş; Bu zaman alınmış pul vəsaitinə görə illik 26 faiz ödəmək öhdəçiliyi qəbul etmişdir. Öhdəçiliyini vaxtında yerinə yetirməmiş, kredit məbləğindən 261 ABŞ ödəmiş, 3639 ABŞ dolları kredit borcumu ödəyə bilməmişdir. Bu səbəbdən cavabdeh Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və sonda 01 may 2015-ci il tarixli Məhkəmə əmri verilmişdir, nəticədə əsas borc 3639.70 ABŞ dolları, 271.71 ABŞ dolları faiz, 17.33 ABŞ dolları cərimə, ümumilikdə 3872,74 ABŞ dolları miqdarında borc yaranmışdır. Cavabdehin nümayəndəsilə görüşmüş, hissəvi ödəniş etməyini məlum etmiş, cavabdehin nümayəndəsi məsələnin həlli ilə bağlı 3872,74 ABŞ dollarının manatla məzənnəsi həcmində yeni müqavilə bağlamağı təkidlə təklif etmiş, dolların manata olan nisbətdə bahalaşacağını və sair bildirmişdir. Bu sahədən məlumatsız insan olaraq təklifi qəbul etmiş və 12.09.2018-ci il tarixdə yeni müqaviləyə imza etmiş, guya: 12.02.2018- ci il tarixdə o, cavabdehdən 5644.60 manat vəsait qəbul etmiş, illik 12 faiz ödənişə razılaşmış; 48 ay ərzində yenidən əsas vəsaitlə birlikdə faiz ödəməli olduğunu bildirmişdir. Lakin yenidən öhdəçiliyinin yerinə yetirilmədiyi halda faizlə hesablanacağını o, bilməmişdir, cavabdehin əməkdaşı isə bunu ona izah etməmişdir, həmçinin bu sahədən məlumatsız insan olaraq yeni müqavilənin nəticələrini anlamamışdır. Belə ki, ilk müqavilə üzrə məhkəmə aktı olduğundan faizlərin dayanması kimi halla ona məlum olmamışdır.

3. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/2021 saylı, 21.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/2021 saylı, 21.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla (cavabdehlə) bağlanan 19.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 4000 (dörd mir.) ABŞ dolları və bu zaman alınmış pul vəsaitinə görə 26% ödəmək öhdəliyini qəbul etmişdir. İxtisarla əlaqədar olaraq iş yeri bağlandığı üçün və 1 (bir) ilə yaxın işsiz qaldığından bu krediti ödəməyi məcbur olub dayandırmışdır. İddiaçının günahı olmadan gözləmə mövqeyində saxlanmışdır. İş yerinin ixtisarına görə krediti ödəyə bilmədiyinə və bu səbəbdən bank iddiaçını məhkəməyə vermiş, 01.05.2015-ci il tarixli əmr verilmiş, nəticədə 3639,70 dollar əsas borc, 271,71 dollar faiz, 17.33 dollar cərimə, ümumilikdə 3872, 74 dollar miqdarında borc yaranmışdır. İş icraya, icradan da yeni iş yerinə göndərilmiş, aybaay kredit ödənişinə başlanılmışdır. İş icrada olarkən hər gün iddiaçıya bankdan zənglər olunmuş, ardıcıl surətdə hər gün zəng edib mənəvi təzyiqlər olunaraq yeni müqavilə bağlamaq, dollarla olan bu krediti manata çevirmək istədiklərini bildirmişlər. Bu səbəbdən iddiaçını banka gətizdirərək yeni bir müqavilə bağlamağa nail ola bilmişlər. İddiaçıya dolların bahalaşacağı, bu barədə iddiaçıya guya ki, gizlincə məlumat verdiklərinə və kömək etmək istədiklərini inandırmışlar. Bu sahədən məlumatsız olduğundan istifadə edərək iddiaçıya öz təkliflərini qəbul etdirmiş və 12.09.2018-ci il tarixində 5739,0 manat əsas borc, əlavə faiz üzrə 1512,90 manat, cəmi 7251,90 manat olmaqla yeni bir müqavilə tərtib olunmuşdur. Bununla da restruktrizasiyanın qarşısını kəsmişlər. Yeni öhdəliyini yerinə yetirməyəcəyi halda faizin hesablanacağını iddiaçıya bildirməmiş və ona bank əməkdaşları bunu başa salmamışdır, yəni yeni müqavilənin nəticələri iddiaçıya bildirilməmişdir. İlkin müqavilə üzrə məhkəmə aktı olduğundan faizin hesablanmasının dayandırılması və s. hallar iddiaçıya məlum olmamış və bu haqda ona heç bir məlumat verilməmişdir. İddiaçı ilə müqavilə bağlanarkən ona müqaviləni oxumamış imza etdirmişlər, məhkəmə əmrindən sonra təsbit olunmuş borca yeni müqavilədə yenidən 12% üzrə 1512.90 manat yüklənmiş və iddiaçının bundan xəbəri olmamışdır. İddiaçıya bank əməkdaşları tərəfindən dollarla olan borcu manata çevirəcəklərini bildirmiş və iddiaçı ona görə də müqaviləni oxumamış imzalamışdır. Buna səbəb bir də otağın yarıqaranlıq halda olması, həm də müqavilənin çox kiçik şriftlərlə yazılması, əsas borcun üzərinə əlavə faiz yükləməyəcəklərini demələri olmuşdur. İddiaçı sabahkı gün, yəni 13.09.2018-ci il tarixdə və ondan sonra da dəfələrlə bu müqaviləni ləğv etdirməküçün həmin banka getmiş, müqavilədəkilərlə razı olmadığını bank əməkdaşlarına bildirmiş, amma bankda işləyən kredit əməldaşları və müdir onun sistemə işləndiyini, müqaviləni ləğv etməyin mümkün olmadığını bildirmişlər. Belə olan halda iddiaçı da krediti ödəməyəcəyini onlara demişdir. Bank əməkdaşları tərəfindən müqavilə özlərinin mənafeyinə uyğun hazırlanmış, 15 dəqiqə ərzində hazır şəkildə olan blanklara imza etdirməklə boynuna faiz öhdəlikləri iddiaçıya izah etmədən yüklənmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh in nümayəndəsi İ.Şahverdiyev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 19.06.2014-cü il tarixli 3919nkNAR/14 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nə əsasən bank kredit alana 48 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 4.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 26% ödəməyi öhdəsinə götürmüşdür.

10. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2778/2021 saylı 01.05.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı 3.639,70 ABŞ dollan məbləğində əsas, 215,71 ABŞ dolları məbləğində faiz, 17,33 ABŞ dolları məbləğində cərimə, cəmi 3.872,74 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən məzənnə üzrə manatla və 20 manat məbləğində dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə tutulması əmr edilmişdir.

11. 343895 saylı, 19.06.2014-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" KB ASC-yə 1829,60 manat ödəniş edilmişdir.

12. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-217/2016 saylı 04.02.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 19.06.2014cü il tarixli kredit və bank hesabı üzrə 3.639,70 (üç min altı yüz otuz doqquz ABŞ dolları, yetmiş sent) ABŞ dollan məbləğində əsas, 215,71 (iki yüz on beş ABŞ dollan, yetmiş bir sent) ABŞ dollan məbləğində faiz, 5 (beş) ABŞ dolları məbləğində cərimə, cəmi 3.860,41 (üç min səkkiz yüz altımış ABŞ dollan, qırx bir sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən məzənnə üzrə manatla və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

13. İddiaçı tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış 12.09.2018-ci il tarixli bank hesablarının açılması və kredit sifarişi üçün ərizədən görünür ki, İddiaçı bankdan 48 ay müddətinə 5739 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verilməsini xahiş etmişdir.

14. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2018-ci il tarixli 3552nkBANK/18 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nə əsasən bank kredit alana 48 ay müddətinə illik 12 faiz ödəmək şərti ilə 5739 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür.

15. 29.03.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı hesablanmış kompensasiya məbləği cəmi 3993,74 manat, restrukturizasiya olunmuş məbləğ isə 1077,66 manat təşkil edir.

16. "xxxx" MMC-dən 16.07.2019-cu il tarixli, SF-15913 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı "xxxx" KB ASC-yə 12.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği 3391,29 manat, faiz məbləği üzrə 311,95 manat təşkil edir.

17. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2764/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı 3391,29 manat məbləğində əsas borc, 1047,68 manat məbləğində faiz borcu və 21,41 manat məbləğində cərimə olmaqla, cəmi 4460 manat borc və 30 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Hüquqi dəyərləndirmə:

18. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

20. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

21. Qeyd edilən maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır.

22. İddiaçı iddia tələbində, apellyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatında müqaviləyə imza atarkən oxumadığını, müqavilənin qaranlıq otaqda ona təqdim olunduğunu, müqavilənin bağlanması üçün ona mənəvi təzyiqlər edildiyini bildirmişdir. Lakin iddiaçı qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.

23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

24. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

27. Kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının 12.09.2018-ci il tarixli 3552nkBANK/18 nömrəli «Kredit və bank hesabı müqaviləsi»nin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3456/2021 saylı, 21.06.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar