Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1059/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair 2(011)-3587/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə hesablanmış 1598,40 manat, sayğacın dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. O, vaxtlı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gəlmiş, qaz sayğacını yenisi ilə əvəz etmişlər. Daha sonra iddiaçıya quraşdırılmış qaz sayğacına vizual müdaxilə olunduğu üçün onun düzgün işləmədiyi məlum olmuşdur. Bu əsas gətirilərək akt tərtib olunmuş və iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1598,40 manat, sayğacın dəyərinə görə isə 235,88 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı iddiaçının evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yaranan problemlərdən ötrü o, heç bir halda cavabdehlik daşıya bilməz. Qaz sayğacına iddiaçı və onun ailə üzvləri tərəfindən heç bir əlavə müdaxilə olunmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmışqaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın dəyərinə gorə 1598,40 manat və 235,88 manat qaz sayğacına görə hesablanaraq abonentdən tələb edilmişdir. Bundan başqa, sayğaca müdaxilə rəydə aşkar göründüyü halda məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, **********00000 saylı abonent olan İddiaçı təbii qazdan istifadəyə görə borcu 2018-ci ilin sonuna 1598,40 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsini, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6-4.9-cu bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılması öhdəliyini cavabdeh daşıyır, habelə, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun və sayğac dəyərinə görə hesablanan borcun silinməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3587/2020 nömrəli mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1059/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1059/2021
09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver