Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10602/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 13.06.2019-cu il tarixli, 11011 saylı inventar aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2052,00 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı-Gəncə avtomagistralının 72-ci km-də yerləşməklə, həmin ünvanda fəaliyyət göstərir. 29.09.2017-ci il tarixdə İddiaçıMMC ilə Cavabdeh ASC arasında su ilə təmin olunma barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında cəmiyyətin fəaliyyət göstərdiyi obyektdə su sayğacı quraşdırılmışdır. Bu sayğacın göstəricilərinə uyğun olaraq cəmiyyət tərəfindən hər ay vaxtında pul ödənilmişdir. 13.06.2019-cu il tarixdə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən cəmiyyətin fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş və inventar aktı tərtib edilmişdir. Həmin akta əsasən guya onlar tərəfindən su sayğacından kənar, qeyri-qanuni, diametri 20 mm olan su xətti çəkilib istifadə olunur. Cavabdeh ASCnin əməkdaşları tərəfindən torpağın altında olan su xətti qazılaraq çıxarılmış və həmin vaxt su xəttinin ağzı bağlı olmuşdur. Cavabdeh təşkilatın öz işçiləri tərəfindən həmin su xətti kəsilmiş və bundan sonra əsassız olaraq akt tərtib olunmuşdur. Qeyd edilmişdir ki, həmin akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin akt yalnız cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə tərtib edilmiş və digər şəxslərin, yəni bu işdə marağı olmayan hal şahidlərinin iştirakı təmin edilməmişdir. Yəni, işin bütün halları bir daha təsdiq edir ki, cavabdeh tərəfindən tərtib olunmuş bu akt eyni zamanda həmin akt əsasında hesablanmış 2052 manat məbləğində borc tamamilə əsassız və qanunsuzdur. Ona görə də, həmin akt ləğv edilməli və onun əsasında hesablanmış borc məbləği silinməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-293/21) iddia təmin edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxs olduğundan işə Bakı Kommersiya Məhkəməsində baxılmalı idi. Bundan başqa, iddiaçının cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Qaradağ Rayon Məhkəməsinin iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 29.09.2017-ci il tarixdə İddiaçıMMC ilə Cavabdeh ASC arasında su ilə təmin olunma barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında cəmiyyətin fəaliyyət göstərdiyi obyektdə su sayğacı quraşdırılmışdır. 13.06.2019-cu il tarixli, 11011 saylı inventar aktından görünür ki, cavabdehin Qaradağ rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Ələt qəsəbəsi, Bakı-Gəncə avtomagistralının 72-ci km-də yerləşən iddiaçıya məxsus obyektin su təchizatına və su sayğacına baxış keçirilmiş, məlum olmuşdur ki, abonent sayğacdan kənar (d=20 mm) xətdən qeyri qanuni olaraq sudan istifadə etmiş, kənar xətt isə tərəflərindən ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə ziyanın məbləğinin tərtib edilmiş akta əsasən cəmi 2052,00 manat olması müəyyən edilmişdir. İddiaçı həmin aktı və akt əsasında yaranmış 2052,00 AZN borcu mübahisələndirmişdir. İş materiallarından müəyyən olunur ki, tərtib edilmiş akt iddiaçıya məxsus obyekt üzrə aparılmış yolxamanın nəticəsidir, iddiaçı hüquqi şəxsdir, Cavabdeh ASC ilə müqavilənin bağlanmasında məqsəd də iddiaçıya məxsus obyektin su təchizatı ilə təmin edilməsi, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçündür. Bununla da müəyyən edilir ki, tərəflər arasında olan münasibət sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi - kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh Bakı şəhərində qeydiyyatdan keçmişlər. Göstərilənlərə əsasən hazırkı iddia Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10602/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10602/2021
08.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver