Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1062/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Noariat Ofisi, 24 saylı Notariat Ofisi, 27 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə iş üzrə (Açar sözlər: mənzilin alqı-satqı müqaviləsinin onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, yalan əqd) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı nümayəndə və vəkilləri Nümayəndə və Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisi, 24 saylı Notariat Ofisi, 27 saylı Notariat Ofisi və AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil alqı-satqı müqavilələrinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2126/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X6 ilə X10 ilə xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra arvada “Nəbiyeva” soyadı verilmişdir.
2. Şahid3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 44 nömrəli mənzili Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 43.550 manata Cavabdeh2 satmışdır.
3. Həmin mənzil Cavabdeh2 tərəfindən Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 40.000 manata X1.
4. Qeyd olunan mənzil Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manata İddiaçı satılmış və hazırda onun mülkiyyətindədir.
5. Şahid3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 45 nömrəli mənzili Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 26.130 manata Cavabdeh2 satmışdır.
6. Həmin mənzil Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 25.000 manata X1.
7. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
8. Qeyd olunan mənzil Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə və bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
9. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraiət edərək, cavabdehlər X6 və İddiaçı 45 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalarını, mülkiyyət hüququnun bərpa edilməsini, otaqlar arasında sökülmüş divarın, giriş qapısının cavabdehlərin hesabına bərpa edilməsi sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisi, 24 saylı Notariat Ofisi, 27 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil alqı-satqı müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 24 saylı DNK-da cavabdehlər Cavabdeh2 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 24 saylı DNK-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 44 saylı ikiotaqlı və 45 saylı birotaqlı mənzillərə dair cavabdehlər Cavabdeh2 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X7 verilmiş mülkiyyət hüququna dair çıxarışların və həmin çıxarışların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, göstərilən mənzillərə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və onların hüquqi nəticələrinin ləğv edilməsi; Bakı şəhəri 27 saylı notariat ofisində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı bir otaqlı mənzil barəsində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və eyni tarixli “Miras payın bölüşdürülməsi Müqaviləsi”nin göstərilən mənzilin Cavabdeh1 adına qeydə alınması barədə vərəsələrin razılığı hissəsində və göstərilən hüquqverici sənədlər əsasında göstərilən mənzil barəsində Cavabdeh1 DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquq barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə xx.xx.2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuşdur. Bu barədə Ağdam rayonu, Gülablı kənd Ərazi Nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 20 №-li qeyd edilmişdir. Həmin nikahdan 2 övladları - xx.xx.2007-ci il təvəllüdlü Hüseyn Nəbizadə və xx.xx.2013-cü il təvəllüdülü İbrahim Nəbizadə vardır. Onlar evliliyin ilk vaxtlarında 8-ci kilometr qəsəbəsində, sonra isə “Çermet” deyilən ərazidə kirayədə yaşamış, 2006-cı ilin ortalarından etibarən həyat yoldaşı Gündüz Nəbiyevin aldığı Bakı şəhəri, Təbriz küçəsi, 116 saylı evin 1-ci blokundakı 8 saylı 2 otaqlı mənzilə köçərək yaşamış, daha sonra, yəni 2007-ci ilin ortalarında isə həyat yoldaşının həmin binanın 5-ci blokunda aldığı yeni 3 otaqlı mənzilə köçmüşlər. 2022-ci ilin noyabr ayının sonunda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən evlərinə gələn məktubdan ona məlum olmuşdur ki, yaşadıqları 3 otaqlı mənzilə görə onları (iddiaçı və onun həyat yoldaşını) məhkəməyə veriblər. Bundan sonra isə iddiaçının qaynı Sahiblə (yəni qardaşı ilə) telefon danışıqlarından başa düşmüşdür ki, həyat yoldaşı sələmə götürdüyü pulu sələmlə birlikdə “sələmçi”yə qaytarsa da, həmin adamın oğlu (yəni iddiası üzrə 1-ci cavabdeh) atasının ölümündən sui-istifadə edərək onları məhkəməyə vermişdir. İddiaçı bildirir ki, həyat yoldaşı 16 dekabr 2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. İddiaçı bildirir ki, qaynı Şahid5 ona dediklərindən ona məlum olmuşdur ki, yaşadıqları Bakı şəhəri, Təbriz küçəsi, 116 saylı evin 5-ci blokundakı 3 otaqlı mənzil birləşdirilmiş 2 mənzildən, yəni 44 və 45 saylı mənzillərdən ibarətdir ki, həyat yoldaşı həmin mənzilləri 2007-ci ildə Pərviz adlı əvvəlki sahibindən də belə vəziyyətdə almış, məcburi köçkün olduğundan isə həmin mənzilləri baldızı Cavabdeh2 (yəni bacısının) adına rəsmiləşdirmişdir. Bundan 2 il sonra, yəni 2009-cu ildə isə özünün ticarət işləri ilə əlaqədar pul lazım olduğundan həmin mənzilləri iddiası üzrə birinci cavabdehin atası X11 ilə formal alqı-satqı edərək ondan faizə pul götürmüşdür. Həyat yoldaşı 2017-ci ilədək həmin şəxsə “əsas borc”la birlikdə külli miqdar pul versə də, Loğman Orucov yalnız bir mənzili, yəni 2 otaqlı 44 saylı mənzil geriyə qaytarmış, həmin mənzil isə iddiaçının xəbəri olmadan, yəni həyat yoldaşının ondan baldızı Cavabdeh2 oğlu Şahid6 adına alınmış etibarnamə əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan sonra Loğman Orucov digər, yəni 1 otaqlı 45 sayl mənzilə görə həyat yoldaşından “sələm” almaqda davam etmişdir. Odur ki, həyat yoldaşı bundan sonra da, yəni 2020-ci ilin oktyabr ayının sonunadək həmin mənzilə görə də “əsas borc”la birlikdə külli miqdar sələm ödəməyə məcbur olmuş, yalnız bundan sonra onlar mənzilin geriyə qaytarılması ilə bağlı məsələni həll etmək üçün bazar günü görüşərək söhbət etmişlər. Həmin söhbət zamanı Loğman Orucov 1-ci gün (2020-ci ilin noyabr ayının 2-si nəzərdə tutulur) ağır gün olduğunu bildirərək notariusa 2-ci gün, yəni 3 noyabr 2020-ci il tarixdə getməyi vəd etmiş, lakin həmin tarixdə onun ölüm xəbəri yayılmışdır. Bu səbəbdən də ikinci mənzili geriyə rəsmiləşdirmək mümkün olmamışdır. Loğman Orucovun ölümündən bir müddət sonra isə onun 2 oğlundan biri, yəni hazırki iddia üzrə 1-ci Cavabdeh1 atasının vəfatından sui-istifadə edərək iddiaçının həyat yoldaşından faiz tələb etməyə başlamış, lakin həyat yoldaşı öz növbəsində borcu artıqlaması ilə bağladığını bildirərək mənzilin geri qaytarılmasını tələb etmiş, Cavabdeh1 isə bundan imtina edərək iddiaçının həyat yoldaşının başına oyun gətirəcəyi ilə dəfələrlə hədələmiş, sonra isə hadisələr yuxarıda göstərildiyi kimi cərəyan etmişdir. Bütün bu baş verənlərə görə iddiaçı, vəkil tutmaq və məsələni qanuni yolla həll etmək məsləhət görüldüyündən hüquqi yardım üçün 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlamışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli məlumatında göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin 44 və 45 saylı mənzilləri 9 saylı DNK-da eyni gündə, yəni xx.xx.2007-ci il tarixdə bağlanaraq müvafiq olaraq 4Ə-1/72 və 4Ə-1/71 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən Şahid3 adından Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sonra isə həmin mənzillər 24 saylı DNK-da eyni, yəni xx.xx.2009-cu il tarixli 4Ə2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Bundan sonra isə Bakı şəhəri 21 saylı DNK-da xx.xx.2017-ci il tarixli 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən yuxarıda göstərilən mənzillərdən biri, yəni 44 saylı mənzil X5 adından iddiaçının adına keçmişdir. Digər, yəni 45 saylı mənzil isə Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçı bildirir ki, sözügedən mənzillər birləşdirilmiş 3 otaqlı vəziyyətdə (yəni hazırki vəziyyətdə) Şahid3 alqı-satqı edildikdən sonra müqavilə tərəfləri özlərinin “vermə” və “ödəmə” öhdəliklərinə əməl etmiş, yəni onlar ailəlikcə həmin mənzilə köçmüş və həmin birləşdirilmiş mənzildə 16 ildir ki, fasiləsiz olaraq yaşayırlar. Həmin mənzildə onlardan başqa heç kim, yəni nə X11, nə də ki, Cavabdeh1 bir gün də olsun yaşamamışlar. 24 saylı DNK-da Cavabdeh2 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinin yalan əqd olduğuna dəlalət edir. Yəni alıcı X11 həmin mənzilləri adına salmaqla göstərilən alqı-satqı müqavilələrinin həqiqi nəticəsini yox, iddiaçının həyat yoldaşına sələmə verdiyi pulun faizlərlə birlikdə qaytarılması məqsədini güdmüşdür. Ona görə də, 24 saylı DNK-da Cavabdeh2 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələri bağlandığı andan əhəmiyyətsizdir.
14. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, İddiaçı öz iddia ərizəsində guya onun heç bir şeydən xəbəri olmadığını bildirmiş, yalnız məhkəmə prosesi başlayanda ona məlum olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının iddia tələbində göstərdiklərinin hamısı cəfəngiyyatdır. İddiaçının hər bir şeydən xəbəri olmuş, sadəcə olaraq müddət məsələsini pərdələmək məqsədi ilə belə bir mülahizə irəli sürmüşdür. Hamıya məlumdur ki, 2009-cu ildən 14 il keçmişdir, onlar bir ailə olaraq bütün hərəkətləri məsləhətləşərək etmişlər və iddiaçının hər bir şeydən xəbəri olmuşdur. İddiaya iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd edilməlidir. Sözügedən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı birotaqlı mənzil Bakı şəhəri 24 saylı DNK-da xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış, lakin iddiaçı 2023-cü ildə iddia qaldıraraq ümumilikdə kəsici müddəti ötürmüşdür. Alqısatqı müqaviləsi etibarsız olsa belə, iddiaçının məhkəmədə 14 il müddət ərzində iddia qaldırmaq hüququ mövcud deyildir. O, müqavilənin etibarsızlığının nəticələri barədə xx.xx.2009-cu il tarixdən 1 il ərzində iddia qaldıra bilərdi. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
15. Məhkəmə iclasında X8, Şahid3, Şahid2, Şahid5 şahid qismində dindirilmişlər.
16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-2126/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilməmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı G.Nəbiyevlə cavabdehin mərhum atası L.Orucov arasında borc münasibətlərinin olduğunu bildirsə də, həmin tərəflərin arasında belə münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının mərhum həyat yoldaşı Gündüz Nəbiyevin hansı tarixlərdə, hansı məqsədlərlə Loğman Nəbiyevdən borc alması, bu borcun hansı hissəsinin qaytarılması ilə bağlı hər hansı iltizam, yazılı sənəd, müqavilə təqdim edilməmişdir. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, Gündüz Nəbiyev və onun qardaşı Şahid5 tərəfindən L.Orucov və ya onun oğlu Ceyhun Orucova qarşı pul tələbi ilə bağlı hər hansı iddia qaldırılmamış, tərəfdən əsassız şəkildə faizə pul tələb edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Beləliklə, iddiaçı öz dediklərini şahid ifadəsi, iddiaçının izahatı və Cavabdeh2 etirafı ilə əsaslandırır.
18. Məhkəmə şahidlərin ifadələrinə də qiymət verərək hesab etmişdir ki, iddia tərəfinin vəsatəti əsasında ifadə vermiş şahidlərdən biri - Şahid3 mənzilin əvvəlki mülkiyyətçisi olmaqla, hazırki mülki iş üzrə tərəflərin, eyni zamanda mərhum X12 Nəbiyevin arasındakı münasibətlər barədə hər hansı məlumat verməmişdir. Digər şahid – Şahid2 ümumiyyətlə mülkiyyətlə bağlı tərəflərin arasında mövcud olmuş və olan münasibətlər barədə heç bir məlumata sahib olmamaqla, yenə də mənzilin iddiaçının və onun ailəsinin istifadəsində olması faktını təsdiq etmişdir. Tərəflərin arasında pul-borc münasibətlərinin olması ilə bağlı ifadə verən yeganə Şahid5 ifadəsi mülki işin digər materilalları ilə öz təsdiqini tapmır.
19. Məhkəmə Cavabdeh2 iddia tələbini etiraf etməsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı mərhum həyat yoldaşı G. Nəbiyevin bacısıdır. Onun iddia tələbini etiraf etməsi mülki işin digər materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda cavabdehin hüquqlarını əsassız pozur. Buna görə də, məhkəmə həmin etirafı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən inandırıcı hesab etmir və qəbul etmir.
20. Məhkəmə eyni zamanda iddia ərizəsində göstərilən, müqavilənin bağlanmasından 14 il müddət ötməsinə baxmayaraq, İddiaçı daşınmaz əmlakın kimin mülkiyyətində olması, 2007-ci və 2009-cu il tarixlərdə müqavilələrin bağlanması, 2017-ci ildə 44 saylı mənzilin yenidən Cavabdeh2 adına keçirilməsi, lakin 45 saylı mənzilin L.Orucovun mülkiyyəti olaraq qalması faktının ona məlum olmaması barədə dəlilini də əsassız hesab etmişdir.
21. Məhkəmə hesab etmişdir ki, G.Nəbiyevlə L.Orucovun arasında həqiqətən borc pul münasibətlərinin olması, külli miqdarda pul ödənilməsinə baxmayaraq, mənzillərdən yalnız birinin Cavabdeh2 adına keçirilməsi, lakin yenə də G.Nəbiyevin L.Orucova qarşı hər hansı bir iddia tələbinin olmaması, L.Orucov vəfat etdikdən sonra da mənzili “geri qaytarmaq” üçün hər hansı addım atmaması, iddiaçının bütün bu məsələlərdən məlumatlı olmaması ağlabatan deyil. L.Nəbiyevin xəstəliyi olsa belə, o yaxın qohumu olan qardaşı və bacısına, və ya hər hansı başqa yaxın qohumuna etibarnamə verərək uzun müddət istifadə və sahibliyində olan mənzili mülkiyyətinə keçirməklə bağlı hüquqi addımlar ata biləcəyi halda, bunu etməmişdir. Hazırki iddia tələbi ilə isə İddiaçı yalnız Cavabdeh1 məhkəməyə müraciət edərək onun və ailəsinin mənzildən çıxarılmasını tələb etdikdən sonra məhkəməyə müraciət etmişlər.
22. Digər tərəfdən Cavabdeh2 birbaşa müqavilənin tərəfi olaraq, xüsusi mülkiyyətin hüquqi statusu barədə əvvəldə məlumatlı olmuşdur. Buna baxmayaraq, o da müqavilələrin etibarlılığını mübahisələndirməmişdir.
23. Bundan əlavə, mülki işin materiallarından məlum olur ki, hazırda mübahisələndirilən müqavilələr xx.xx.2009-cu il tarixdə bağlansa da, müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə yalnız 2023-cü ildə müraciət edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddia tələbi həm əsassız olduğundan, həm də kəsici müddətin tətbiqi ilə rədd edilməlidir.
24. Məhkəmə tərəfindən kəsici müddət ilə bağlı münasibət bildirildiyindən və hazırki mübahisə üzrə kəsici müddət tətbiq edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyi zəruri hesab etməmişdir.
25. Məhkəmə eyni zamanda iddia tələblərinin qalan hissədə: vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi və s. hissələrdə əlavə araşdırma aparılmadan rədd edilməsini prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə ki, həmin tələblər müqavilənin etibarsızlığı barədə tələbdən irəli gəlir və ilkin tələb təmin edilmədiyindən, ondan doğan tələblərin də əlavə araşdırılmasına zərurət qalmır. Eyni zamanda, məhkəmə onu da nəzərə almışdır ki, “Vərəsəlik haqqında şəhadətnamə”, “Miras əmlakın bölünməsinə dair Müqavilə” və müvafiq mənzilə dair Çıxarış qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş, rəsmiləşdirilmişdir, hər hansı üçüncü şəxsin hüquqlarına toxunmur.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.5, 152.6, 324, 337.1, 337.3, 337.4, 399.1, 354.2, 560.1-ci maddələrinə, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” xx.xx.2002-ci il taixli qərarına, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 119.1, 217.4, 218.1-ci maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hələ 2007-ci ildə sözügedən mənzillər birləşdirilmiş, 3 otaqlı vəziyyətdə (yəni hazırki vəziyyətdə) Şahid3 alqı-satqı edildikdən sonra müqavilə tərəfləri özlərinin “vermə” və “ödəmə” öhdəliklərinə əməl etmiş, yəni onlar ailəlikcə həmin mənzilə köçmüş və həmin birləşdirilmiş mənzildə 16 ildir ki, fasiləsiz olaraq yaşamışlar. Odur ki, o, həmin mənzili öz mənzili hesab etmişdir. Göstərilən mənzillər 2009-cu ildə Cavabdeh2 adından X5 adına alqı-satqı edilən zaman isə depozitə pul qoyulmamış, tərəflər özlərinin “vermə” və “ödəmə” öhdəliklərinə əməl etməmiş, yəni onlar ailəlikcə həmin mənzildə yaşamaqda davam etmişlər. Həmin mənzildə onlardan başqa heç kim, yəni nə X11, nə də ki, Cavabdeh1 bir gün də olsun yaşamamışlar. Bütün yuxarıda göstərilənlər 24 saylı DNK-da Cavabdeh2 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinin yalan əqd olduğuna dəlalət edir. Yəni alıcı X11 həmin mənzilləri adına salmaqla göstərilən alqı-satqı müqavilələrinin həqiqi nəticəsini yox, iddiaçının həyat yoldaşına sələmə verdiyi pulun faizlərlə birlikdə qaytarılması məqsədini güdmüşdür. Ona görə də hesab edir ki, 24 saylı DNK-da Cavabdeh2 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələri bağlandığı andan əhəmiyyətsizdir. Lakin birinci instansiya məhkəməsi bunların heç birini araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Mülki iş üzrə cavabdeh qismində cəlb edilən Cavabdeh2 (İddiaçı mərhum həyat yoldaşı X3 bacısı) iddia tələbini etiraf etmişdir. Məhkəmə Cavabdeh2 iddia tələbini etiraf etməsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh2 da İddiaçı mərhum həyat yoldaşı G. Nəbiyevin bacısıdır. Onun iddia tələbini etiraf etməsi mülki işin digər materialları ilə öz təsdiqini tapmır. Burada da məhkəmə məsələyə düzgün yanaşmayaraq obyektiv qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Nümayəndə və vəkil Nümayəndə həmçinin bildirdi ki, mənzillərə dair alqı-satqı müqavilələri bağlanarkən depozitə pulun qoyulmasını təsdiq edən sənədlər notariat işində yoxdur. Alıcı tərəfindən satıcıya pul ödənilməmiş, alıcı isə mənzilləri qəbul etməmişdir. Mənzillər birləşdirilmiş olublar. Cavabdeh2 ilə Loğman Orucov arasında yalan əqdlər bağlanılmışdır. Bu günə qədər həmin mənzillərə dair kommunal xidmətlərə görə qəbzlər Cavabdeh2 adına gəlir. Əvvəllər həmin mənzillərdə Cavabdeh2 yaşayıb, sonradan isə həmin mənzillərdə iddiaçı ailəsi ilə birlikdə yaşamışdır. Loğman Orucov heç zaman iddiaçı və onun ailəsinə qarşı mənzilin boşaldılması ilə bağlı iddia qaldırmamışdır. Çünki o bilirdi ki, mənzil iddiaçının ərinə məxsusdur. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 özü iddianı ona görə qaldırmamışdır ki, mənzili qardaşı almışdır. İddiaçının bütün bunlardan xəbəri olmamışdır. Nümayəndə və Vəkil həmçinin bildirdi ki, mənzili faktiki olaraq iddiaçının əri almış, lakin sənədlər Cavabdeh2 adına olmuşdur.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onun atası Loğman Orucov barəsində deyilənlər yalandır. Özü kirayə tutduğu evdə yaşayır, 45 nömrəli mənzil vərəsəliklə onun adına keçmişdir. İddiaçı ailəsi ilə mənzildə kirayədə yaşayırdılar. Əgər borc var idisə, onda alqısatqı yox, girov müqaviləsi bağlanardı. Atası xəstələnəndə pul lazım olduğu üçün mənzilin birinin satmaq istədiyini bildirmiş, iddiaçının əri isə həmin mənzili almaq istədiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, kirayə haqqının məbləği ilə bağlı məlumatı yoxdur. Mənzillər alınarkən o, X2 təhsil alırdı və məlumatı olmamışdır.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçının apelyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının mənzillərin alqı-satqısından xəbəri olmamışdır. İddiaçı evdar qadın olmuş və övladlarına qulluq etmişdir. Evə məhkəmə bildirişi gələndə iddiaçı bütün məsələlərdən xəbər tutmuşdur. İddiaçının həyat yoldaşı, onun özü və oğlu bu məsələləri bilirdi.
33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar(nümayəndələri) məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh ünvan 1 ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların(nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı: Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının tələbi başqa əsasla təmin edilməməlidir.
41. Belə ki, hazırda iddiaçı cavabdehlər X11 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 44 və 45 nömrəli mənzillərə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlıdır.
42. İddiaçı iddia tələbini qaynı Şahid5 dediklərinə əsaslanaraq irəli sürür və qeyd olunan müqavilələrin yalan əqdlər olmaqla əslində başqa əqdi pərdələmək məqsədi güddüyünü bildirir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
44. Qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən yalan əqdi bağlayan tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
45. İddiaçının nümayəndəsi və vəkilinin, habelə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 məhkəmə iclasında bildirdiklərinə görə iddiaçının mübahisələndirilən alqısatqı müqavilələrindən xəbəri olmamış, mənzildən çıxarılma tələbi ilə bağlı məhkəmə bildirişi aldıqdan sonra məlumatlı olmuşdur.
46. Kollegiya qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin bir tərəfi – satıcı Cavabdeh2dır, deməli o və müqavilənin digər tərəfi başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağlanılmış əqdlə həmin müqaviləni pərdələyə bilər. Yəni, bununla bağlı iradə ifadələri, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti müqavilə tərəflərinə məxsusdur.
47. Lakin 44 və 45 nömrəli mənzillərin alqı-satqısına dair müqavilələrin tərəfi Cavabdeh2 həmin müqavilələrin yalan əqdlər olması əsası ilə iddia irəli sürməmiş, həmin müqavilələri mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə tərəfləri qeyd olunan alqı-satqı müqavilələrini mübahisələndirmədikləri halda, hazırda iddiaçının həmin müqavilələri başqa şəxsin dediklərinə əsaslanmaqla mübahisələndirmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən onun qeyd olunan müqavilələrin etibarsızlığı barədə iddiası təmin edilə bilməz.
48. Lakin işə baxmış birinci instansiya məhkəməsi alqı-satqı müqavilələrinin mübahisələndirilməsi üçün iddiaçının subyektiv hüquqa malik olub-olmadığını araşdırmamış, iddiaçının iddia tələbini başqa əsaslarla rədd etmişdir.
49. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının yuxarıda qeyd olunan mənzillərə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyindən, onun digər tələbləri də təmin edilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2126/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, 24 saylı Notariat Ofisinə, 27 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil alqı-satqı müqavilələrinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: