Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1063/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Alı oğlunun, X9 və X4 Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma” barədə ilkin, Cavabdeh İddiaçı Alı oğluna, X10 və X6 qarşı “kompensasiya məbləğinin 15 000 manat müəyyənləşdirilməsi və evin təmirinə çəkilmiş xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə (Açar sözlər: kompensasiya ödənilməklə evdən çıxarılma, təmirə çəkilmiş xərclərin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Alı oğlunun və onun vəkili Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxs, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə cavabdeh X9 nümayəndəsi, həmçinin özü də müstəqil tələb irəli sürən və qarşılıqlı iddia üzrə cavabdeh olan X5, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Alı oğlunun, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X4 Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma”, Cavabdeh İddiaçı Alı oğluna, X10 və X6 qarşı “kompensasiya məbləğinin 15 000 manat müəyyənləşdirilməsi və evin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayev tərəfindən birgə verilmiş, habelə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 14 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2002-ci ildən İddiaçı, X11 və X9 birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş, 01 fevral 2017-ci il tarixdə İddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. 01 fevral 2017-ci il tarixli Dövlət Reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi İddiaçı mülkiyyəti, torpaq sahəsi isə İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayevin ümumi birgə mülkiyyətindədir.
3. 07 oktyabr 2008-ci il tarixdə X2 Əsmər Məmməd qızı ilə rəsmi nikaha girmiş və həmin vaxtdan ərinin atası İddiaçı məxsus yuxarıda göstərilən mənzilə köçmüşdür.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə X22 Orucova arasında bağlanmış nikah pozulmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki uşağı ilə birlikdə mübahisəli evə istifadə hüququ tanınmışdır.
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə onun, övladları ilə birlikdə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun oğlu Zöhrab Mustafayevlə 2008-ci ildə nikaha daxil olmuş, nikahlarından 17 sentyabr 2009-cu il təvəllüdlü X24 və 19 fevral 2012-ci il təvəllüdlü X18 doğulmuşlar. Hazırda Cavabdeh ona məxsus evdə yaşayır, lakin birgəyaşayış qaydalarına əməl etmir, konfliktlər yaradır, yalnız istifadə hüququ olmasına baxmayaraq həyətdəki ona məxsus tikililəri sökməyi ondan tələb edir.
7. Cavabdeh isə İddiaçı, X7 və X10 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, kompensasiya məbləğinin 15 000 manat müəyyən edilməsi və ona vurulmuş 13 800 manat məbləğində maddi ziyanın adı çəkilən şəxslərdən alınıb ona ödənilməsi, mənzildən çıxarılma, kompensasiya məbləğinin artırılması və vurulmuş maddi ziyanın ödənilməsi tələblərinin eyni vaxtda icra olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, ilkin iddia tələbi üzrə təklif olunan kompensasiya məbləği həddən artıq aşağıdır və həmin məbləğə hazırkı qurduğu şəraitdə, 3 il müddətinə 3 otaqlı mənzil kirayə götürə bilməz. Belə ki, o, ilkin iddiaçıların nəvələri və övladları olan 2 övladı - xx.xx.2009-cu il təvəllüdlü X29 oglu və xx.xx.2012-ci il təvəllüdlü X16 ilə öz vəsaiti hesabına təmir etdiyi 3 otaqlı evdə yaşayır. Oğlu 11, qızı 8 yaşındadırlar və onların eyni otaqda yatmasına nə etik normalar, nə də oğlunun sağlamlığı yol vermir. Belə ki, oglu Ömər “Hemipleqik spastik serebral iilic, USİ.sol tərəfli hemiparez” xəstəliyindən əziyyət çəkir, həm əqli, həm də fiziki qüsurludur. Daim qıcolmaları olur, müalicə altındadır. Gecəyarı qıcolması ola bildiyinə görə daim onun yanında tibbi təhsili olan baxıcının qalması vacibdir. Odur ki, uşaqların hər biri ayrı otaqlarda yatmalı olduqlarına görə kirayə tutacağı ev 3 otaqlı, normal şəraitli ev olmalıdır. İlkin iddiaçının təklif etdiyi 7500 manat hazırkı bazar qiymətinə qəti uyğun deyil. 3 il müddətinə 3 otaqlı evin kirayə tutulması üçün kompensasiyanın real və ədalətli məbləği 15 000 manat olmalıdır. Bundan başqa, yaşadığı evdə 2019-cu ilin sentyabr ayından, onun və övladlarının həmin evə istifadə hüququnun yaranması barədə qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən və onlar həmin ünvandakı evə rəsmi qeydiyyata düşdükdən sonra evin əvvəlki vəziyyəti yaşamaq üçün yararsız vəziyyətdə olduğundan evdə öz hesabına təmir işləri aparmış, evə ayrı qaz, su və işıq xəttləri çəkdirərək sayğaclar alıb qoydurmuş, təmir işlərini də ilkin iddiaçıların razılığını alaraq etmişdir. Əgər ilkin iddiaçıların ona kompensasiya verməklə istifadə hüquqlarına xitam vermək fikirləri var idisə, onlar bunu o, evi təmir etməzdən əvvəl deməli idilər ki, belə olan halda o, heç bir təmir işi aparmaz, nə maddi, nə mənəvi, nə də fiziki əziyyətlər çəkməzdi. Maddi vəziyyətinin aşağı olan vaxtında çarəsiz qalıb normal şəraitdə yaşamaq üçün, özünə və uşaqlarına normal şərait qurmaq məqsədilə 2 bankdan 5000 və 2200 manat məbləğlərində kredit götürmüşdür. Tək qadın olaraq təmir işlərinin onun üçün nə qədər ağır və sarsıdıcı olduğunu keçmiş qayınatası və qayınanası gördüyü halda, kreditə götürdüyü pullar və valideynlərinin etdiyi kömək nəticəsində ona evi təmir etdirərək, daha sonra 7500 manat kompensasiya verməklə onun və övladlarının istifadə hüquqlarınaa xitam verdirmək ilkin iddiaçıların bilərəkdən düşünülmüş planıdır ki, bunun da nəticəsində uşaqlarıyla bərabər küçədə qalmış, ilkin iddiaçılar isə mənfəət qazanmış olurlar. Belə ki, onun pulu və əziyyəti hesabına tam təmir olunmuş şəraitli bir ev qazanırlar. O, banklardan götürdüyü kredit məbləğlərinə görə əlavə olaraq da faiz ödəməlidir və hazırda da ödəyir. “Azərbaycan Beynəlxalq Bankı”ndan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 5000 manat kredit, xx.xx.2019-cu il tarixdə “Kapital Bank”dan xx.xx.2019-cu il tarixli BRSP 1588721A109 nömrəli kredit kartına dair müqaviləyə əsasən illik 20 faiz dərəcəsi ilə 2200 manat pul götürmüşdür. Həmin pulun üzərinə də öz vəsaitindən pul qoyub evi təmir etdirmiş, təmirə 10 000 manat pul xərcləmişdir: usta və fəhlələrə ödənilən pul - 3000 manat; mal-materiala və sayğacların alnması, qaz, işıq və su xəttlərinin cəkilməsinə - 5600 manat; materialların taksi ilə daşınmasına 300 manat; zibilin daşınmasına 100 manat; darvazanın alnması və qoyulması üçün 800 manat; pilləkənin tikilməsi 200 manat. Pilləkənlər tikiləndən sonra ilkin iddiaçılar olan ər-arvad ikisi birlikdə pilləkəni dağıtmış, pulunu ödədiyi darvazanı isə qoymağa imkan vermədiklərindən darvaza hasara söykənmiş vəziyyətdə bu günədək qalır. Bundan başqa o, X8 boşanana qədər onların hazırda oturduqları evdə yaşamış, hazırkı yaşadığı ev şəraitsiz, rütubətli və kirayənişinlərə verilmiş bir ev olmuşdur. Boşandıqdan sonra, 2015-ci ilin dekabrında İddiaçı onun atasından 3000 manat kosmetik təmir və 800 manat kombi aparatı almaq üçün alaraq, evə yüngülvari əl gəzdirərək 2016-cı ilin yanvarında onları həmin evə köçürmüşdür. Həmin məbləğin də cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bir halda ki, ilkin iddiaçılar onun övladlarıyla bərabər istifadə hüquqlarına xitam verdirmək istəyirlər, elə isə onun 2015-ci ilin dekabr-yanvar ayında (3800 manat) və 2019cu ilin sentyabr-noyabr aylarında (10000 manat) - cəmi 13 800 manat yaşadığı evin təmirinə xərclədiyi pulunu ödəməlidirlər. İlkin iddiaçıların ona 7500 manat məbləğində kompensasiya ödəməklə onun mənzildən istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə o, normal yaşayış şəraitinin yaratmaq imkanından məhrum olur, həmin məbləğ bazar qiymətlərinə uyğun məbləğ hesab edilə bilməz və ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.
9. X15 və X12 da Cavabdeh qarşı iddia ərizəsi (müstəqil tələb) təqdim edərək, Cavabdeh 7500 manat kompensasiya verilməklə onun övladları ilə birlikdə onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Adı çəkilən şəxslərin iddia tələbi ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə hər üç iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləği işin halları, cavabdehin sosial vəziyyəti, öhdəsində azyaşlı uşaqlarının olması nəzərə alındığında onlara layiqli həyat şəraitinin təmin edilməsi baxımından yetərli deyil. Belə olan halda, nə qədər ki, mülkiyyətçi olan ilkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin artırılmasına razı deyildir, məhkəmə isə təklif edilən məbləği bazar qiymətinə mütənasib hesab etmir, ilkin iddia tələbi də təmin edilə bilməz. Çünki bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilərkən mülkiyyətçinin müəyyən edilən məbləgin ödənilməsinə dair razılığı nəzərə alınmalıdır. Belə razılıq alınmadan kompensasiya təyin edilməklə iddianın təmin edilməsi yolverilməzdir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları ilə bağlı qeyd etmişdir ki, onlar mübahisəli evin yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətçiləridirlər və belə olan halda kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmələrinə subyektiv hüquqları yoxdur. İlkin iddia tələbi təmin edilmədiyinə görə, qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddianın əsası kompensasiya məbləği və evin təmirinə çəkilən xərclərin verilməsi üzərində qurulmuşdur. Mülkiyyətçi ilə kompensasiya məbləği razılaşdırılmadığına görə istifadə hüququna xitam verilməsi tələbi təmin edilməmişdir. Deməli, qarşılıqlı iddiaçı mübahisəli evdə yaşamağa davam edir və təmirə çəkilən xərcin tutulması barədə tələb də təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci və 228.2-ci maddələrinə istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayev tərəfindən birgə verilmiş, habelə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni əsaslandırmanı təkrarlamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır: “...İş materiallarından görünür ki, iddia tələbi üzrə cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququna malik olan şəxs olmaqla onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi yolu ilə mümkündür. ...Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 228.2-ci maddəsinin Azərbaycan Respublikası MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiyanın məbləği iddianın predmetinə aid deyildir, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, lakin bu zaman iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qərarın həmin göstərişi belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır. Göstərilən vəziyyət mübahisənin qanuni həllini təmin etmədiyindən, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. İddia və qarşılıqlı iddia tələbləri biri-biri ilə bağlı olduğundan kollegiya hesab edir ki, qətnamə tam ləğv edilməlidir”.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı Alı oğlu və onun vəkili Vəkil2, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə cavabdeh X9 nümayəndəsi, həmçinin özü də müstəqil tələb irəli sürən və qarşılıqlı iddia üzrə cavabdeh olan X1 məbləğini 15 000 manata artırdıqlarını, həmin evə bənzər evlərin aylıq icarə haqqının 200-220 manat olduğunu, evdə Cavabdeh apardığı təmir işlərinə razılıq vermədiklərini və onun bütün əşyalarını, o cümlədən kameralarını, antennanı apara biləcəyini bildirmişlər.
18. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh 15 000 manat kompensasiya təklifini qəbul etdiyini, eyni zamanda özünün iddia tələbinin digər hissəsinin təmin olunaraq İddiaçı, X3 və X8 maddi ziyana görə 13 800 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
1. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
3. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
4. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
5. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
6. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
7. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
8. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
12. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
13. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
16. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
17. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
18. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
21. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən 158,7 m2 fərdi yaşayış evi 2002-ci ildən İddiaçı, X11 və X9 birgə mülkiyyətində olan 0,06 ha sahəli torpaq sahəsində inşa edilmiş, 01 fevral 2017-ci il tarixdə fərdi yaşayış evi İddiaçı adına, torpaq sahəsi isə İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayevin adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. 07 oktyabr 2008-ci il tarixdə Zöhrab Mustafayevlə rəsmi nikaha girən Cavabdeh həmin vaxtdan sözügedən mənzilə köçüb orada yaşamağa başlamış, onların nikahlarından iki övladları dünyaya gəlmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki uşağı ilə birlikdə evə istifadə hüququ tanınmışdır.
22. Beləliklə, Cavabdeh və onun övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də İddiaçı Alı oğlunun, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X4 iddia tələbləri üzrə aydınlaşdırılmalı ilkin hal onların müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən yalnız İddiaçı müvafiq iddia tələbi üzrə subyektiv hüquq sahibi hesab oluna bilər – çünkü X15 və X11 ev üzərində mülkiyyət hüququna sahib deyildirlər. Bu kontekstdə kollegiya, X9 və X4 iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
23. İddiaçı iddia tələbinin təmin edilməsinin mümkünlüyü isə təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
24. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh istifadə hüququna xitam verilməsinin müqabilində 15 000 manat tələb etmiş, təkrar apellyasiya baxışı zamanı İddiaçı Cavabdeh təklif etdiyi kompensasiyanın məbləğini 15 000 manata artırmışdır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.
26. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı iddia tələbi təmin olunmalı, Cavabdeh 15 000 (on beş min) manat kompensasiya ödənilməklə onun və övladlarının - 17 sentyabr 2009-cu il təvəllüdlü X17 və 19 fevral 2012-ci il təvəllüdlü X14 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evə istifadə hüquqlarına xitam verilməli, onlar həmin evdən çıxarılmalıdırlar.
27. İşin hallarından və tərəflərin izahatlarından (həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində verilən izahatlardan) aydın olur ki, Cavabdeh həmin evə istifadə hüququ tanındıqdan sonra o, evin bir hissəsində təmir işləri həyata keçirmişdir. Cavabdeh iddiasına görə təmir işlərini İddiaçı, Səməngül Məmmədovanın və Zöhrab Mustafayevin razılığı ilə həyata keçirmiş, təmir üçün usta və fəhlələrə 3000 manat, mal-materiala və sayğacların alnmasına, qaz, işıq və su xəttlərinin cəkilməsinə 5600 manat, materialların taksi ilə daşınmasına 300 manat, zibilin daşınmasına 100 manat, darvazanın alnmasına və qoyulmasına 800 manat, pilləkənin tikilməsinə 200 manat xərcləmiş, həmçinin atası, İddiaçı 3800 manat (800 manat kombi üçün, 3000 manat təmir üçün) vermişdir; İddiaçı, Səməngül Məmmədova və Zöhrab Mustafayev isə təmirin onların razılığı olmadan aparıldığını irəli sürməkdədirlər.
28. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında Cavabdeh atasının 850 manat dəyərində kombi aparatını alıb ona verdiyini təsdiqləmiş, bununla belə müvafiq xəttləri özünün çəkdiyini bildirmişdir.
29. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən kombi aparatının qəbul edilməsi və özünün bildirdiyi kimi “xəttlərin onun tərəfindən çəkilməsi”, təmir işlərinin aparılmasına onun razılıq verdiyi qənaətinə gəlməyə əsas verir.
30. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsində, yəni 50,71 m2 sahədə Cavabdeh tərəfindən aparılan təmir işlərinin dəyəri 12 800 manat təşkil edir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyində isə, müvafiq təmir işlərinə 14 037 manat xərc çəkildiyi göstərilmişdir.
31. Apellyasiya baxışı zamanı verilən izahatlarla həmçinin müəyyən olunmuşdur ki, sözügedən qiymətləndirmə rəyində əks olunan 12 800 manata daxil olan və Cavabdeh iddia ərizəsində qiyməti 800 manat göstərilən darvaza öz yerinə quraşdırılmamış (bu hal Cavabdeh iddia ərizəsində də qeyd olunmuşdur), “divara söykənmiş vəziyyətdə qalmışdır”.
32. Cavabdeh atasının İddiaçı 3000 manat vermiş olduğuna dair isə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır.
33. Kollegiya qiymətləndirmə və ekspert rəylərini Cavabdeh iddia ərizəsi ilə, eləcə də verilən izahatlarla birlikdə qiymətləndirərək hesab edir ki, evin təmirinə onun tərəfindən 8650 manat xərc çəkildiyi qənətinə gəlmək mümkündür (kombi aparatı 800 manat, usta pulu 2650 manat, qaz, işıq, su xətlərinin çəkilməsi (mal-material, sayğacların qurulması, razılığın alınması və s.) 4400 manat, tikinti materialları (mişar daşı, qum, araba, nərdivan və s.) 200 manat, pilləkan 200 manat, nəqliyyat xərci 300 manat, zibilin daşınması 100 manat) və bu məbləğ İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır.
34. Cavabdeh iddia ərizəsində dəyərini tələb etdiyi darvaza evə quraşdırılmadığından və ayrıla bilən əşya olduğundan həm həmin darvaza, həm də onun iddia ərizəsində dəyərini tələb etmədiyi kameralar, TV antennası, telefon adaptoru və s. bu kimi əşyalar isə, Cavabdeh tərəfindən evdən gedərkən götürülə bilər.
35. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən kollegiya hesab edir ki, İddiaçı kompensasiya məbləğinin, habelə çəkilmiş xərclərin əvəzinin alınıb Cavabdeh verilməsi ilə onun və övladlarının mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları eyni vaxtda icra olunmalıdır.
36. Gəldiyi qənaətə uyğun olaraq kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qiymətləndirmə xərcinin 200 manat hissəsinin Cavabdeh tutulması hissəsində də ləğv olunmalı və həmin məbləğ İddiaçı tutulmalı, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalı, apellyasiya baxışı zamanı keçirilən ekspertiza xərci İddiaçı tutulub müvafiq hesaba köçürülməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Alı oğlunun və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-100/2021 saylı iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, habelə qiymətləndirmə xərcinin 200 manatının Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi hissələrində ləğv olunsun. İddiaçı Alı oğlunun Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma” barədə ilkin iddia tələbi təmin edilsin. Cavabdeh 15 000 (on beş min) manat kompensasiya ödənilməklə onun və övladlarının - 17 sentyabr 2009-cu il təvəllüdlü X17 və 19 fevral 2012-ci il təvəllüdlü X14 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evə istifadə hüquqlarına xitam verilsin və onlar həmin evdən çıxarılsınlar. Cavabdeh İddiaçı Alı oğluna, X10 və X6 qarşı “kompensasiya məbləğinin 15 000 manat müəyyənləşdirilməsi və evin təmirinə çəkilmiş xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində yerləşən 64 nömrəli evin təmirinə çəkilmiş xərclərin əvəzi qismində 8650 (səkkiz min altı yüz əlli) manat İddiaçı Alı oğlundan alınıb Cavabdeh ödənilsin. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə xərcinin 200 manat hissəsi İddiaçı Alı oğlundan tutulub "xxxx" MMC-nin hesabına köçürülsün. İddiaçı Alı oğlundan 15 000 (on beş min) manat kompensasiya məbləğinin və evin təmirinə çəkilmiş xərclərin əvəzi qismində 8650 (səkkiz min altı yüz əlli) manatın alınıb Cavabdeh verilməsi ilə onun və övladlarının mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları eyni vaxtda icra olunsun. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X4 apellyasiya şikayətləri təmin olunmasın və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş Dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin; apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat isə İddiaçı Alı oğlundan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov