Məhkəmə qərarları › İş №2(103)-10637/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10637/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10637/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh MTK 17.09.2021-ci il tarixdə apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(009)- 1694/2021 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, cavabdeh təşkilat məhkəmənin qətnaməsini 05 iyul 2021-ci il tarixdə alsa da, apelyasiya şikayətini 17 sentyabr 2021-ci il tarixdə verməklə, apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti 2 aydan çox ötürmüşdür. Qərardadda ümumiyyətlə kimin hansı tarixdə xəstə olduğu qeyd edilməmişdir. Yəni cavabdeh təşkilatın şikayət vermək səlahiyyətinə malik olan vəzifəli şəxsinin kimliyi müəyyən edilməmişdir. Cavabdehin vəzifəli və səlahiyyətli şəxsi xəstə olmuş olduğu halda da müddət üzrsüz olaraq ötürülmüşdür. Belə ki, qərardadda məhkəmə səlahiyyətli şəxsin məhz bir ay müddətində xəstə olmasını göstərsə də, müddət axımının başlanğıcını və qurtarmasını müəyyənləşdirməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021ci il tarixli 2(009)-1694/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh MTK-nın Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın apellyasiya şikayətinin verilməsi müddətinin bərpası ərizəsində göstərdiyi hallar əsasında məhkəmə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzürlü hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, cavabdeh təşkilat məhkəmənin qətnaməsini 05 iyul 2021-ci il tarixdə alsa da, apelyasiya şikayətini 17 sentyabr 2021-ci il tarixdə verməklə, apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti 2 aydan çox ötürmüşdür. Kollegiya qanunvericiliyin tələblərini nəzərə alaraq, şikayətin dəlillərini də əsas götürərək qeyd etməyi zəruri hesab edir ki, işdə olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, cavabdeh təşkilatın rəhbəri Araz Abduləzimov 04 avqust 2021-ci il tarixdə ambulator müalicəyə başlamış və o, 16 sentyabr 2021-ci il tarixədək ambulator şəraitdə müalicə almışdır. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Yəni, cavabdehin ambulator şəraitdə müalicə alması faktı özü-özlüyündə onun keçən bütün müddət ərzində ümumiyyətlə şikayət vermək imkanının olmaması kimi qiymətləndirilə bilməz. Kollegiya onu da qeyd edir ki, cavabdeh tərəf olaraq hüquqi şəxsdir və hüquqi şəxsin rəhbərinin xəstə olması həmin hüquqi şəxsin qanunla müəyyən edilmiş müddət ərzində şikayət verməsinin mümkün olmamasının səbəblərini vəsatətdə əsaslandırmamış və məhkəmə də həmin hala diqqət yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh MTK-nın Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(009)- 1694/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh MTK-nın Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar