Məhkəmə qərarları › İş №2(103)-10640/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10640/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10640/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2185/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7655,53 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2185/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, karantin rejimi ilə əlaqədar bəzi məhdudiyyətlər hələ də davam edir. Lakin müəyyən ölkələrə açılan uçuşları “Türkhava yollarının təyyarələri təmin edir. "Azərbaycan Hava Yolları" aviaşirkəti isə halhazırda yalnız xüsusi aviareysləri təmin edir. Ölkənin hava uçuşlarını təşkil edən "Azərbaycan Hava Yolları" aviaşirkətinin ənənəvi müntəzəm uçuşları istiqamətində fəaliyyəti bağlı olaraq qalır. Hətta bərpa olduğu halda aviabiletlərin qaytarılması qaydaları onların rəsmi saytında qeyd edilib və bunu birinci instansiya məhkəməsinə təqdim etmişdilər. İddiaçının uçuşunu məhz "Azərbaycan Hava Yolları" aviaşirkəti təmin etməlidir. Bunlar barədə birinci instansiya məhkəməsində bildirsələr də, qətnamədə əks edilməmişdir. Səyahət Çexiya Respublikasının Praqa şəhərində yerləşən “X1 Hotelində” olmalıydı. Corona virus -19 pandemiyası ilə əlaqədar bu ölkə iddiaçının ödədiyi məbləği geri istədiyi dövrdə bağlı qalırdı. O cümlədən qeyd edilən otel və həmin turu şirkət üçün Çexiya Respublikasında təşkil edən turizm şirkətinin fəaliyyətləri bağlıdır. Onların şirkəti müştərilərdən alan tur vəsaitini qeyd edilən aviabiletə, tur keçirilən ölkənin turizm şirkətinə ödəyir, şirkəti isə yalnız ölkədə göstərdiyi xidmətin dəyərini alır, o da 250 avro təşkil edir. İddiaçıya rəsmi olaraq səyahətin bərpasını və ya tam uçuşlar bərpa olunduqda və Çexiya Respublikasının istirahət mərkəzindən pul məbləğini geri alındıqdan sonra, ödədiyi pul qaytarılacaq. Səyahətin sığortası ilə bağlı isə, sığorta şirkəti sığorta məbləğini geri qaytarır və şirkət bu səyahətin sifarişindən qazandığı 250 avro məbləğinin qaytarılmasını iddiaçıya bildirsə də, sonuncu bundan imtina edir. Hesab edir ki, məhkəmə işi tam araşdırmadan , birtərəfli qaydada işə yanaşaraq qətnamə çıxarmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və etirazında göstərilənləri təsdiq edərək şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 427.3, 445.8-ci maddələrinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə razılaşdırdığı və üzərinə götürmüş olduğu öhdəliyi vaxtında yerinə yetirməmişdir. Hazırda isə iddiaçının artıq sözügedən razılaşmaya olan marağının itirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı icranı tələb etməməkdə və dəymiş zərərin ödənilməsində haqlıdır. Bu səbəbdən iddia təmin edilərək, iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Mülki Məcəlləsinin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 862.2-ci maddəsinə əsasən, turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 862.2.1. qidalanma; 862.2.2. mehmanxanalarda yerləşdirmə; 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. 862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. Həmin Məcəllənin 863.1-ci maddəsinə əsasən, turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna edən və ya azaldan qüsurları olmasın. Həmin Məcəllənin 863.2-ci maddəsinə əsasən, bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur. Əvvəla, iddianın faktiki əsası (faktiki hallar) müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Cavabdehin iddiaya etirazı idianın faktiki hallarının dispozisiya əlamələri ilə uzlaşdığını istisna etmir. Belə ki, işin faktiki hallarından və işdə olan sənədlərin məzmunundan görünür ki, tərəflər arasında həqiqətən də turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, cavabdeh bu xidmətlərin təşkilatçısı kimi iddiaçıya məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürmüşdür. İddiaçı isə turist kimi turist xidmətlərinin təşkilatçısı olan cavabdehə şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzdu ödəmişdir. Bu halları tərəflərin heç biri inkar etmir və hazırki işdə bu xüsusatlar mübahisə predmeti deyildir. Mübahisəli hal onunla bağlıdır ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini qüsursuz icra etsə də cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, üstəlik iddiaçının bu müqavilə üzrə ödədiyi muzdu geri qaytarmaq istəmir, əsas kimi şikayətində sadalananları göstərir. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Hazırki iş üzrə də iddiaçı müqavilə üzrə öz öhdəliklərini birtərəfli qaydada tam icra etmiş, lakin cavabdeh öhdəliklərini icra etmədiyindən iddiaçı da icra etdiyi öhdəliyinin geri qaytarılmasını, başqa sözlə verdiyi pulu geri tələb edir. Demək, bununla da iddiaçının əslində niyyəti müqavilənin ləğvi deyil, müqavilədən imtina olmuşdur. Çünki, cavabdehə də məlumdur ki, iddiaçı müqavilə üzrə öhdəliklərinin tam icra etmiş, yəni turist xidməti müqaviləsinə görə razılaşdıqları vəsaiti ona tam ödəmişdir. Ancaq cavabdeh öhdəliklərinin yerinə yetirməməsinin səbəbləri kimi xidmətlərindən istifadə etdiyi başqa şəxslərin(“Azərbaycan Hava Yolları” avişirkətini, turu təşkil edən Cexiya Respublikasındakı turizm şirkətini və.s) fəaliyyəti ilə bağlı olduğunu göstərir. Ancaq bu hallar həqiqi olsa belə iddiaçının hazırki tələbinin təmin edilməsini istisna etmir. Belə ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir(MM. m.448.1).Borclu öz qanuni təmsilçilərinin və öhdəliyini tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır(MM.m.448.3). Göründüyü kimi, cavabdeh öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkət və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalı olması qanunun imperativ tələbidir. Əks yanaşma da yolverilməz sayılır. Çünki, cavabdeh turist xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə həm öhdəliklərini yerinə yetirmir, həm də qarşı tərəfin icra etdiyi öhdəliyi geri qaytarmaq istəmir. Bu hal isə mülki hüquq münasibətlərinin iştirakçısı kimi cavabdehin hüquqdan pis niyyətlə sui-istifadə etməsinə dəlalət edən amillər hesab olunur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2185/2021 saylı, 25 avqust 2021-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar