Məhkəmə qərarları › İş №2(103)-10643/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10643/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10643/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Cavabdeh MMC-nin (hazırkı "xxxx" MTK) nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3928/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh MMC-yə (hazırkı "Şərur” MTK) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasınının 1502 saylı mənzili 100.100 (bir yüz min bir yüz) manata , həmin MMC ilə onun arasında bağlanmış 25 noyabr 2008ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasınının 1505 saylı mənzili 97.500 (doxsan yeddi min beş yüz) manata ona satılmışdır. "xxxx" MMC tərəfindən müqavilə öhdəliyi icra edilmədiyindən, o, müqavilələrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətrnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanmış 25.11.2008-ci il tarixli birinci müqavilə üzrə 97.500 manat pul və 25 noyabr 2008-ci il tarixli ikinci müqavilə üzrə 100.100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Həmin qətnamə icra edilmədiyi üçün o, 197600 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh MMC-dən (hazırkı "Şərur” MTK) onun xeyrinə tutulması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3928/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini, mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmadığını qeyd etmiş, bu səbəbdən, qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında Cavabdeh MMC-nin ( hazırkı "xxxx" MTK) nümayəndəsi Ş.Kərimov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, eyni zamanda Ali Məhkəmənin 2(102)-829/2018 saylı, 08.02.2018-ci il tarixli, 2(102)-2757/2014 saylı, 24.07.2014-cü il tarixli qərarlarını təqdim edərək, bildirdi ki, həmin qərarlardan da göründüyü kimi Cavabdeh MMC-yə qarşı analoji iddia tələbləri təmin edilməmişdir. Nümayəndə həmin qərarları rayon məhkəməsinə də təqdim etdiklərini bildirdi, buna baxmayaraq hansı səbəbdənsə qətnamədə qərarlara istinad olunmamasını göstərdi. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən görünür ki, “Cəmiyyət” tərəfindən inşa ediləcək binanın 13 giriş, 13 mərtəbə, 1505 saylı, 150 kv.metr olan, 4 otaqdan ibarət mənzili 97500 manat məbləğinə İddiaçı satılmışdır. Ödəniş qaydalarına əsasən, payçı müqavilə bağlanan gün 97500 AZN məbləğində pulu tam şəkildə ödəmişdir. Eyni tarixli qəbzə əsasən görünür ki, 97500 AZN tam ödəmə məbləği "xxxx" MMC tərəfindən qəbul edilmiş, mühasib tərəfindən təhvil alınmışdır. İş materiallarında olan arayışa əsasən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 13 giriş, 13 mərtəbə, 1505 saylı, 150 kv.metr olan, 4 otaqdan ibarət mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və "xxxx" MMC-ya borcu yoxdur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 1502 saylı, 13 giriş, 13 mərtəbə, 154 kv.metr olan, 4 otaqdan ibarət mənzili 100100 manat məbləğinə İddiaçı satılmışdır. Ödəniş qaydalarına əsasən “payçı” müqavilə bağlanan gün 100100 manat məbləğində ödəniş etmişdir. 25 noyabr 2008-ci il tarixli qəbzə əsasən görünür ki, İddiaçı tərəfindən 100100 manat məbləğində tam ödəmə "xxxx" MMC-yə ödənilmiş, vəsait baş mühasib tərəfindən təhvil alınmışdır. Maliyyə arayışına əsasən görünür ki, ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 1502 saylı, 13 giriş, 13 mərtəbə, 154 kv.metr olan, 4 otaqdan ibarət mənzilin pay dəyəri payçı tərəfindən ödənilmiş, "xxxx" MMC-yə borcu qalmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Olimpus-AZ" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli birinci müqavilə üzrə ödənilmiş 97 500 manat pulun və 25 noyabr 2008-ci il tarixli ikinci müqavilə ödənilmiş 100 100 manatın cavabdehdən tutulub, İddiaçı ödənilməsi, iddia tam təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Olimpus-AZ” MMC-dən alaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-614/2019 saylı, 01 noyabr 2019cu il tarixli qərardadına əsasən müəyyən edilir ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədinin qaytarılması barədə 23 may 2019-cu il tarixli qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılmış, şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1544/2013 saylı, 22 fevral 2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 23 may 2019cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti 05\52 nömrəli, 2005-ci il tarixli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən görünür ki, Yasamal rayonu, Talıblı/Y.Yasamal yaşayış massivi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12/10/2004 tarixli, 237 saylı qərarı ilə yaşayış binasının tikintisi məqsədi ilə Cavabdeh MMC-yə verilmişdir. Mülki işdə olan 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncama əsasən görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin 09 iyul 2004-cü il tarixli, 905/d saylı razılıq məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyul 2004-cü il tarixli, 02- 7/Q saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003 JN9752 saylı dövlət aktı nəzərə alınaraq, Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilsin və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsi eyni məqsədlə həmin MMCnin icarə əsasında istifadəsinə verilməsi, Ərazidə yerləşən tikililərin sökülməsi və inşaat işlərinə çəkilən xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi "xxxx" MMC-yə tapşırılması, Bakı Şəhər İcra Hakimiyyətinin 24 may 2002-ci il tarixli, 329 saylı sərəncamın 3-cü bəndinin ləğv edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin 3333 nömrəli icazəsinə əsasən, Yasamal rayonu, Talıblı küçəsində kooperativ yaşayış binalarının tikintisini, torpaq işləri aparılan vəziyyətdə qeydiyyatdan keçirilməsi və tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. İcazənin etibarlılıq müddəti 31 dekabr 2005-ci il tarixədək müəyyən edilmişdir. 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləyə əsasən Cavabdeh MMC və "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İ Tərəf özünə məxsus, Bakı şəhər İH-nin başçısının 12 oktyabr 2004-ci il tarixli, 237 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsindən Cavabdeh MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün İİ Tərəfə həvalə etmiş, İİ Tərəf öz növbəsində ona təqdim olunmuş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Ali Məhkəmənin 2(102)-829/2018 saylı, 08.02.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X.Kazımovun cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil tələbi”nə dair iddia tələbi Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9609/2017 saylı, 19.09.2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2346/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-829/2018 saylı, 08.02.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9609/2017 saylı, 19.09.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-2757/2014 saylı, 24.07.2014-cü il tarixli qərarından görünür ki, iddiaçılar L.Əliyeva və S.Əliyevanın cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2013 saylı, 11.03.2013-cü il tarixli qətnaməsi ilə qismən, "xxxx" MMC-yə münasibətdə təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçıların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4847/2013 saylı, 14.10.2013-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2013 saylı, 11.03.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçıların cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC-nin verdiyi kasasiya şikayəti Ali Məhkəmənin 2(102)-2757/2014 saylı, 24.07.2014-cü il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4847/2013 saylı, 14.10.2013-cü il tarixli qətnaməsi Cavabdeh MMC-yə aid hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh MMC-yə aid hissədə təmin edilməmiş, cavabdeh "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müqavilələr iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasında "xxxx" MMC iştirak etməmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi Ali Məhkəmənin 2(102)- 829/2018 saylı, 08.02.2018-ci il tarixli qərarı və Ali Məhkəmənin 2(102)-2757/2014 saylı, 24.07.2014-cü il tarixli qərarının surətlərindən də göründüyü ki, oxşar mübahisələrə dair işlərdə hazırkı Cavabdeh MMC-nin "xxxx" MMC ilə birgə borclu olmadığı üçün məsuliyyət daşımadığı müəyyən edilmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası həmçinin rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfdən artıq tələb olunan məbləğ tutulmuş və icraya yönəldilmişdir. Bundan sonrakı hərəkətlər icra qaydasında həll edilməlidir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3928/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar