Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1066/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı "X3" Şirkəti Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ("xxxx"), X4 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir (Sədrlik edən: Məhəmməd Rüstəmli).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə Binəqədi rayonu məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, cavabdehin ailə üzvləri ilə birlikdə inşa etdirib tikdirdiyi fərdi yaşayış evi və digər tikililər lazimi icazələr alınmadan özbaşına və qanunsuz tikildiyindən öz hesabına sökülməlidir. Əfsuslar olsun ki iddiaçı öz hüquqlarından sui-istifadə hallarına kobud şəkildə yol verərək cavabdehin və digər ailə üzvlərinin mənzil və yaşayış hüquqlarının tamamilə məhdudlaşdırılmasına, acınacaqlı vəziyyətə düşməyinə səbəb olan qanunsuz məhkəmə qətnaməsi qəbul edilməsinə nail olmuşdur. Qətnamənin surəti isə icra nümayəndəsinə göndərilsə də cavabdeh və ailə üzvləri Bakı şəhərində yaşadığından həmin qətnamə tanımadığı şəxs tərəfindən hazırda yaşadığı qəsəbəyə gətirilərək almışam. İddiaçının və məhkəmənin belə mövqedən çıxış etməsi cavabdehin və digər ailə üzvlərinin qanunla qorunan Konstitusion hüquqlarını çox kobud şəkildə pozmuşdur. Cavabdeh 1997-ci ildən özünün ailə üzvlərinin vəsaiti hesabına yaşamağı üçün ev tikdirib insani şəraitdə yaşamağa başlamışdır. Yaşadığı evin bütün kommunal xidmətləri ilə dövlət tərəfindən təmin edilmişdir. Eyni zamanda torpaq və əmlak vergisinə də cəlb olunaraq ödənişlər həyata keçirmişdir. İddiaçının, 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Siyanşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,X4 Bİ.Vİ və ARDNŞ-in ortaq şirkəti arasında sazişə və 29 aprel 2005 -ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-saylı qanuna əsasən qanun statusuna əsaslanmışdır. Lakin həmin sazişin tələbləri cavabdehə qarşı təhrif edilərək tətbiq edilmişdir. Məhkəmə isə iddiaçının iddia tələblərini əsassız olaraq əsas götürərək iddialarını təmin etmişdir. Bundan başqa mübəhisələndirilən fərdi yaşayış evi və digər tikililər təkcə cavabdehə aid deyil və həmin evdə onunla bərabər digər 9 nəfər ailə üzvləri də yaşayırlar. İddia düzgün və qanunauyğun şəkildə tərtib edilməyərək irəli sürülmüşdür. Mübahisələndirilən qətnamənin qanuni qüvvəsinin alması və icraya yönəlməsi digər şəxslərin, ailə üzvlərinin hüquqlarının da pozulmasına səbəb odur ki, gələcəkdə ailə üzvlərinin mənzil, yaşamaq hüquqlarının qanunsuz olaraq pozulmasına gətirib çıxaracaq. Həmçinin, iddiaçı saziş üzrə öhtəliklərinin yerinə yetirilməsinə 2005-ci ildən başlasa da və daşınmaz əmlaklarla bağlı iddia müddəti 10 il nəzərdə tutulsa da 2021-ci ildə hazırki predmet üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı və məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərini pozmışdur. Eyni zamanda 1997-ci ildən evin kommunal təminatlarının təmin edilməsi barədə rəsmi sənədlərdə mövcuddur. Qəbul edilmiş qətnamə birmənalı şəkildə qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdehin qeydiyyatı Füzuli rayonu Alxanlı kəndində olsa da, mənzil şəraitinin yaxşılaşdırılması üçün məcburi köçkün kimi hazırda yaşadığı ünvanda çətinliklərə, maddi və mənəvi çətinliklərə məruz qalsa da pis-yaxşı şəxsi vəsaiti hesabına özünə ev tikdirmişdir. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. Hüquqi dəyərləndirmə:
11. İşin mübahisəsiz halı ondan ibarətdir ki, nə mübahisəli torpaq sahəsi, nə də ki, onun üzərində tikilmiş tikiliyə dair cavabdehin hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair sənəd və ya hər hansı hüquq məyyən edici sənəd (qərar, sərəncam və.s) müvcud deyildir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər
13. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
14. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
15. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
16. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
18. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
20. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
21. Birinci instansiya məhkəməsi mübahisəli tikilinin İddiaçı şirkətinin qanuni sahibliyində olan kontrakt sahəsinin hüdudları daxilində olmasını işin mbahisəsiz halı kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müvafiq araşdırma apararaq, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında 1)Cavabdeh tərəfindən 3 saylı mədənin 6-cı sahəsində inşa olunmuş tikili ilə İddiaçı Şirkətinin balansında olan ərazi arasındakı məsafə nə qədər təşkil edir? 2)Cavabdeh tərəfindən 3 saylı mədənin 6-cı sahəsində inşa olunmuş tikili bütövlükdə İddiaçı Şirkətinin mühafizə zonasına düşürmü? 3)Əgər bütövlükdə düşmürsə, hansı hissəsi mühafizə zonasına düşür? – sualları qoymuşdur.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 10/802 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 3 saylı mədənin 6-cı sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili ilə İddiaçı şirkətinin balansında olan neft quyusunun arasındakı məsafə 30.0 metr olmaqla Azərbaycan Respublikasında hazırda qüvvədə olan VNTP 3-85-in 19-cu cədvəlinə əsasən müəyyən olunmuş 75 metrlik mühafizə zonasına bütövlükdə düşdüyü müəyyən edilmişdir.
23. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən, kollegiya qeyd edir ki, həmin ekspert rəyi digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməkdə hazırki mübahisənin həllində əsas götürülməlidir.
24. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinə 2005-ci ildən başlasa da və daşınmaz əmlaklarla bağlı iddia müddəti 10 il nəzərdə tutulsa da 2021-ci ildə hazırki predmet üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı və məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373cü maddəsinin tələblərini pozmışdur.
25. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0-cı maddəsinə əsasən, iddia müddəti aşağıdakılara şamil edilmir:
26. 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.
27. Belə ki, hazırki iddia tələbi iddiaçıya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən alınması ilə əlaqəli olduğundan, Mülki Məcəllənin qeyd edilən 384.0.4-cü maddəsinin tələbinə əsasən hazırki iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
28. Kollegiya məhkəmə xərcinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi təmin olunduğundan məhkəmə xərclərinin ödənilməsi cavabdehin üzərinə düşür. Lakin, iş materiallarından görünür ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkün olduğundan, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən məhkəmə xərclərinin ödənilməsindən azaddır. Belə olan halda, həmin xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
29. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
31. Həmin Məcəllənin 117.2-ci maddəsinə görə, bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.
32. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, hazırda mübahisələndirilən torpaq sahəsi və tikiliyə dair hər hansı hüquq müəyyən edici sənəd (çıxarış, bələdiyyə qərarı, İcra Hakimiyyəti sərəncamı və s.) mövcud olmadığından və həmin sahənin İddiaçı Şirkətinin mühafizə zonasına düşməsi iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapdığından yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əsasən iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh məcburi köçkün olduğundan dövlət büdcəsinin vəsaiti hesabına Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev