Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10666/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 Mehdi oğlunun nümayəmdəsi və vəkili Fərzəliyev Mədail Hüseyn oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı1 Mehdi oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 8000 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə gecikdirilmiş hər ay üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərildiyi kimi əsas məbləği faizi ilə cavabdehdən tutulub şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixində 90.000 manatlıq müqavilə imzalanaraq restoranda havalandırma və kondisionerləşmə sistemlərinin quraşdırılması razılaşdırılmışdır. İşin sonu yaxın ətrafda yaşayan qonşular polisə şikayət edərək quraşdırılan cihazlar səs-küy törədəcək deyə cavabdehdən cihazların yerinin dəyişməsini tələb etdi. Əlavə olaraq cavabdehlə 7.300 manat cihazların yerinin dəyişdirilməsi üçün və bir otaqda kondisioner istədi onun üçün də 1000 manat razılaşdırıldı. Bu ərəfələrdə cavabdehin Türkandakı kafesində də ventilyasiya etməyini istədi və Türkan üçün də 3.400 manata razılaşdırıldı və beləliklə 101.700 manatlıq razılaşmaları oldu. İşə başladıqları gündən qanunda tələb olunduğu kimi ödəmə istədikləri zaman hesab-faktura verirdilər və həmin hesab-fakturaya əsasən Ahmad tərəfindən bir neçə gün sonra ödəmə olurdu. Lakin son verilən hesabfakturanı tam ödəmədi 8000 manatlıq borcu qaldı. Cavabdeh hər dəfə bir bəhanə ilə ödəməni uzadırdı və bu günə kimi ödəməni etmir. Axırıncı söz verdiyi gün telefonu açmadı və onlar Səbail RPİ-nin 39-cu Polis Bölməsinə bununla bağlı şikayət etdilər. Cavabdehin dəvət edib dindirdilər, cavabdeh isə onlara heç bir borcunun olmadığını bildirdi və sonra 1000 manat borcunun olduğunu deyərək polislərə yalan ifadələr verməyə başladı. Onlar ərizə ilə müraciət etmələrinə baxmayaraq 39-cu bölmədən onlara heç bir rəsmi cavab verilmədi. Bildirir ki, cavabdeh tək onlara deyil, digər ustaların da pullarını vermir, müxtəlif bəhanələrlə insanları aldadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1000 (bir min) manat alınıb İddiaçı1 Mehdi oğluna verilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 Mehdi oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Nərimanov Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədən göründüyü kimi, Cavabdeh hər ödəmədən əvvəl o invoys təqdim etmişdir. Bütün təqdim etdiyi invoyslar (hesablar) üzrə ödəniş məbləği, ümümulikdə 101.700 manatlıq hesablanması Səbail Rayon Məhkəməsinin qətnaməsində təqdim etdiyi sənədlər üzrə göstərilib. Halbuki, aralarında bağlanan 90000 manatlıq müqavilədən başqa, sonradan quraşdırılmış ventilyasiya cihazlarının yerlərinin dəyişdirilməsi üçün əlavə görülən işləri 7300 manata, Türkandakı kafe üçün ventilyasiya işlərinin görülməsi və əlavə olaraq bir kondisioner qoyulması işləri üçün isə 4400 manat razılaşmışlar. Lakin Cavabdeh ümümilikdə təqdim etdiyi 101.700 manatlıq invoysdan (hesabdan) 8000 manat pulu o, ona ödəməmiş və bugünədək ödəməyib. “Damask” restoranın müdiri Cavabdeh sifarişçi olmuş və o podrat müqaviləsi üzrə sonuncu yuxarıda qeyd etdiyi xidmətləri də göstərmişdir və o ondan sonuncu invoysu (hesabı) də qəbul etməklə borcu olduğunu faktiki olaraq qəbul etmiş, lakin sonradan o məbləğdə borcunun olmadığını bildirirək ödənişdən yayınmışdır. Halbuki 101700 manat ödənişi ona tam ödəməsi barədə qəbzi cavabdeh tərəf olaraq rayon məhkəməsinə təqdim edə himəmişdir. Bu hal isə Rayon Məhkəməsi tərəfindən araşdırılmamış, məhkəmə qətnaməsində buna münasibət bildirilməmişdir. Həmçinin qeyd edir ki, Rayon Məhkəməsi tələb etdiyi iddia məbləğində pulun cüzi bir hissəsini yəni 1000 (bir min) manat tutaraq, qalan 7000 manatı və ümumi borcdan gecikdirilməsinə və qanunsuz saxlamasına görə gecikdirilmiş hər ay üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin kimi əsas məbləğin faizini tutmayaraq, birbaşa onun hüquqlarının kobudca pozulmasına şərait yaratmışdır. Səbail Rayon Məhkəməsi iddianın qismən təmin olunmasını maddi hüquq normaları ilə formal olaraq əsaslandırmış, gəldiyi nəticələrə dair öz mülahizələrini qətnamədə bildirməmişdir. Belə ki, Rayon Məhkəməsi qeyd edir ki, sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür və o 1000 manatdan əlavə vəsaitinin cavabdehin ona borclu olması barədə sübutu məhkəmə təqdim edə bilməmişdir. O, məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmır. Birinci intansiya məhkəməsində dəfələrlə köməkçi Səbuhinin və Ahmadla tanış edən qrup rəhbərinin şahid qismində, yəni onlar arasında baş verən söhbətlərin haqq-hesabın iştirakçısı kimi dindirilməsini xahiş etsə də, məhkəmə buna məhəl qoymamışdır. Halbuki, hər ödəmədə onun yanında olan köməkçi bütün bu prosedurun birbaşa iştirkaçısı olmuşdur. Onların şahid kimi dindirilməsi barədə şifahi vəsatəti təmin olunmalı, onların ifadəsinə Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilməliydi. Hər ödəmədə onun yanında olan köməkçi və onu cavabdehlə tanış edən qrup rəhbəri apellyasiya instansiya məhkəməsində dindirilsə, cavabdehlə onun arasında olan pul haqq hesabı ilə bağlı hallara obyektiv və dolğun olaraq aydınlıq gətirəcək. Podratçı şirkətin rəhbəri olaraq Cavabdehla ilk öncə 90000 manat dəyərində müqavilə bağlayaraq iş icra etmişdir. Lakin əlavə gördüyü işləri şəxsi güvən məsələsinə görə müqavilə (əlavə razılaşma) ilə sənədləşdirməmişdir. Halbuki o gördüyü bütün işlərin dəyəri ilə bağlı qarşı tərəfə hesab faktura təqdim etmişdir. Lakin Rayon Məhkəməsi haqsız olaraq, həmin sənədləri iddiaçının, yəni onun sübutu kimi qəbul etmir. Rayon Məhkəməsi yalnız cavabdehin qəbul etdiyi hissədə iddianı qismən təmin edərək, onun hüquqularını pozan qətnamə çıxarıb. Halbuki cavabdeh də ona təqdim etdiyi bütün invoys (hesablar) üzrə ödəniş sənədini məhkəməyə təqdim edə bilməyib. Yuxarıda qeyd etdiyi halların araşdırılmaması ilə də Mülki Məcəllə və MPM-də nəzərdə tutulan maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Mehdi oğlunun nümayəmdəsi və vəkili Fərzəliyev Mədail Hüseyn oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamənin yalnız iddiaçı mübahisələndirməklə qeyd edilən hissədə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 01 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı1 Mehdi oğlu ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixində 90.000 manatlıq müqavilə imzalanaraq restoranda havalandırma və kondisionerləşmə sistemlərinin quraşdırılması razılaşdırılmışdır. İş materiallarında olan 01 iyul 2019-cu il tarixli 01 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 27 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 03 avqust 2019-cu il tarixli 02 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 30 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 24 sentyabr 2019-cu il tarixli 03 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 20 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli 04 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 4 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 10 yanvar 2020-ci il tarixli 05 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 2 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli 06 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 5 000 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli 07 saylı hesabdan görünür ki, 01.07.2019-cu il tarixli müqaviləyə görə Sahil metrosu yaxınlığında yerləşən kafe layihəsində kondisioner və ventilyasiya sistemlərinin quraşdırılması işlərinə görə 13 700 manat görülmüş işlərə görə ödənilməlidir. İş materiallarında olan İddiaçı1 Mehdi oğlunun Səbail RPİ-nin 39-cu PB-nin rəisi Fazil Zərbəliyevin adına ünvanladığı 17.12.2020-ci il tarixli izahatından görünür ki, ünvan 2 ünvanında yerləşən «Damask» restoranın müdürü Cavabdeh adlı şəxslə 01.07.2019-cu ildə 90.000 manatlıq müqavilə bağlayaraq restoranda ventilyasiya və kondisinerləşmə işlərinin quraşdırılması üçün müqavilə imzalamış, sonradan quraşdırılmış ventilyasiya cihazlarının yerlərinin dəyişdirilməsi üçün əlavə görülən işləri 7300 manata razılaşmışlar. Həmin ərəfələrdə Ahmadi Türkan qəsəbəsində yerləşən kafedə də ventilyasiya işlərinin görülməsini və əlavə olaraq restoranın daxilində bir kondisioner qoyulmasını ondan xahiş etdi. Türkandakı kafe və əlavə kondisioner qoyulması üçün əlavə olaraq 4400 manat razılaşdırıldı. Hər ödəmədən əvvəl o, Ahmada invoys təqdim edirdi və o da, sonra ona ödəmə edirdi. Axırıncı invoysdan Ahmad 8000 manat ödəmədi və bu günədək ödəməyib. İş materiallaırnda olan Cavabdeh Səbail RPİ-nin 39-cu PB-nin rəisi Fazil Zərbəliyevin adına ünvanladığı 17.12.2020-ci il tarixli izahatından görünür ki, Zərifə Əliyeva küçəsi 29 ünvanında Damask adlı restoranı açıb işlətmək istəyərkən havalandırma sistemini çəkmək üçün Podrat TGİ şirkəti ilə müqavilə imzalayaraq havalandırma sisteminin quraşdırılmasını 90.000 manata razılaşdırdılar. Havalandırma sistemini quraşdırdıqdan sonra əlavə işlər ortaya çıxdı və o, həmin şirkətə əlavə olaraq 11.000 manat verdi. Əlavə olaraq qeyd etmişdir ki, həmin şirkət havalandırma sistemini yaxşı quraşdırmamışdılar və restoranın içində daim yemək iyi gəlirdi və o bu barədə şirkətin müdirinə də bildirmişdir. Onun şirkətə heç bir borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində göstərilir ki, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, 01 iyul 2019-cu il tarixdə sifarişçi qismində Cavabdeh ilə podratçı qismində "xxxx" MMC arasında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh məxsus binada kondisioner, ventilyasiya sistemlərinin quraşdırılması işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən işlərin qiyməti 90.000 manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, podratçı tərəfindən kondisioner, ventilyasiya sistemlərinin quraşdırılması işləri yerinə yetirildikdən sonra quraşdırılmış ventilyasiya cihazlarının yerlərinin dəyişdirilməsi üçün əlavə işlər ortaya çıxmış və həmin əlavə işlərin görülməsi üçün sifarişçi tərəfindən müqavilə üzrə ödənilmiş 90.000 manatdan əlavə olaraq 11.000 manat ödənilməsi razılaşdırılmış və beləliklə, sifarişçi tərəfindən ümumilikdə podratçıya 101.700 manat vəsait ödənilmişdir. Məhkəmə iclasında iddiaçı onun tərəfindən görülən işlərə görə həmin məbləğdən əlavə cavabdeh tərəfindən ona Türkan kafesində görülən işlərə görə 1000 manat və Sahil kafesi üçün 7000 manat, ümumilikdə 8000 manat ödənilməli olduğu halda ödənilmədiyini bildirmiş, cavabdeh isə bir kondisioner quraşdırılması üçün iddiaçıya yalnız 1000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 7000 manatın cavabdehdən alınıb ona verilməsi və 8000 manat pul vəsaitinin gecikdirilməsinə görə faiz tutulması ilə bağlı tələb irəli sürsə də, iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə haqlı olaraq yalnız cavabdehin etirafı həddində, yəni 1000 manat borcun tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki halda isə, iddiaçı apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 Mehdi oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10666/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10666/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver