Məhkəmə qərarları › İş №2(103)-10671/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10671/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10671/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nin Azərbaycan Respublikasında Filialına və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-nin Azərbaycan Respublikasında Filialına və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 18 saylı evi 3 nömrəli mənzili seriya ÖM 010983 qeydiyyat vəsiqəsinə əsasən 52 kv.m. 3 otaq qeyd edilməsinə baxmayaraq faktiki olaraq Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən evin faktiki həcmi dəqiqləşdirmə aparılarkən müəyyən edilmişdir ki, evin faktiki ölçüləri qeydiyyat vəsiqəsində qeyd edildiyindən xeylək fəqlidir və ona görə də icra hakimiyyətinin 07.04.2006-cı il tarixli 171 nömrəli sərəncamı ilə onun mülkiyyətində olan Dadaşov küçəsi, 18 saylı evin 3 nömrəli mənzilinə dair akt tərtib edilmiş, onun mənzilinin ümumi sahəsi 106,91 kv.m., yaşayış sahəsi 71,44 kv.m., köməkçi sahəsi isə 35,47 kv.m. olmaqla 4 otaqlı hesab edilməsi barədə sərəncam verilmiş və dövlət orqanlarında bu qaydada qeydiyyat aparılması göstərilmişdir. Bakı şəhəri Nərimanov rayonu ərazisində dövlət proqramına uyğun olaraq pilot lahiyələr üzrə evlərin tikintisi ilə əlaqədar olaraq "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh3 ilə onun arasında 30.01.2018-ci il tarixdə, AN-İ No ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən onun evinin 46,16 kv.m. olan hissəsi tam mülkiyyət hüququ əsasında alıcının mülkiyyətinə verilməsi və eləcə də onlar tərəfindən həmin 46,16 kv.m. sahə üçün 208793 manat ödənilməsi müqavilədə qeyd edilmişdir. Həmin müqavilə imzalanarkən o, həmin şirkətin nümayəndəsi Cavabdeh3 bildirmişdir ki, onun evi faktiki olaraq qeydiyyat vəsiqəsində 52 kv.m. qeyd edilməsinə baxmayaraq icra hakimiyyətinin 07.04.2006-cı il tarixli 171 nömrəli sərəncamı ilə faktiki olaraq 106,91 kv.m. olması təsdiq edilmişdir. Lakin Cavabdeh3 ona bildirmişdir ki, bu pilot layihələr dövlət proqramı çərçivəsində həyata keçirildiyindən vergi ödənilməsi və eləcə də digər səbəblər göstərilməklə müqavilədə belə yazılmasının olması göstəriş verilmişdir. Cavabdeh3 ona bildirmişdir ki, onun evinin qalan kv.m. üçün gələcəkdə 60 kv.m. üçün hər kv.m. təxminən 1500 manat manatdan hesablanmaqla ona əlavə olaraq Abşeron rayon Məmmədli kəndində həmin şirkət tərəfindən inşa edilən binada həmin məbləğin həcminə uyğun olaraq 3 və ya 4 otaqlı mənzil veriləcəkdir. Ona görə də həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dövlət proqramı olduğuna görə və həmin şəxslər xarici bir şirkəti təmsil etdiklərinə görə inanaraq qol çəkmişdir. Bir neçə müddətdən sonra "xxxx" MMC Abşeron rayonu Məmmədli kəndində inşa etdiyi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 4, mənzil 2-də yerləşən mənzil ona təklif edilmişdir. Lakin o, onlara bildirmişdir ki, onlar 3-4 otaqlı mənzil verilməsini bildirmişlər, lakin həmin ev cəmi 53 kv.m.-dir. Həmin evi onların borcuna görə götürməkdən imtina etdiyinə görə belə razılığa gəlmişlər ki, həmin mənzilin dəyəri 49.000 manatı o, onlara ödəyir və gələcəkdə onlar ona Məmmədli kəndində yeni inşa ediləcək binalardan birində söz verdikləri kimi 3-4 otaqlı mənzil verəcəklər. Ona görə də o, onlarla razılaşaraq onların təqdim etdiyi İ.Qutqaşınlı küçəsi, ev 14 ünvanında yaşayan X2 ilə 08.02.2018-ci il tarixdə AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh1 MMC şirkətə və onun nümayəndələrinə dəfələrlə ona söz verdikləri mənzilin verilməsini xahiş etdiyinə baxmayaraq, onlar hər dəfə hələ bina tikilmir, tikilən kimi verəcəyini bildirmişlər. Sonradan o, başa düşmüşdür ki, qeyd edilən şirkətin rəhbərliyi və onun nümayəndəsi Cavabdeh3 onun hüquqi cəhətdən mükəmməl savadı olmadığından istifadə edərək və tikintinin dövlət proqramı çərçivəsində aparılmasını ona bildirdiklərindən o, onlara inanmışdır və sonradan başa düşmüşdür ki, onlar onu aldadaraq qeydiyyat vəsiqəsində 52 kv.m. qeyd edilən lakin icra hakimiyyəti tərəfindən 07.04.2006- cı il tarixli 171 nömrəli sərəncamla faktiki olaraq 106,91 kv.m. olan mənzilinin bir hissəsinin pulunu ödəməklə qalan 60 kv.m. sahəni 1500 manatdan ödəməyi və ya Məmmədli kəndində 3-4 otaqlı mənzil vermələrinə yalandan söz verməklə bu günə kimi nə mənzilin, nə də pulun verilməsinə boyun qaçırırlar. Bu barədə özlərinə və müxtəlif dövlət orqanlarına etdiyi müraciətlər cavabsız qalmışdır. Onun rəsmi nümayəndəsi X3 da hüquq şirkəti adından həm Cavabdeh1 MMC şirkətə və eləcə də şirkətin onunla müqavilə bağlamış nümayəndəsi Cavabdeh3 ünvanına rəsmi məktub göndərsə də, Cavabdeh1 MMC şirkətinin həmin ünvanda olmadığına görə məktub geri qayıtmış.Cavabdeh3 isə telefonla əlaqə saxladıqda ona bildirmişdir ki, həmin şirkət ləğv edilib və bundan sonra onu narahat etməyək və onun ünvanına göndərilmiş rəsmi müraciətə heç bir cavab verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh1 MMC şirkətin nümayəndəsi Cavabdeh3 ilə onun arasında şifahi razılaşma yolu ilə ona 60 kv.m. sahə üçün ev vermək öhdəliyi götürməklərinə baxmayaraq uzun müddətdir ki, bu öhdəlikdən boyun qaçırırlar. Ona görə də pozulmuş hüquqlarını məhkəmə qaydasında bərpa etməyə məcbur qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 MMC şirkəti tərəfindən onun mülkiyyətində olan Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 18, mənzil 3-də qalan 60 kv.m. sahənin hər kv.m. 1500 manat hesabı ilə cəmi 90.000 Cavabdeh1 MMC şirkətindən və yaxud onun təmsilçisi Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Kollegiya cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 010983 №-li çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 saylı evin, ümumi sahəsi 52 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 3 saylı mənzili tam mülkiyyət hüququ üzrə 07.08.1999-cu il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. İş üzrə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 07.04.2006-cı il tarixli, 171 nömrəli sərəncamın kserosurətindən görünür ki, İddiaçı ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin faktiki yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən onun yaşadığı xüsusi mülkiyyətdə olan mənzilin ümumi sahəsi 46,6 kv.m., yaşayış sahəsi 36,0 kv.m, köməkçi sahəsi isə 10,6 kv.m. olmaqla 2 otaqlı göstərilmişdir. Rayon İcra hakimiyyətinin Mənzil məsələləri üzrə ictimai komissiyası 07.04.2006-cı il tarixdə mənzilə baxış keçirərək müəyyən etmişdir ki, onun yaşadığı mənzilin faktiki olaraq ümumi sahəsi 106,91 kv.m., yaşayış sahəsi 71,44 kv.m. olmaqla 4 otaqlıdır. Komissiya sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy vermişdir və bu barədə akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə ictimai komissiyasının B.Dadaşov küçəsindəki 18 saylı evin 3 saylı mənzilinə dair 07.04.2006-cı il tarixli aktın təsdiq edilməsi, B.Dadaşov küçəsindəki 18 saylı evin 3 saylı mənzilinin ümumi sahəsi 106,91 kv.m., yaşayış sahəsi 71,44 kv.m., köməkçi sahəsi isə 35,47 kv.m. olmaqla 4 otaqlının hesab edilməsi, sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılmasının 36 saylı MKİS-nə tapşırılması, sərəncamın 2-ci bəndinə uyğun olaraq İddiaçı adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Bakı şəhər Tİ və MHQ İdarəsinə tövsiyə olunması qərara alınmışdır İş üzrə Bakı şəhər 9 saylı notariat ofisində təsdiq edilmiş 30.01.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 46,6 kv.m. olan 3 saylı mənzilini Cavabdeh1 MMC-nin Azərbaycan Respublikasında filialına 208.793 manata satmışdır. İş üzrə Bakı şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 08.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,1 kv.m. olan mənzilini İddiaçı 49.000 manata satmışdır. Birinci instansiya məhkəməsi verilmiş iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən 18 saylı evin, 3 otaqlı, sahəsi 52,0 kv.m olan 3 saylı mənzili onun mülkiyyətində olmuşdur. Həmin mənzilin sahəsi 52,0 kv.m göstərilməsinə baxmayaraq ümumi sahəsi 106,91 kv.m (71,44 kv.m yaşayış, 35,47 kv.m köməkçi sahəsi) olmuşdur. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin 07.04.2006-cı il tarixli 171 saylı sərəncamı ilə Mənzil məsələləri üzrə ictimai komissiyanın aktı ilə iddiaçının mülkiyyətindəki mənzilin 4 otaqlı və ümumi sahəsinin 106,91 kv.m olması təsdiq edilmiş və həmin mənzilin mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparımlası daşınmaz əmlakın dövlət reyestrinə (Bakı şəhəri Tİ və MHQİ) tövsiyyə olunmuşdur. İddiaçı lə cavabdeh CZECHCONSTRUCTİONSERVİCE” MMC arasında bağlanmış 30.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətindəki həmin evi 208793 manat satmış və alğı-satqı müqaviləsində mənzilin sahəsi 46,6 kv.m kimi göstərilmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh çıxarışda göstərilməyən sahə üçün (60 kv.m üçün) əlavə olaraq ona Abşeron rayonk, Məmmədli kəndində yeni inşa ediləcək binalardan birində 3-4 otaqlı mənzil verməli idilər. Lakin cavabdehin ona təklif etdiyi mənzilin sahəsi 53,0 kv.m olduğu üçün belə razılığa gəlmişlər ki, həmin mənzilin 49000 manatını iddiaçı ödəyəcək və gələkcə cavabdeh ona Məmmədli kəndində yeni inşa ediləcək binalardan birində söz verdikləri 3-4 otaqlı mənzili verəcəklər. Bu şərtlərlə razılaşıb mülkiyyətindəki mənzili satmış və sonradan Abşeron rayonu, Məmmədli kəndində yerləşən sahəsi 53 kv.m olan mənzili almışdır. Hazırda cavabdeh üzərinə götürdüyü öhədliyi icra etmir, yəni nə mülkiyyətində olmuş və satılmış mənzilin 60 kv.m hissəsinin 1500 manatdan ödəmir, nə də ki, Məmmədli kəndində 3-4 otaqlı mənzili təhvil vermir. Bu səbəbdən iddiaçı CZECHCONSTRUCTİONSERVİCE” MMC tərəfindən onun mülkiyyətində olan Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 18, mənzil 3-də qalan 60 kv.m sahənin hər kv.m üçün 1500 manat hesabı ilə 90000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələblərə görə Cavabdeh1 MMC üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək öhdəliyin məcburi qaydada icra edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, öhdəliyin yaranması əsasları Mülki Məcəllə ilə müəyyən edilmişdir və həmin əsaslardan biri müqavilədir. İddiaçının iddia etdiyinə görə cavabdeh müqavilədən irəli gələn öhdəliyi icra etmir. Yəni hazırki mübahisə müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış nə 30.01.2018-ci il tarixli AN-İNo0664223 saylı müqavilədə, nə də iddiaçı ilə X2 (etibarnamə əsasında Cavabdeh3 tərəfindən təmsil olunurdu) arasında bağlanılmış 08.02.2018-ci il tarixli müqavilədə iddiaçının iddia etdiyi şərt və ya öhdəlik barədə razılaşma olmamışdır. Yəni tərəflər arasında iddiaçının mülkiyyətindəki mənzilin faktiki sahəsinə (Nərimanov rayon İcra hakimiyyətinin sərəncamı ilə müəyyən edilmiş mənzilin sahəsinə dair) dair hər hansı razılaşmanın olması bağlanmış müqavilələrdə öz əksini tapmamışdır. Eyni zamanda bunnula bağlı ayrı razılaşmanın bağlanması ilə bağlı da hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd etmişdir, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar