Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1068/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdehlər Cavabdeh1, X1 və Binəqədi rayonu Xocəsən qəsəbə bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2006-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 may 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Xocəsən qəsəbə bələdiyyəsinin 13/12 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə Xocəsən bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsi Cavabdeh1 ayrılmışdır. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin torpaq sahəsinin neft quyusunun təhlükəsizlik zolağı daxilində yerləşdiyini iddia edərək həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsini və sözügedən sərəncamın ləğvini tələb edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdehlər Cavabdeh1, X4 və Binəqədi rayonu, Xocəsən qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirkətə məxsus 4 saylı Neft və Qazçıxarma sexinin 1-ci sahəsində yerləşən 410075 saylı quyunun təhlükəsizlik zolağı daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi və Binəqədi qəsəbə bələdiyyəsinin həmin ərazidən Cavabdeh1 torpaq sahəsinin ayrılmasına dair sərəncamının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 4 saylı Neft və Qazçıxarma sexinin 1-ci sahəsində 410075 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində cavabdeh tərəfindən tikili inşa olunmuş və digər cavabdehə satılmışdır. Tikili quyunun gələcəkdə əsaslı təmiri üçün əngəl törədir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2006-cı il tarixli qətnaməsi ilə (hakim Ə.Sarıyev, iş № 2-2899/2006) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Xocəsən qəsəbə bələdiyyəsi neft quyusunun təhlükəsizlik zolağı daxilində 600 kv.m torpaq sahəsinin cavabdehə ayrılmasına dair 13/12 saylı, xx.xx.2006-cı il tarixli qərarı qəbul etməklə səlahiyyət həddini aşaraq dövlət mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermiş, bununla da iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt qəbul etmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68, 111-ci, Mülki Məcəllənin 19, 68, 180.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməyib. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla 2006-cı ildən onun istifadəsinə verilmişdir. Maddi imkanı olmadığından orada hər hansı tikinti işləri görməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. İşdə iştirak edən digər şəxslər isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
13. Maddə 46. dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir.
14. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
15. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır.
21. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə heç bir araşdırma aparılmamış, mübahisəli torpaq sahəsinin statusu müəyyən edilməmiş, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının mötəbərliyi nəzərə alınmamışdır. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/1422 saylı rəyi ilə Xocəsən qəsəbə bələdiyyəsinin 13/12 saylı, 03 iyul 2006-cı il tarixli qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.m torpaq sahəsinin Xocəsən bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi, torpaq sahəsində hər hansı tikilii inşa edilmədiyi, torpağın yalnız 400 kv.m hissəsinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.
22. Beləliklə, ekspert rəyindən də göründüyü kimi Xocəsən Bələdiyyəsi öz mülkiyyətində olan torpağa dair sərəncam verməklə mübahisəli torpaq sahəsinin Cavabdeh1 ayrılması barədə qərar qəbul etmişdir və həmin qərar hazırda qüvvədədir.
23. Bundan əlavə, ekspert mübahisəli əraziyə yerində baxış keçirərkən orada hər hansı tikili inşa olunmasını müəyyən etməmişdir.
24. Bu baxımdan Kollegiyanın qənaətinə görə iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur və iddiaçının sərəncamın ləğvi və tikilinin sökülməsi barədə tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur.
25. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Lakin apellyasiya baxışı zamanı müəyyən edildi ki, mübahisəli tikili cavabdehin mülkiyyətində, həmin tikilinin yerləşdiyi torpaq sahəsi qanuni istifadəsindədir. Belə olan halda iddiaçının tələbinin hüquqi əsası yoxdur.
28. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Həmin Məcəllənin 153.4-cü maddəsinin tələbinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə olunur.
32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
34. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2006-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdehlər Cavabdeh1, X1 və Binəqədi rayonu Xocəsən qəsəbə bələdiyyəsinə qarşı qanunsuz tikililərin sökülməsi və sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.