Məhkəmə qərarları › İş №2(103)-1069/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1069/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1069/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X3, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-797/2018 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan ASC “Maraqlı şəxsk” tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli M/HA 07/09 saylı müqavilə əsasında ödədiyi müqavilədə nəzərdə tutulmuş 160000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 1 ünvanındakı Cavabdeh Firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 8 saylı dükanın onun istifadə və sahibliyinə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Firmasının direktoru M.B.Bəşirovun şəxsində xx xxxx 2009-cu il tarixdə ünvan 1 ünvanında inşa etdiyi Cavabdeh Firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 8 saylı dükanın 1 kv.m-nə 2222 ABŞ dolları ödəməklə alqı-satqı müqaviləsi bağlamış, müqavilədə nəzərdə tutulmuş 160000 ABŞ dolları tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona xx xxxx 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqaviləni 1.2-ci bəndində obyektin 2010-cu ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, onun istifadəsinə və mülkiyyətinə veriləcəyi vəd edilsə də, bu günə kimi birmənalı şəkildə müqavilə öhdəlikləri pozularaq, ona aid dükanı təhvil verməkdən imtina edirlər. Müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Əgər həmin öhdəliklərin icrası obyektiv səbəblərdən mümkün deyilsə, 8 il bundan qabaq ödənilmiş 160000 ABŞ dolları məbləğində vəsait və həmin məbləğə hesablanmış bank faiz dərəcələri ilə ona qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 797/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. ünvan 2 ünvanda binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 72 kv.m olan 8 saylı mağazanın Cavabdeh Firması tərəfindən iddiaçının sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan “Maraqlı şəxsk” ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. ASC apelyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və apelyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, qətnamə birbaşa olaraq Bankın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli Sonrakı İpoteka müqaviləsindən irəli gələn hüquqlarına toxunur. Mübahisəli əmlak üzərində Bankın ipoteka müqaviləsindən irəli gələn ipoteka hüququnun mövcud olmasına və iddiaçının iddia tələblərinin bankın maraqlarına toxunmasına baxmayaraq, bank qeyd edilən iş üzrə icraata cəlb edilməmiş və nəticədə birbaşa bankın hüquq və mənafelərinə toxunan qətnamə qəbul edilmişdir. Qətnamə qəbul edilən zaman ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında artıq qətnamə mövcud olmuşdur. Kollegiyanın iclasında iştirak edən Bankın nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, M/HA 07/09 nömrəli Alqı-satqı, İnvestisiya müqaviləsindən görünür ki, bir tərəfdən Cavabdeh firması X2 şəxsində (Sifarişçi-İnvestor) digər tərəfdən fiziki şəxs İddiaçı şəxsində (İnvestor) Bakı şəhəri Səməd Vurğun 120 ünvanında yerləşən Cavabdeh firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.m olan 8 nömrəli dükanı 1-kv.m 2222 ABŞ dolları məbləğində “Sifarişçi- İnvestor” satmış, İnvestor isə almış, Ümumi ödəniləcək məbləğ 160000 ABŞ dolları (Milli Bankın ödəniş aparılan günə məzənnəsinə uyğun olaraq manatla) olmalıdır. Nəzərdə tutulan obyekt 2010-cu ilin birinci kvartalında istismara veriləcəkdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2009-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tələb olunan 160000 ABŞ dolları pul məbləğini firmanın hesabına ödəmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş pul məbləğini cavabdehə ödəməklə, üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, lakin iş üzrə cavabdehin müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin şərtlərini pozduğunu əsas götürərək, qeyri-yaşayış sahəsinin onun istifadə və sahibliyinə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun tanınmasını tələb edir. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə təhvil verməli olduğu qeyri-yaşayış sahəsini iddiaçının sahibliyinə və istifadəsinə verməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair “Maraqlı şəxsk” ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən x xxxx 2015-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, iddia predmeti olan qeyri-yaşayış sahəsi “Maraqlı şəxsk” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh firması cavabdeh “Maraqlı şəxsk” ASC-yə qarşı iddia qaldıraraq, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh “Maraqlı şəxsk” ASC da iddiaçı Cavabdeh firmasına qarşı qarşılıqlı iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsini və xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 BŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə, cəmi 19.400.119,08 ABŞ dolları və xx.xx.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 26.000.000 manat məbləğində təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan Ağa-X8 və Hacıyeva Könül Rəşid qızı xx.xx.2016-cı il tarixli qətnamədən apellyasiya şikayətləri verərək, ləğv edilməsini, “Maraqlı şəxsk” ASC-nin iddiasının rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin xx.xx.2016-cı il tarixli qərardadı ilə apellyasiyalar mümkün hesab edilmiş, K.Hacıyeva və A.Ağa-Zadə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. xx.xx.2017-ci tarixdə üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-Zadə hər bir ayrı-ayrılıqda cavabdehlər “Maraqlı şəxsk” ASC-yə və Cavabdeh firmasına qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər. Bakı Apelyyasiya Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin iddia ərizələri Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddəsnə əsasən icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nin 2-2(103)-14/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh firmasının, müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X8 və Hacıyeva Könül Rəşid qızının apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı Maraqlı şəxs xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, tutma xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, üçüncü şəxslər Ağa-X7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, Hacıyeva Könül Rəşid qızına məxsus obyektin 2- ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilmiş, qeyri-yaşayış binasının (üçüncü şəxslər AğaX7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, Hacıyeva Könül Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmiş, “Maraqlı şəxsk” ASC-nin qarşılıqlı iddiası xx.xx.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə - iddiaçı Cavabdeh firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının, 30 manat məbləğdə dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğidə çəkilmiş xərclərin “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxsər Ağa-X4 və Hacıyeva Könül Rəşid qızının cavabdehlər Cavabdeh firmasına və “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza, həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, Hacıyeva Könül Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nin 2-1(102)- 366/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh “Maraqlı şəxsk” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh firmasının “Maraqlı şəxsk” ASC-yə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin iş üzrə xx.xx.2017-ci il tarixli 2- 2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh firmasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X8 və Hacıyeva Könül Rəşid qızının apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh firmasının cavabdeh “Maraqlı şəxsk” ASC-yə qarşı aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiasının təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh firmasından xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh firmasına məxsus ünvan 5 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh firmasından “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh firmasına məxsus ünvan 5 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 manat müəyyən edilməsi, qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh firmasından “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməməsi, üçüncü şəxs Ağa-X4 Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs Hacıyeva Könül Rəşid qızının Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “… Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir… Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.» Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən “Maraqlı şəxsk” ASC-yə münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun olaraq, Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 manat İddiaçı tutularaq “Maraqlı şəxsk” ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-797/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddiası təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 manat İddiaçı tutularaq “Maraqlı şəxsk” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar