Məhkəmə qərarları › İş №2(103)-1069/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1069/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1069/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-837/2024 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56A, M14, m3 ünvanında yerləşən mənzillə bağlıdır (bundan sonra – mənzil). 2.Mənzil iddiaçıya məxsusdur, onun mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb (iş v. 31). Reyestr çıxarışında mənzilin ümumi sahəsi 66,10 kv.m göstərilib. 3.İddiaçı mənzili xx.xx.2017-ci il tarixli 0776 nömrəli müqavilə əsasında cavabdehdən əldə edib (iş v. 10). Müqavilədə mənzilin tam sahəsi 79,60 kv.m, yaşayış sahəsi 41,57 kv.m göstərilib. Müqaviləyə görə, mənzilin 1 kv.metrinin qiyməti 820 manat, ümumi qiyməti 65.272 manat təşkil edir (79,60 kv.m x 820 manat = 65.272 manat). 4.Maliyyə arayışına görə, iddiaçı mənzilin qiymətini tam ödəyib (iş v. 15). 5.Ekspert rəyinə görə, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən, mənzilin ümumi sahəsi 66,1 kv.m təşkil edir. Mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 68,2 kv.m təşkil edir. Mənzilin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla 79,6 kv.m təşkil edir. Tərəflərin arasındakı müqavilə şərtlərinə əsasən mənzilin tam sahəsinin 79,6 kv.m, faktiki sahəsinin 68,2 kv.m təşkil etdiyi nəzərə alınaraq, mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi ilə faktiki sahəsinin arasındakı fərq 11,4 kv.m təşkil edir (iş v. 61). Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, mənzilə görə artıq alınmış 11.070 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. 7.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 9.348 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 8.Qətnamədə tutulması qət olunan məbləğ (9.348 manat) mənzilin əskik gələn sahəsinin (11,4 kv.metrin) mənzilin 1 kv.m metrinin qiymətinə (820 manata) vurulması nəticəsində əldə olunub (11,4 kv.m x 820 manat = 9.348 manat). Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 11.Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) normalarını tətbiq etməklə aşağıdakılarla əsaslandırır. 13.Müqavilə bağlanarkən mənzilin qiyməti “mənzilin tam sahəsi” əsas götürülməklə hesablanıb. Lakin “mənzilin tam sahəsi” ifadəsini nəzərdə tutan müqavilə şərti qeyrimüəyyəndir. Belə ki, qanunvericilikdə “mənzilin tam sahəsi” anlayışı müəyyən edilməyib, müqavilənin özündə isə “mənzilin tam sahəsi”nin hesablanma qaydası göstərilməyib. Əgər müqavilədə qeyd olunmuş olsayıdı ki, “mənzilin tam sahəsi” deyiləndə bütün tikintialtı sahə, yəni bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınır, belə halda hesab olunardı ki, cavabdeh haqlıdır, o, müqavilədə razılaşdırılmış sahəni (79,6 kv.m) iddiaçıya təhvil verib. Lakin müqavilədə bu, qeyd olunmadığına görə “mənzil tam sahəsi” cavabdehin əleyhinə təfsir olunmalıdır. Belə ki, “mənzilin tam sahəsi” ifadəsini nəzərdə tutan müqavilə şərti standart şərtdir və onun müqaviləyə daxil edilməsini cavabdeh təklif edib. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM, maddə 419.2). Ona görə də hesab olunmalıdır ki, “mənzilin tam sahəsi” deyiləndə müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan hesablanan sahə (68,2 kv.m) nəzərdə tutulub. Bu isə onu təsdiq edir ki, cavabdeh iddiaçıya 11,4 kv.m əskik sahəsi olan mənzil verib. 14.Müqavilə tərəfləri qiyməti müəyyən etməkdə azaddır. Belə ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir (MM, maddə 398.1). Tərəflər qiyməti müəyyən etməkdə azad olsalar da, müqavilənin bir tərəfinin digər tərəfi aldatmaq azadlığı yoxdur. Odur ki, cavabdehin iddiaçını aldatmaq, yəni ona sahəsi 79,6 kv.m olan mənzil vəd etmək, buna əsasən qiymət hesablamaq, lakin sahəsi 11,4 kv.m əskik - 68,2 kv.m olan mənzil vermək azadlığı yoxdur. Yuxarıda qeyd olunan standart şərt tikinti şirkətlərinin vətəndaşları aldatmaq üçün tətbiq etdiyi üsullardan biridir. Belə ki, mənzili əldə etmək istəyən vətəndaşlar ümumi sahənin hər kv.metrinin qiymətinə əhəmiyyət verir və mənzil əldə edəcəyi tikinti şirkətini buna əsasən müəyyənləşdirirlər. Tikinti şirkətləri isə daha çox müştəri cəlb etmək üçün ümumi sahənin hər kv.metrinin qiymətini müqaviləyə daxil edir, lakin sonradan ümumi sahə əskik gəlsə də vətəndaşlardan pulu tikintialtı sahənin hər kv.metrinə görə alırlar. 15.Mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Alqı-satqıya aid olan bu qayda podrata da şamil olunur, çünki podratçının özünün əldə etdiyi materiallardan hazırladığı əvəz edilən əşyanı sifarişçiyə verməsinə alqı-satqı qaydaları tətbiq edilir (MM, maddə 752.2). Əşya qüsurlu olduqda alıcı öz seçimi əsasında tələb edə bilər: 1) alış qiymətinin mütənasib olaraq azaldılmasını; 2) qüsurların əvəzsiz aradan qaldırılmasını; 3) qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (MM, maddə 587.1). İddiaçı alış qiymətinin mütənasib olaraq azaldılmasını tələb edib. 16.Beləliklə, mənzilin qiyməti mütənasib olaraq azaldılmalı, əskik olan 11,4 kv.m sahəyə uyğun pul məbləği, yəni 1 kv.metrin qiyməti 820 manat olmaqla 9.348 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-837/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar