Məhkəmə qərarları › İş №2(103)-10698/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10698/2021

02.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10698/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(011)-458/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə əsassız olaraq borc kimi yazılmış 1651.00 manatın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləğdirilmişdir). İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ev ona məxsusdur. “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin fərdi yaşayış evində sayğac dəyişdirilərək yeni “smart kart” tipli sayğac quraşdırmağa başlamışlar. “Azəriqaz”ın əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan sonra ona məlumat vermişlər ki, onun sayğacında problem olub və o, cərimə ödəməlidir. Həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(011)-458/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə dəfələrlə baxış keçirilərək, onun qaz sayğacını çıxararaq rezin şlanq birləşməsi vasitəsilə təbii qazdan istifadə etdiyi müəyyən olunduğundan, barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq dəymiş ziyan olaraq 669.60 manat borc hesablanmışdır. Qalan məbləğ isə istifadə olunmuş sərfiyyat üzrə təbii qazdır və dəymiş ziyan deyil. Məhkəmə qəbul etmədiyi borcu araşdırmamış, abonent bazasına borc məbləğinin yazan texniki və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar gəbul etmişdir. Ekspertiza Mərkəzinin 17.06.2021-ci il tarixli 10/1864 saylı rəyi mülki iş materiallarında mövcud olan fotoşəkillərə görə deyil, hazırki mövcud vəziyyətə görə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi, qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi, maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdeh «Azəriqaz» İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, məhkəmə kollegiyası gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan abonentin saldosunda, İddiaçı 2020-ci ilin mart ayının əvvəlinə borcunun olmadığı, ona mart ayı üzrə akt əsasən 669,6 manat, sayğacın göstəricilərinə görə 49,20 manat borc hesablandığı, növbəti aylar nəzərə alınmaqla, abonent tərəfindən 2020-ci il ərzində 198,6 manat dəyərində qaz istehlak olunsa da, onun borcunun 2021-ci ilin yanvar ayına “Azəriqaz” İB-yə borcunun 1651 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03.03.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda olan sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarından olan “müraciətə baxılması barədə” məktubdan məlum olur ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə “Təbii X2nın pozulması haqqında” 19.03.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/1864 saylı, 17.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus ünvan 2 ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər (borucuq və s.) aşkar edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, abonent bazasına borc məbləğinin yazan texniki və operatorları şahid qismində məhkəməyə təqdim edib-etməmək etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olan cavabdehə aid olmuş, lakin o, iddianın rədd edilməsinə əsas hesab etdiyi həmin sübutları təqdim etməmişdir. İş materiallarında olan fotoşəkillərdən isə onların çəkilmə şəraitlərini, eləcə də bu şəkillərin iddiaçının abonenti olduğu ünvan barəsində olduqlarını müəyyən etmək mümkün olmamışdır. Ekspert isə 10/1864 saylı, 17.06.2021-ci il tarixli rəyində iddiaçının abonenti olduğu ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar etməmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və iddiaçının abonenti olduğu ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halına yol verilmədiyi nəticəsinə gəlir. Cavabdeh eyni zamanda, 2020-ci ilin mart ayının əvvəlinə hər hansı məbləğdə borcu olmayan iddiaçıya mart ayı üzrə akta əsasən 669,6 manat, sayğacın göstəricilərinə görə əlavə 49,20 manat borc hesablamasına əsas olmuş halı izah edə bilməmiş, eyni zamanda həmin vəsait də daxil olmaqla, 2020-ci il ərzində 198,6 manat dəyərində qaz istehlak etdiyi qeyd olunan və dəyərini ödəyən iddiaçının 2021-ci ilin yanvar ayına 1651 manat (669,6 manat+198,6 manat=868,2 manat) borcunun yaranmasına əsas olmuş halı izah edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abonentin ünvanına qaz sayğacı 03.03.2021-ci il tarixdə quraşdırılmış, bundan 16 gün sonra, yəni 19.03.2021-ci il tarixdə isə abonentin təbii qazdan sayğac qoyalana qədər sayğacsız istifadə etməsi ilə bağlı akt tərtib edilmişdir. Lakin qaz təchizatçısının nümayəndələri bu aktı tərtib edərkən sayğacın hansı tarixlərdə yerində olmadığını, sayğacın olmamasının səbəbini göstərməmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “X2”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. X2n bu müddəalarına əsasən, qaz sayğacı yerində olmadıqda məsuliyyətin ilk növbədə qaz paylayıcısının üzərinə düşdüyü ehtimal olunur. Bunun əksini sübut etmək isə abonentin deyil, qaz paylayıcısının borcudur. Həmçinin, qaz sayğacı istehlakçının təqsiri olmadan hər hansı səbəblə çıxarılmışdırsa, qazın verilməsi dayandırılmamalı və verilən qaz üzrə sərfiyyat əvvəlki dövrə görə orta sərfiyyat əsasında hesablanmalıdır. Göründüyü kimi, bu halda da sayğacın abonentin təqsiri üzündən zədələnməsini sübut etmək vəzifəsi qaz paylayıcısının üzərinə düşür. Hazırkı işin halları ilə abonentin sayğacın zədələnməsində, yaxud onun sökülməsində təqsirli olması halı sübuta yetirilməmişdir. “X2”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmuş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması təsdiq edilmədiyindən, bununla da cavabdeh tərəfindən iddiaçıya bu əsasla 669,6 manat borc hesablaması qanunsuz olduğundan, eləcə də iş üzrə sübutlarla borcun qalan 981,4 manat hissəsinin hesablanmasına əsaslar müəyyən edilmədiyindən, borcun hesablanması istehlak olunmamış qazın dəyərinin tələb olunması xarakteri daşıdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(011)-458/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar