Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1070/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndələri X7 (oğlu) və Vəkil (vəkil), iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarı və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 3 nömrəli orderə əsasən Ləhiş bağ sahəsində 103 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 1459 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır.
2. xx.xx.2006-cı il tarixli, 568 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi icarəçi qismində X2 istifadəsinə verilmişdir. Hazırda iddiaçı icarə obyektinin onun adına verilmiş orderə əsasən ona ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi səbəbindən, icarə müqaviləsinin etibarsız hesab olunmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X8 və X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X2 adına verilmiş xx.xx.2006-cı il tarixli torpağın icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəxanı Bələdiyyəsi torpağın əsl sahibi (iddiaçı) ilə heç bir razılaşdırma aparmadan özbaşına olaraq qanunsuz şəkildə cinayətə əl atmış və torpağı 568 saylı saxta müqavilə ilə X1. Cavabdeh bu sərəncamı verməklə onun qeyd olunan və qanunla qorunan mülkiyyət hüquqlarını ciddi surətdə pozmuşdur. Bələdiyyə mübahisəli torpaq sahəsinə dair digər şəxslə icarə müqaviləsi bağlayarkən mülkiyyətçi ilə razılaşdırmalı idi. Bütün bu əsaslar göstərir ki, Kürdəxanı Bələdiyyəsinin bağladığı müqavilə etibarsız hesab edilməlidir. Mübahisənin öncədən həlli istiqamətində tərəflərindən Kürdəxanı Bələdiyyəsinə rəsmi məktubla pretenziya ünvanlanmış, lakin Bələdiyyə xx.xx.2022-ci il tarixində 150 saylı məktubla rədd cavabı vermişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4796/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia rədd edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması, eləcə də, iddianın əsaslılığına dair yetərli sübutların təqdim edilməməsi səbəbindən iddia rədd edilməlidir. Məhkəmə bu qənaətə gələrkən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarına əsasən İddiaçı qızna Ləhiş bağ sahəsində ayrılmış 1459 nömrəli bağ sahəsinin adına rəsmiləşdirilməsi üçün təqribən 30 ilə yaxın müddət keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini, habelə göstərilən müddət ərzində sözügedən torpaq sahəsinə faktiki sahiblik və ondan istifadə etdiyinə istinad etmədiyini və bu barədə sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, artıq 30 ildir ki, həmin torpaq sahəsi ona məxsusdur və onun razılığı olmadan heç kim bu torpaq sahəsinə dair hər hansı hüquq əldə edə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. 3-cü şəxs A.Qurbanov apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi başqa əsaslarla rədd olunmalıdır.
18. Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması barədədir.
19. İddiaçı iddia edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarı və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 3 nömrəli orderə əsasən Ləhiş bağ sahəsində 103 nömrəli BTK nəzdində yerləşən və sahəsi 0,12 ha olan 1459 nömrəli bağ sahəsi ona məxsusdur. Kürdəxanı Bələdiyyəsi xx.xx.2006-cı il tarixli, 568 nömrəli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsini qanunsuz olaraq 3-cü şəxs X2 istifadəsinə vermişdir. Ona görə də həmin icarə müqaviləsi etibarsız sayılmalıdır.
20. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması və eləcə də iddianın əsaslılığına dair yetərli sübutların təqdim edilməməsi əsası ilə iddianı rədd etmişdir.
21. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Apellyasiya baxışı zamanı işə baxan məhkəmə tərəfindən mübahisəli bağ sahəsinə dair mövcud olan bütün sənədlərin surətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edildi və sorğuya əsasən alınan sənədlərdən məlum oldu ki, həqiqətən də Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarı və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 3 nömrəli orderə əsasən Ləhiş bağ sahəsində 103 nömrəli BTK nəzdində yerləşən və sahəsi 0,12 ha olan 1459 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə ayrılmışdır.
24. Apellyasiya baxışı zamanı həmçinin məhkəmə tikinti-texniki ekspertizası təyin olundu və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olundu ki, mübahisəli 1459 saylı bağ sahəsi Kürdəxanı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 568 saylı icarə müqaviləsinə əsasən Nəsiman Həsənova və qeyrilərinə verilmiş 1200 kvm torpaq sahəsi ilə üst-üstə düşür və həmin sahə dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Ləhiş bağ massivinə aiddir.
25. Məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olan sənədləri və ekspert rəyində göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Bu baxımdan, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi yanlışdır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə subyektiv hüquqa malik olsa da, tələbini mübahisələndirdiyi müqavilənin yalnız bir tərəfinə - Kürdəxanı bələdiyyəsinə qarşı yönəltməkdə səhvə yol vermişdir. İşdən göründüyü kimi, müqavilənin digər tərəfi olan Nəsiman Həsənov iş üzrə cavabdeh deyil, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində iştirak etməyə cəlb olunmuşdur.
27. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsli iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.).
28. Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehlərin düzgün müəyyən olunması, yəni müqavilə tərəfi kimi Nəsiman Həsənovun da cavabdeh kimi işə qoşulması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.
29. İddiaçı işə baxılması zamanı cavabdehin əsl cavabdehlə əvəz olunması, yəni Nəsiman Həsənovun da cavabdeh kimi cəlb olunması barədə vəsatət verməmişdir. Həmçinin, işə baxan birinci instansiya məhkəməsi əsl cavabdehləri işə cəlb etmədən, mübahisələndirilən icarə müqavilənin yalnız bir tərəfinə - Kürdəxanı bələdiyyəsinə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə qiymət verərək iddianı rədd etmişdir. Məhkəmə Nəsiman Həsənovu müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb etməklə kifayətlənmişdir. Halbuki, iddia tələbinin əsaslı olması müəyyən edildiyi təqdirdə 3-cü şəxsə qarşı iddianın təmin olunması mülki prosessual qanunvericliyin tələbləri baxımından qeyri-mümkündür.
30. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1).
31. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi, yaxud əlavə cavabdehlərin işə qoşulması birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.
32. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X8 və X6) xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.