Məhkəmə qərarları › İş №2(103)-10708/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10708/2021

24.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10708/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2066/2021 saylı, 13.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 260 manat məbləğində maddi zərərin, 1500 manat məbləğində mənəvi zərərin, o cümlədən 30 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar köçürməyə görə tutulan 0,40 manat haqqın, ümumilikdə 1790,4 manat məbləğin cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2066/2021 saylı, 13.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, “Azəriqaz” İstehsalat Birliyindən maddi zərərə görə 260 (iki yüz altmış) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində G-4 markalı 1002AQ**********3 zavod nömrəli qaz sayğacı əvəz edilmişdur.Göstərilən qaz sayğacının əvəz edilməsinə səbəb əvvəl quraşdırılmış qaz sayğacının mənfi rejimdə işləməsi, həmçinin qaz sayğacına müdaxilə olmuş və istifadə zamanı iddiaçı tərəfindən 165 manat dəyərində təbii qazdan istifadə etmişdir. Bu istifadəyə görə ödəniş aparılmamışdır. Abonent saldosuna nəzər yetirilərkən (AGİS) iddiaçıya qaz sayğacına müdaxilə etdiyinə görə 72 manat dəymiş ziyan hesablanmış, həmçinin GASREP proqramından çıxarışdan da göründüyünə görə istehlakçı tərəfindən mənzildə təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və 165 manat borc yaranmışdır. Burada, yəni 165 manat hissəsində dəymiş ziyan əsasında heç bir borc yaranmamış yalnız istifadə nəticəsində yaranmış borcdan söhbət gedir. 13.07.2021-ci il tarixli 2(011 )-2066/2021 saylı qətnamədə heç bir əsas gətirilmədən 260 manat pul məbləğinin silinməsi qərara alınmışdır. Bundan əlavə mənəvi ziyana görə cavabdehdən 200 manat pulun tutulmasına dair heç bir əsas yoxdur və qətnamədə mülki işin bu hissəsi araşdırılmamış, əsaslandırılmamış və tədqiq edilməmişdir.Əldə olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya qaz sayğacına müdaxilə edilməsi faktına görə 72 manat, qaz sayğacının mənfi rejimdə işləməsi nəticəsində dəyəri ödənilmədən istifadə edilən təbii qazın dəyər məbləği 165 manat, ümumilikdə 237 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq hesablanmış 165 manat borcu, sonra isə növbəti 72 manatlıq cəriməni də ödəmək məcburiyyətində qalmışdır. Belə ki, 2020-ci ilin iyun ayından Xətai rayon Məhkməsinə müraciət edənədək, cavabdehə dəfələrlə yazılı şikayətlər etməyinə baxmayaraq, həmin cərimənin nə əsasla tətbiq etmələrini sübut edə bilməsələr də, cərimə məbləğinin sayğac göstəricilərinə əlavə edildiyinə görə cəriməni ödəmədən də məişətdə qaz istifadəsi mümkün olmadığından bu məbləği də ödəmişdir.Nəticədə cavabdeh əvvəl 165 manat, növbəti dəfə ona 72 manat maddi zərər vurub. Cavabdeh adından hesablanmış cərimə və ya dəymiş zərər əvəzinin heç bir əsası yoxdur və qanunsuzdur.Buna baxmayaraq cavabdeh tərəfindən vicdansızcasın 165 manat və 72 manat ödəniş alınıb. Nəticədə də bu qanunsuz əməlləri nəticəsində cavabdehlər ümumilikdə 237 manat maddi zərər dəyib.İddiaçı tərəfindən pozuntuya yol verilməsə də, əsasız və qanunsuz cərimə edilmiş, cərimə olunmanın səbəbləri və günahı cavabdehlər tərəfindən sübuta yetirilməsə də, müvafiq məhkəmə iclaslarında iştiraka, vəsatət, ərizə, yazılı və elektron müraciətlər yazılmasına, qaynar xəttlərə zəng etməyə görə böyük vaxt itirmiş və müvafiq nəqliyyat, poçt, internet xidmətlərindən istifadə üçün maddi vəsait sərf etmişdir. Ümumilikdə sərf edilmiş bu xərclərə görə isə ən azı 20 AZN məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarına əsasən Bakı şəhərində şəhərdaxili sərnişindaşıma xidməti üçün 0,3 AZN tarif müəyyən edilmişdir. Müvafiq olaraq da, hər bir sənəd surəti əldə edilməyə, iclas və görüşə getməyə görə nəqliyyat xərcləri kimi ən azı 3 AZN məbləğində sərf edilmiş pul vəsaiti nəticəsində mənə maddi zərər dəymişdir. Beləliklə Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərər ümumilikdə 260 (165+72+20+3=260) manat məbləği təşkil edir.Həmçinin, cavabdehin hüquqa zidd əməlləri nəticəsində qanunsuz tərtib edilmiş, heç bir əsası olmayan aktlara, o cümlədən izahı verilməyən və sübuta yetirilməyən hala görə cərimə edilməsi, qanunsuz borc və ya cərimənin silinməsi tələbinə məhəl qoyulmaması, süründürməçiliyə məruz qalması nəticələrində hüquqları pozulması, o cümlədən lüzumsuz yerə şəxsi pul vəsaitindən istifadəyə gətirib çıxarması ilə bağlı mənfi psixi reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı keçirməyi ilə nəticələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2066/2021 saylı, 13.07.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB əməkdaşları tərəfindən dəyişdirilmişdir. Sayğac dəyişdirilən zaman sayğacın elektron göstəriciləri ilə sayğacın fiziki göstəriciləri arasında məlumatlarda fərq olduğunda görə iddiaçıya 165 manat borc hesablanmış, həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Daha sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22.05.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən 72 manat məbləğində borc hesablanmışdır.İddiaçı tərəf həmin məbləğ üzrə ödənişlər etmişdir. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 237 manat məbləğində pul vəsaiti “Azəriqaz” İB-dən tutularaq İddiaçı geri ödənilməlidir.Maddi zərər qalan hissədə sübut olunmur. Məhkəmə Kollegiyası iddianın “Azəriqaz” İB tərəfindən iddiaçıya vurulmuş 1500 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2066/2021 saylı, 13.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən maddi zərərə görə 237 (iki yüz otuz yeddi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar