Məhkəmə qərarları › İş №2(103)-10709/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10709/2021

03.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10709/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5753/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək ünvan 1 ünvanına dair tərtib edilmiş 25 mart 2021ci il tarixli R 206267 saylı aktın qanunsuz hesab edilməklə akt üzrə hesablanmış 146,3 manat və 637,67 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci il tarixdən ünvan 1 ünvanında fərdi yaşayış evi tikdirməklə yaşayır. Ona aid fərdi yaşayış evinə 2007-ci il tarixdən işıq sayğacı quraşdırılmış və o, sayğacın göstəricisinə uyğun olaraq işıq pulu ödənişlərini vaxtı vaxtında etmişdir. 29 yanvar 2021-ci il tarixdə heç bir xəbərdarlıq olmadan cavabdehin əməkdaşları gələrək fərdi yaşayış evinə qoyulmuş sayğaca dair ona bildirmədən heç bir hal şahidinin iştirakını təmin etmədən akt tərtib etmişlər. Bundan sonra ona 206267 nömrəli “yoxlama zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın ekranı oxunmur, elektrik sayğacı xətdən axan yükü hiss etmir, xətdən axan yük tərəflərindən ampermasa vasitəsi ilə ölçüldü və sayğac laboratoriyaya göndərilsin” məzmununda akt tərtib edilmişdir. O, "xxxx" ASC-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qayda da işıq sərfıyyatına görə ödənişləri eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyi bildirilmişdir. Bundan başqa işıq sayğacında hər hansısa qüsur aşkar edildiyi zaman onun və 2 hal şahidinin iştirakı ilə aktın tərtib edilməli olmasını da onlara bildirmişdir. Həmçinin, sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın evin içində olmamasını və küçədə hər bir müdaxilənin özləri tərəfındən edildiyini iradla onlara bildirmişdir. "xxxx" ASC tərəfindən 29 yanvar 2021-ci il tarixdə tətib edilmiş 206267 saylı akt əsasında qeyd olunan borcun ödənilməsi üçün elektrik enerjisindən istifadəsini qanunsuz olaraq dayandırmışlar. Belə ki, yeni sayğac quraşdırılmış, lakin sayğacın kartı verilmədiyindən elektrik enerjisindən istifadəsi məhdudlaşdırılmışdır. Onu da qeyd edir ki, əvvəlki qaydada işıq sərfiyyatı ilə sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmiş və bu barədə ona heç bir irad bildirilməmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş lakin sayğacın düzgün işləməməsi barədə ona hər hansı bir xəbərdarlıq və ya məlumat bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də "xxxx" ASC-nin əməkdaşları etmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Əgər müdaxilə olunmuş olsa belə bunu edə biləcək şəxslər "xxxx" ASCnin əməkdaşları ola bilər. O cümlədən o, abonent olaraq "xxxx" ASC-dən hər hansısa qanunsuz yolla enerji oğurlamamış, sayğacın möhür və plombuna müdaxilə etməmiş və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişdir. Sayğac Binəqədi rayon enerji idarəsi tərəfindən qoyulmuşdur və ona abonent olaraq onun tərəfindən əl dəyilməmişdir. Bu cərimənin yaranması səbəbləri şübhəlidir. O, mütəmadi olaraq istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Bunu təsdiq edən çoxsaylı ödəniş sənədləri mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5753/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 29.01.2021-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı “elektrik sayğacının ekranı oxunmur” qüsurunun aşkar olunması səbəbilə R № 206267 nömrəli akt tərtib edilmiş, sonradan "xxxx" ASC-nin Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə qərarla itirilmiş elektrik enerjinin əvəzi olaraq 783.96 manat məbləğində borc iddiaçının **********8A000 nömrəli abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 sentyabr 2007-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli, R 206267 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacının ekranı oxunmur, elektrik sayğacı xətdən axan yükü hiss etmir. Xəttdən axan yük tərəflərindən ampermasa vasitəsilə ölçülmüşdür. Akt "xxxx" ASC-nin əməkdaşları R.Quliyev, S.Novruzov və A.Həsənzadə tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 25 mart 2021-ci il tarixli satış və texniki sahələr üzrə tələblərinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********8A000 abunə kodlu elektrik sayğacında axan yükün hiss edilməməsi və ekranın oxunmaması müəyyən edilmişdir. İstehlakçıya itirilmiş enerji sərfiyyatına görə 783,96 manat cərimə hesablanması qərara alınmışdır. İş materiallarında olan abunə kodu **********8A000 olan abunə haqqında sənədin surətindən görünür ki, R 206267 nömrəli akta əsasən İddiaçı 146,3 manat və 637,67 manat olmaqla cəmi 783,97 manat məbləğində cərimə hesablanmışdır Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 29 yanvar 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********8A000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğaca müdaxilə edilməsi faktı aşkar edilmiş, bununla əlaqədar R 206267 nömrəli akt tərtib edilmiş və akta əsasən iddiaçıya 783,97 manat borc hesablanmışdır. Qeyd olunmuşdur ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Həmçinin, iş materialları ilə sayğacın iddiaçının evin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş R 206267 akt etibarlı deyildir və beləliklə də onun əsasında hesablanmış 783,97 manat məbləğində borc silinməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, iş üzrə gəlinmiş nəticə qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qərarın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qərarın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiya hesab edir ki, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsini cavabdeh sübut edə bilməmiş, əksinə, işdəki sənədlər sözügedən qanun pozuntusunun həqiqətən olmasını ciddi şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5753/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar