Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10717/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair 2(011)-1553/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən 12525309 saylı mexaniki qaz sayğacına dair hesablanmış 2455,90 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 aprel 2020-ci il tarixdə iddiaçının yaşadığı ünvan 1 ünvanına “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış zamanı akt tərtib olunaraq köhnə qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Bir müddət öncə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ilin sonu olduğu üçün yığılmış borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı qaz sayğacına dair hesablanmış borcun olubolmamasını elektron sistemdə yoxladıqdan sonra ona məxsus qaz sayğacına dair əsassız olaraq hesablanmış 2455,90 manat məbləğində borcun olduğunu öyrənmişdir. İddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 2455,90 (iki min dörd yüz əlli beş manat doxsan qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “Azəriqaz” İB-nin maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə “Azəriqaz” İB-nın hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(011)-1553/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Mübahisələndirilən borc məbləği istehlakçı (abonent) X2 məxsus olmuşdur. Mübahisələndirilən borc məbləğinin silinməsini xahiş edən X3 müvafiq mülki iş üzrə iddia tələb hüququ olmamışdır və məhkəməyə müraciət etmək hüququ rəsmi sənədlərlə də təsdiq edilməmişdir. İddia ərizəsinə X4 Yağubzadənin yaxın qohumluq əlaqəsini təsdiq edən hər-hansı sənəd və X4 Yağubzadənin adından məhkəmə iclasında iştirak etməyə əsas verəcək etibarnamə əlavə edilməmişdir. Bundan əlavə Yağubzadənin iddia ərizəsində imzası yoxdur. Faktiki borclu olan şəxs Gülmirə Yaqubzadə deyil Ağayusif Yağubzadədir. Belə ki, məhkəmə işi qeyri-obyektiv araşdırmış və **********10000 saylı abonent kodunun X1 adına qeydiyyata alındığını bildirmiş, lakin abonent saldosundan görünür ki, qeyd edilən kod X2 məxsusdur. Faktiki olaraq iddiaçı X3 ilə Birlik arasında öhdəliklərin yarandığını təsdiq edən hər hansı müqavilə yoxdur. Belə olan halda iddiaçı X1 borcun silinməsi kimi tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. İş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin borcun iddiaçıya deyil, digər şəxs X2 məxsus olduğu müəyyən edilmişdir. İddiaçı da həmin borcun silinməsini məhkəmədən xahiş etmiş, məhkəmədə yekun nəticədə iddia tələbini təmin etdiyini göstərmiş, lakin bununla belə məhkəmə həmin borcu tam silməklə iddia tələbini tam təmin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2455,90 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçılann mənafelərinin müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Göstərilən Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh şikayətin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası iddiaçının subyektiv hüququnun olmaması barədə cavabdehin dəlilini də əsaslı saymır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qaz sayğacının quraşdırıldığı mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. O, qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(011)-1553/2021 saylı mülki iş üzrə qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10717/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10717/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver