Məhkəmə qərarları › İş №2(103)-1072/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1072/2023

07.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1072/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı vəkili Vəkil, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-282/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313- NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması, ipotekanın predmetini təşkil edən və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" (Azərbaycan) ASC ilə onun arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313-NEDVİJ-1804 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən ipotekanın predmeti xususı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 18 saylı mənzil olmuşdur. O, ipoteka müqaviləsini imzalayan zaman ona məxsus olan sözügedən ipoteka müqaviləsinin predmeti olan əmlakının 100.000 qiymətləndirilməsini bilməmişdir. Bunu bilsə idi heç vaxt həmin müqaviləni imzalamazdı. Həmin mənzilin bazar qiyməti nə müqavilə imzalanan zaman, nə də ki, hazırda 100.000 manat olmamışdır. Mənzil ən pis halda 130.000 manatdan aşağı satıla bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2317-ci il tarixli, 2(001)-9501/2017 saylı qətnaməsində isə ipoteka predmetinin ilkin satış qiyməti kimi 80.000 manat göstərilmişdir. O, bununla qətiyyən razılaşa bilməz. Belə ki, qətnamə əsasında tutma ipoteka predmetinə yönəldildiyi halda, mənzili açıq hərracdan dəyər dəyməzinə satılacaqdır. Nəticədə o, həm evindən məhrum olacaq, həm də yenə də banka borclu qalacaqdır. Bu səbəbdən hesab edir ki, o, bank tərəfindən aldadılaraq ipoteka müqaviləsinə imza etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın əsas mahiyyəti ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinin ləğvi və qiymətləndirmənin yenidən həyata keçirilməsi olmuşdur. Məhkəmə isə artıq ipoteka müqaviləsinə qiymət verildiyini və işə baxılan zaman müqavilənin etibarlı olub-olmadığının yoxlanıldığını qeyd etmişdir. Məhkəmə iş üzrə icraata xitam verərkən iddia tələblərinin hamısını nəzərə almamış, yalnız iddia ərizəsinin ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbindən istiqamətlənərək bu nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3353/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5587/2022 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3353/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya icraatı qaydasında yenidən işə baxılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil şikayətin təmin edilməsini, cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X7 isə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5587/2022 saylı qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi və müəyyən olunmuş məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa icraata xitam verilir; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 420-ci maddəsinə əsasən kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416-cı, habelə 407.1.4-cü, 407.2-ci və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi 2 hissədən, yəni tərəflər arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipotekanın predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,93 kv metr olan, 3 otaqlı, 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsinə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verərək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsinə qiymət verilməmiş, bu hissə üzrə qərar qəbul olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Aydin oğlunun şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar