Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1073/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilədən imtina, dəymiş zərərin ödənilməsi və əmlak» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(002)-655/2021 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilədən imtina, dəymiş zərərin ödənilməsi və əmlak» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30000 manat icarə haqqının, dəymiş ziyana görə 20000 manatın tutulması, Cavabdeh1 generatorun alınması və ona qaytarılması, qaytarılması mümkün olmadığı təqdirdə dəyərinin hazırki bazar qiymətinə uyğun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında bağlanmış 05.10.2019-cu il tarixli, 0119 saylı müqaviləyə əsasən, 22 kv olan 4500 manat dəyərində generatoru cavabdehə aylıq icarəyə vermişdir. İcarə müqaviləsinin 4-cu maddəsinə əsasən, aylıq icarə haqqı 1000 manat təşkil etməklə hər ayın 5-dən gec olmayaraq ödənilməli, ödənilmədiyi təqdirdə gecikdirildiyi gün üçün 1,5% əlavə faiz ödənilməli idi. Bundan əlavə, müqavilənin 4.6-cı bəndində göstərilmişdir ki, icarə haqqı vaxtında ödənilməzsə hər gecikdirilmiş ay üçün aylıq icarə haqqı 2000 manat təşkil edəcəkdir. Cavabdeh birinci ay üçün icarə haqqından 500 manat ödəmiş, qalan hissəsini ödəməmiş, dəfələrlə tələb etdikdə isə məlum olmuşdur ki, generatoru 3600 manata digər Cavabdeh1 satmışdır. Tərəfindən bu barədə hüquq mühafizə orqanlarına müraciət edilmiş, Qaradağ RPİ-nin 10-cu PB-nin 25.01.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra, dəfələrlə cavabdehlərdən əmlakını və ona veriləsi pulu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə bundan yayınmışlar. Göstərilənlərə əsasən, hesab edir ki, aralarında bağlanan müqaviləyə xitam verilməli, ona məxsus generatorun ona qaytarılması və 15 ay ödənilməmiş aylıq kirayə haqlarının müqavilənin 4.6-cı bəndinə əsasən cavabdehlərdən tutulması təmin edilməli, eyni zamanda cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyana görə 20000 manat tutulmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(002)- 655/2021 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) Cavabdeh1 22 kv generatorun (o olmadıqda isə dəyərinin) alınaraq iddiaçıya qaytarılması, digər Cavabdeh2 Nazim oğlundan isə iddiaçının xeyrinə 15000 manat icarə haqqının tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı, apellyasiya şikayətini – iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edilən halların araşdırlmadığını göstərmişdir. Cavabdeh isə apellyasiya şikayətini – mübahisəli generatoru 2019-cu ilin dekabr ayında Cavabdeh2 satın alması, vicdanlı əldə edən olması, lakin məhkəmə tərəfindən Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinin nəzərə alınmaması, digər cavabdehlə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin uydurma əqd olması, formal bağlanması və s. kimi əsaslandırmışdır İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından cavabdehin şikayətinin təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada məlumat verilsə də, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi hər iki cavabdehə münasibətdə qismən təmin olunmuş, Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz iddiaçının və digər cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti isə təmin olunaraq, qətnamə Cavabdeh1 aid hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, işdə olan sübutlara görə, iddiaçı ilə Cavabdeh2 arasında dəyəri 4500 manat olan 22 kv olan generator aylıq icarə haqqı 1000 manat olmaqla sonuncuya icarəyə verilməsi barədə 05.10.2019-cu il tarixli, 0119 saylı icarə müqaviləsi bağlanmış və həmin tarixli təhvil-təslim aktından görünür ki, sözügedən generator icarəçiyə tam saz vəziyyətdə təhvil vermiş və icarəçi onu qəbul etmişdir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 1000 manat təşkil edir. İddia tələbinə əsasən icarəçi tərəfindən müqavilə üzrə yalnız ilk ay 500 manat məbləğində ödəniş edilmiş, hazırkı iddianın qaldırılmasına kimi keçən 15 ay müddətində isə heç bir ödəniş edilməmiş və 2019-cu ilin dekabr ayında generator 3600 manata üçüncü bir şəxsə (iş üzrə digər Cavabdeh1) satılmışdır. Bundan sonra, icarəyə verən (iş üzrə iddiaçı) 09.01.2020-ci il tarixdə bu barədə şikayət ərizəsi ilə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin 25.01.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, o, generatoru 05.10.2019-cu il tarixdə Nurlan adlı şəxsdən icarəyə götürərək, həmin generatoru Neftçala rayonu 1 Mayaq kəndinə aparmış, generatoru 2019-cu ilin dekabr ayına kimi aylıq 500 manatdan icarəyə işlətmiş, 2019-cu ilin dekabr ayında isə həmin generatoru Cavabdeh2 3600 manata almışdır. Tədqiqat zamanı izahatı alınmış Cavabdeh2 isə bildirmişdir ki, generator satışı ilə məşğuldur, İddiaçı 2019-cu ilin iyul ayından oktyabr ayına kimi ümümilikdə 3000 manat borcu yaranmışdır. 2019-cu ilin noyabr ayında o, Fəxriyə 2500 ABŞ dolları pul vermişdir ki, Şəmkir rayonu Dəllər kəndinə 77 kv olan generator göndərsin. Fəxri isə generatoru göndərəcəyinə söz versə də, göndərməmiş, sonradan ona məlum olmuşdur ki, 2500 ABŞ dolları borcundan çıxmışdır. Fəxridən pulu tələb etsə də, o, bundan imtina etmişdir. Beləliklə, Fəxridən pulunu geri ala bilmədiyi üçün Hikmətə icarəyə verdiyi generatoru 3600 manata satmışdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin “generatorun (mümkün olmadıqda isə dəyərinin) Cavabdeh1 alınaraq, iddiaçıya qaytarılması” barədə gəldiyi qənaətlə razılaşmır. Belə ki, MM-in 166.1 və 166.2-ci maddələrinə görə, daşınar əşyaya kim sahiblik edirsə, ehtimal olunur ki, həmin şəxs o əşyanın mülkiyyətçisidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-in 182.2-ci maddəsinə əsasən, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Göründüyü kimi, qanunverici daşınar əşyalar barəsində vicdanlılığın qorunmadığı halları konkret müyyənləşdirmişdir: əşya mülkiyyətçinin vasitəsiz sahibliyindən iradəsi xaricində çıxmışsa və üçüncü şəxs əşyanı əvəzsiz əldə etmişsə. Həmçinin qeyd edilməlidir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Baxılan işin hallarından mübahisəsiz qaydada görünür ki, geri qaytarılması tələb olunan generator iddiaçının mülkiyyətindən iradəsi daxilində Cavabdeh2 ilə arasında bağlanmış icarə müqaviləsi əsasında çıxmış və sonuncu tərəfindən bir neçə ay sonra əvəzi ödənilməklə 3600 manata digər Cavabdeh1 satılmışdır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Cavabdeh1 vicdanlı əldə edən olmaqla, vicdanlılığı qanunla qorunur. Ona görə də, iddiaçı hazırkı halda əşyanın mülkiyyətçisi kimi vicdanlı əldə edəndən onun geri qayatrılmasını tələb edə bilməz. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehin vicdanlı əldə edən olmasını istisna edən halların mövcudluğunu əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası, cavabdehin verdiyi apellyasiya şikayətinin qeyd edilən hissədə dəlili ilə razılaşır, lakin cavabdehin əqdin (icarə müqaviləsinin) etibarsız olması ilə bağlı dəlilləri əsassız olmaqla, əsaslandırılmamışdır. Cavabdeh ümumiyyətlə həmin əqdin tərəfi olmamaqla yanaşı, onun apellyasiya şikayətində göstərilən əsaslarla mübahisələndirməkdə subyektiv hüquqlara da malik deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının müvafiq təqsirkar şəxsdən generatorun dəyəri həcmində düşdüyü zərərin əvəzini tələb etmək hüququ saxlanılır (iddia ərizəsindən görünür ki, iddiaçı əşyanın qaytarılması, mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbini yalnız vicdanlı əldən üçüncü şəxsə qarşı irəli sürmüşdür). MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamış, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı iddia tələbinin hüquqi əsası kimi icarə müqaviləsindən irəli gələn haqq və öhdəliklər çıxış etdiyini nəzərə alaraq, Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə (qarşılıqlı haqq və öhdəlik) əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Göründüyü kimi, müqavilə yalnız onu bağlamış tərəflər üçün qarşılıqlı haqq və öhdəliklə yaratmaqla, üçüncü şəxslər üçün hər hansı öhdəlik nəzərdə tuta bilməz. Başqa, sözlə, tərəflər aralarında bağladıları müqavilədən çıxış edərək, yalnız bir-birinə qarşı tələb hüququna malikdirlər. Belə olan hada, iddiaçı, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, ödənilməmiş icarə haqqını yalnız həmin müqavilənin tərəfi olan Cavabdeh2 tələb etməkdə subektiv hüquqa malikdir. MM-in 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi Cavabdeh2 Nazim oğlundan iddiaçının xeyrinə 15000 manat icarə haqqının tutulmasını qət etmiş, lakin iddiaçı aralarında bağlanmış 05.10.2019cu il tarixli müqavilənin 4.6-cı bəndindən çıxış edərək, ödənilməyən icarə haqlarının məbləğinin iki qat hesablanmasını tələb edir. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılşamır, əvvəla ona görə ki, sözügedən bənd qeyri-müəyyən olmaqla, müqavilə üzrə aylıq icarə haqlarının bir aydan çox gecikdirildiyi halda icarə haqqının konkret hansı məbləğlə hesablanacağı ilə bağlı tərəflərin iradə ifadələrini birbaşa müəyyən etməyə imkan vermir. Belə ki, hazırkı halda həm müqavilənin ümumi məzmunundan, həm də tərəflər arasında müqaviləyə qədərki və sonrakı münasibətlərin xarakterindən “2000 manat civarında” ifadəsi ilə hansı məbləğin nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmadığından, bu şərtin hər hansı tərəfin leyhinə və ya əleyhinə təfsir edilməsi də qeyri-mümkündür. Belə olan halda, məhkəmə kollegiyası aylıq icarə haqqının tərəflər arasında məhz 1000 manat həddində müəyyən olunmasını qəbul edir. MM-in 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-in 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Bununla yanaşı, icarə müqaviləsində generatorun ümumi qiyməti 4500 manat müəyyən olunduğu halda, icarə haqqı kimi 30000 manat pulun tələb olunması ağlabatan və obyektiv hesab edilə bilməz. Kollegiya, iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Birinci instansiya məhkəməsi, iddiaçının 20.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbini rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı bu tələbini əsaslandırmamış, məhkəməyə cavabdehlərin qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara məruz qalmasına dair heç bir sübut təqdim edilməmişdir. Kollegiya, mənəvi zərər tələbinin kifayət qədər əsaslandırılmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, həmin hissədə iddiaçının şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “generatorun (mümkün olmadıqda isə dəyərinin) Cavabdeh1 alınaraq, iddiaçıya qaytarılması” hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin olunmamalı, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilədən imtina, dəymiş zərərin ödənilməsi və əmlak» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(002)-655/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(002)-655/2021 saylı qətnaməsi “Cavabdeh1 22 kv generatorun (o olmadıqda isə dəyərinin) alınaraq İddiaçı geri qaytarılması” hissəsində ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1073/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1073/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver