Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10730/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(011)-1989/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə (abonent kodu: **********00560) cərimə kimi yazılmış 604,8 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi ona məxsusdur. “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama aparılarkən akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, o, sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə etmişdir. Halbuki belə hal olmamışdır. Həmçinin akt tərtib edilərkən o həmin evdə olmamışdır. Cavabdehin nümayəndələrinin qeyd etdikləri xətt onun əvvəlki sayğacının xətti olmuş və həmin xətdən qanuni olaraq sayğac vasitəsilə istifadə edilmişdir. Sonradan sayğacın yeri dəyişilərkən həmin xətt bağlanaraq orada qalmışdır. Buna görə ona 604,8 manat cərimə yazılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(011)- 1989/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə edildiyi üçün barəsində akt tərtib olunmuş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq borcun silinməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(011)-1989/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilin sonu üçün borcu 604,8 manat təşkil edir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sayğac laboratoriyaya göndərilmiş, aktda “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar olundu” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli 10/1671 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulmanın, eləcə də qoşulmaya xarakterik əlamətlərin (qaynaq və.s) olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, “aktın doğruluğunu imzamızla təsdiq edirik” bölməsində cavabdehin əməkdaşlarının imzası olsa da, iddiaçının adının qarşısında “imtina” qeydi yazılmaqla akt onun tərəfindən imzalanmamışdır. Halbuki təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı ilə tərtib edilməlidir. Bundan əlavə, iddiaçının barəsində “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 28 fevral 2019-cu il tarixdə akt tərtib olunsa da, ötən müddət ərzində bu barədə nə məhkəməyə, nə də hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Məhkəmə araşdırması zamanı da iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi təsdiq olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətinin formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(011)- 1989/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu “Azəriqaz” İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10730/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10730/2021
07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver